​Gürcüstanın sabiq müdafiə naziri İsraildə yaxalandı

Gürcüstanın hazırkı müdafiə naziri Tinatin Xidaşeli Azərbaycanda rəsmi səfərdə olarkən, keçmiş müdafiə naziri David Kezeraşvili ilə bağlı İsraildə korrupsiya qalmaqalı baş verməkdədir.
Haqqin.az-ın Tiflisdəki xüsusi müxbiri Fridon Doçiya bildirir ki, Mixail Saakaşvilinin dövründə müdafiə orqanının rəhbəri vəzifəsində çalışmış David Kezeraşvili barəsində indiyə qədər Gürcüstanda cinayət işi açılmışdı, sonra onu Parisdə həbs etmişdilər, bu yaxınlarda isə onun işinə Londonda baxılmışdı. Bununla belə, o hər dəfə həbsdən qurtula bilir, yaxud Gürcüstan hüquq-mühafizə orqanlarına verilmirdi.
Baxmayaraq ki, David Kezeraşvili vətənində bir sıra cinayət işləri üzrə, xüsusən də büdcədən mənimsəmə, xidməti vəzifəsindən sui-isifadə, qəsbkarlıq, qanunsuz gəlirlərin qanuniləşdirilməsində və s. ittiham edilir.
Fransa məhkəməsi onun ekstradisiya olunmasını, Gürcüstanın təqdim etdiyi materialları “kifayət qədər inandırıcı” hesab etməyərək, rədd etmişdi. Bundan başqa, məhkəmə onun sərbəst hərəkət etmək hüququ ilə həbsdən azad edilməsi barədə qərar çıxarmışdı.
Londonda isə hesab etdilər ki, keçmiş nazir öz vətənində siyasi səbəblərdən təqib edilir.
Və budur, D.Kezeraşvili İsraildə məskunlaşmağa fürsət tapmamış bu ölkənin nüfuzlu gömrük nəşri "Xaares” hərbi müqavilələrin araşdırılması və qondarma istintaqların başladılması işində gürcü sabiq müdafiə naziri D.Kezeraşvilinin adının keçdiyi barədə məlumat yaydı.
"Xaares” məlumat verir ki, burada söhbət birlikdə yaratdıqları “Müdafiə qalxanı” adlı müdafiə təhlükəsizlik özəl şirkətinin iki digər nümayəndəsi ilə israilli general Qal Xirşenin D. Kezeraşvilinin nazir olduğu dönəmdə ona rüşvət verməsində təqsirləndirildiyindən gedir.
Xatırladılır ki, o, həmçinin ağır şərtlərdə fırıldaqçılıq, çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunur. İsveçrənin “Tribune de Geneve” qəzeti isə soruşurdu: “Axtarışda olan Kezeraşvilinin birotaqlı mənzilin sahibi olaraq nazir keçməsinə və vəzifəsini milyonçu kimi tərk etməsinə təəccüblənməyə dəyərdimi?".
Gürcüstan ekspertlərinin qiymətləndirməsinə görə, David Kezeraşvilinin dövründə Müdafiə Nazirliyində 1,5 milard lari (680 milyon dollar) yoxa çıxıb və tapılmayıb.
Ekspertlər sabiq nazirin uğurlu karyerasına da diqqət yetirirlər. O karyera ki, Baş penitensiar islahatlar idarəsinin baş inspektoru vəzifəsindən başlanmış və cəmi beş il sonra ölkənin müdafiə qurumunun rəhbəri vəzifəsinə ucalmışdı. Onun müvəffəqiyyət sirri kifayət qədər sadədir. Belə ki, Kezeraşvili bir vaxtlar M.Saakaşvilinin köməkçisi işləmişdi. Paradoks da ondadır ki, bu fakt gürcü hüquqşünasları tərəfindən keçmiş nazirin cinayət məsuliyyətinin birinci səbəbi hesab olunur, avropalılar – onun təqibini siyasi motivli kimi qiymətləndirirlər.
İndi hər kəs dünyada ən ədalətli məhkəmə hesab olunan İsrail məhkəməsinin nə deyəcəyini gözləyir.