GÜZGÜLƏR İÇİMİN ÇÖL TƏRƏFİDİ... - Xəyalə Sevilin ŞEİRLƏRİ

Baxış sayı:
2011

ÖMÜR İNTİHAR YERİDİ
 
İndi bir əl gözləyirəm,
Bəlkə əllərim boy ata.
Yeri qoydum ayağımın altına,
Sənə çatım, göy ata.
İçimdə yüz yaşlı qarı,
Üzümün uşaq vaxtıdı.
Hələ... Hələ arzuların
Sağ vaxtıdı...
Ömür ki var
Ömür intihar yeridi.
Bir ac dolanmağa
Hava saxlayıb mənə.
Torpaq da anam kimidi.
Sağ olsun,
Bir qucaqlıq
Yuva saxlayıb mənə.
 
GÜZGÜLƏR İÇİMİN ÇÖL TƏRƏFİDİ...
 
Ayrılıq deyirəm...
Ayrılıq
Bədənimin sol tərəfidi.
Gözlərim deyirəm...
Gözlərim
Gedənlərin yol tərəfidi.
Güzgülər içimin çöl tərəfidi,
Güzgülərdə sevmə məni.
Ürək görünmür orda!
Yox! Qayıtma deyirəm,
Əvvəl ayağa dur ürəyimdə.
Ayağa dur ki, sənin
Çiyninə başımı əyim.
Güvənməkdən başlayır sevməyim...
 
YENƏ DARIXDIM
 

Uzaqdan...
Uzaqdan baxıb keçənlər,
Bir addım yaxına kim gələ bilər?
Lap uşaq olanda dediyim kimi:
"Gözümü yumuram, axtarın məni"
Harda gizlənmişəm, kim bilə bilər?
 
Ucadan...
Ən qalın səslə susuram.
İçimdə bir yığın
Kəslə susuram.
Dilimə,dişimə dəyən sözləri
Demirəm,
Lap elə qəsdlə susuram.
 
Diksindim içimdə ayaq səsindən,
Çıxardım könlümü hədəqəsindən.
Nəyimə lazımdı pay umdum, axı
Onun ürəyinin sədəqəsindən?
 
Yığdım,
Ağlımı da başıma yığdım.
Yıxdım,
Ürəyimi qarşıma yıxdım.
Nə ki, var danladım sevməsin deyə.
Sonra...
Sonra nə olsun ki?
Yenə darıxdım.
 
 
ŞƏKLİN-PAYIZ YARPAQLARI…
 
O başında
Sən durmusan həsrətin,
Bu başında mən durmuşam,
Çəkirəm özümə sarı.
Mənim çərçivə gözümdə
Şəklin - payız yarpaqları.
Sən hər gün günəş doğuşu,
Mən hər gün axşam oluram.
Əllərimi dizlərimə söykəyib,
Əlimə oxşam oluram.
Sən hər gün bir az da uzaq,
Mən hər gün bir az da yadam.
Bu nə yuxuydu belə?
Yatıb qalmışam səndə,
Qıymıram da oyadam.
İkimiz olan dünyada,
İkimiz də bir olmadıq.
Mən - hamıya bağlı qapı,
Sənə açıldımsa, belə
Sirr olmadıq.
Yox! Belə qayıtma,
Belə qayıtma.
Mənim sevgimin də
Bir dəyəri var.
İndi
Olan - qalan ümidlərimin
Boğazında ip yeri var.
 
Xəyalə SEVİL