​HABİL VƏLİYEV ONLARI SATMADI, AMMA ONLAR...

Baxış sayı:
4368

“Reketçilik”də ittiham olunan baş redaktor məmurların intim görüntüləri ilə bağlı istintaqa açıqlama verib? Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən və “reketçilik”də ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Qeyd edək ki, “Hürriyyət”in əməkdaşı ilk gündən etibarən baş redaktorun məhkəmə prosesini izləməkdədir. Artıq mətbuatdan da bəlli olduğu kimi, H.Vəliyevin yaxınları prosesdə zərərçəkən qismində dindirilən bütün şəxslərlə söhbət aparıb və onlara vurulan zərər ödənildiyindən, böyük əksəriyyəti öz iddiasını geri götürüb. İstintaq materiallarından məlum olub ki, Habil Vəliyev məmurları, paytaxtda otel və motel işlədən sahibkarları, hətta yüngül əxlaqlı qadınları belə şantaj edərək onlardan müntəzəm olaraq külli miqdarda pul alıb. Bu baxımdan, baş redaktora bir neçə maddə üzrə cinayət işi qaldırılıb ki, bunlardan da ən ağırı 182-ci maddə (hədə-qorxu ilə tələb etmə) hesab olunur. Nəzərə alsaq ki, məhkəmə prosesində məmurlarla bağlı konkret faktlar açıqlanmayıb, o zaman ortalığa belə bir sual çıxır: Habil Vəliyev həbs olunan zaman vəzifəli şəxslər haqqında əlində olduğu bildirilən videoları istintaq ələ keçirə bilib? Əslində, baş redaktorun yaxınlarının zərərçəkənlərlə belə bir iş aparmasından və məhkəmədəki davranışlarından aydın olur ki, istintaq həmin görüntüləri ələ keçirib. Bu baxımdan, istisna deyil ki, həmin məmurlardan bəziləri zərərçəkənlərin mövqeyinin yumşalmasında dolayısı ilə hansısa rol oynayıblar... Daha bir maraqlı fakt isə odur ki, vaxtilə Habil Vəliyevlə yaxın münasibətdə olan bəzi məmurlar indi ona dəstəkdən imtina edirlər. Halbuki, baş redaktor onların heç biri barəsində istintaqa açıqlama verməyib. Məsələn, məhkəmə prosesində qohumları ilə söhbətdən aydın olur ki, həbsindən öncə H.Vəliyevlə çox yaxın münasibətdə olan Daşkəsənin icra başçısı Əhəd Abıyev, deputat İmamverdi İsmayılov, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev sonradan ona yaxın durmayıb və heç bir köməklik etməyiblər. Habil Vəliyevin məhkəməsi cəmiyyətdə hazırda mövcud olan bəzi suallara da aydınlıq gətirəcək. Bu məhkəmənin nəticəsi ən azı onu göstərəcək ki, Azərbaycanda “reket jurnalistlərlə” mübarizə həqiqətən gedir, yoxsa yox!/Hurriyyet.org