Gürcüstanın siyasi sığınacaq vermədiyi Aftandil Məmmədovun dosyesi

Baxış sayı:
7945

Hüquqşünas: “Ekstradisiya ilə bağlı konkret vaxt demək mümkün deyil”

Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycan tərəfindən İnterpolun “qırmızı xətti” vasitəsilə axtarışa verilmiş hüquq müdafiəçisi Aftandil Məmmədovun saxlanılması barədə məlumat verib.

Bu barədə Gürcüstan DİN-in məlumatında bildirilir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə görə, Aftandil Məmmədov dəfələrlə dələduzluq etməkdə ittiham olunur və bu maddə ilə ”qırmızı xətlə" axtarışa verilib".

DİN-də qeyd ediblər ki, Məmmədov hələlik Gürcüstandadır, lakin ekstradisiya proseduru keçildikdən sonra Azərbaycana göndərilə bilər.

Aftandil Məmmədovun saxlanılması barədə məlumatı ilk olaraq Marneuli şəhərinin yerli “Marneuli” radiosu saxlanılanın qohumlarına istinadən verib. Qeyd olunur ki, Məmmədov siyasi sığınacaq sorğusuna cavab gözlədiyi üçün Gürcüstanda olub. Bu məsələ üzrə məhkəmənin növbəti iclası iyunun 21-də keçiriləcək.

Картинки по запросу Aftandil Məmmədov

Bəs Aftandil Məmmədov kimdir?

A.Məmmədov 2017-ci ildən Gürcüstanda yaşayır. O, Gürcüstan hökumətindən sığınacaq istəyib.  2008-ci ildən Azərbaycanda QHT-lərdə çalışıb. O, bir müddət İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin Şimal bölgəsi üzrə nümayəndəsi, daha sonra sədr müavini olub. A.Məmmədov  2011-ci ildən Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz rayonları üzrə təmsilçisi olub.

O, 2015-ci il parlament seçkiləri zamanı bitərəf vətəndaşların seçkilərini müşahidə məqsədilə “Şimal müstəqil seçki müşahidə qrupu” təsis edib. 2017-ci ildən isə ölkədə təzyiqlərə məruz qaldığını bəyan edərək, Gürcüstana üz tutub.

2018-ci ilin oktyabrında Gürcüstanda “Hüquq və Azadlıqların Müdafiə İnstitutu” (HAMİ) adlı hüquq-müdafiə təşkilatı yaradıb. Təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb, Tiflis şəhərində fəaliyyət göstərir.

Картинки по запросу Əsabəli Mustafayev

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, A. Məmmədovun ölkəyə ekstradisiyası uzana da bilər: “Onu hələ ki 72 saatlıq həbs ediblər. Ekstradisiya ilə bağlı konkret vaxt demək mümkün deyil. Çünki Azərbaycan tərəfi cinayət işi ilə bağlı materialları Gürcüstanın müvafiq orqanlarına  təqdim edir. Onlar isə araşdırma aparırlar. Cinayət işinin nə qədər əsaslı olması müəyyənləşdirilir. Yəni ilk növbədə müəyyən edilir ki, doğrudan da adamla bağlı açılmış cinayət işi siyasi deyil. Burada konkret kriminal motiv var. Bununla bağlı qənaətə gəldikdən sonra məhkəmə qərarını çıxaracaq. Lakin bu proses də uzana bilər. Yaxın keçmişdən buna misal da çəkə bilərik. Belə ki, hələ də Moskvada jurnalist Fuad Abbasovun Azərbaycana göndərilməsi prosesi uzanır. Sadə cinayət işidirsə, Gürcüstanda buna tez bir zamanda baxmaq da olar. Ehtimal ki, bu gün və ya sabah işə baxılıb, qərar qəbul ediləcək. Hansı qərarın verilməsini isə zaman göstərəcək”./musavat.com