Gürcüstanın demokratik dəyərləri şübhə altına qoyulur - CƏMİL HƏSƏNLİ YAZIR

Deməyə sözüm var...

Cəmil Həsənli, Milli Şuranın sədri
 
Professor Fərman Ceyranlı ilə şəxsi tanışlığımız yoxdur. İş elə gətirib ki, nə Bakıda, nə də Tbilisidə onunla görüşməmişik.
 
Əslində, Fərman bəy Tbilisiyə köçəndən bəri mənim o tərəflərə yolum düşməyib. Amma bir alim, bir həkim, bir insan kimi həmişə haqqında yaxşı sözlər eşitmişəm. Onun haqqında bu yaxşı sözləri yalnız azərbaycanlılar deyil, dünyanın müxtəlif ölkələrində görüşdüyüm köhnə tanışlarım olan gürcülər də dilə gətirirdilər. Hər dəfə bu sözləri eşitdikcə ona olan hörmətim daha da artırdı. Bizim ölkənin tibb xidməti əhalinin etimadını itirdikdən sonra müalicəyə ehtiyacı olan vətəndaşlarımız qonşu İranla yanaşı Gürcüstana da üz tuturdular. Bu daha çox məşhur həkim Fərman Ceyranlıya olan inam və etimadla bağlı idi.
Artıq bir neçə aydır çoxlarına şəfa vermiş, çoxlarının həyatın xilas etmiş professor Fərman Ceyranlı həbsdədir. Səhv etmirəmsə dünən məhkəməsi başlandı. Həbsindən bir il əvvəl ona aid olmayan bir məsələyə görə saxlanılıb. Əsas səbəb kimi vaxtilə "Lanset" xəstəxanasında İranlı bir həkimin orqan köçürdüyü xəstənin vəfat etməsi göstərilir. Professor Fərman Ceyranlı "Lanset"in direktoru deyil, təsisçisidir, həbsə səbəb kimi göstərilən orqan köçürmə əməliyyatın o, etməyib. Əməliyyatı həyata keçirən həkimin linsenziyasının olub-olmamasını müəyyən etmək də onun borcu deyil.
Bəs nədən tanınmış həkim nahaq şərin, qanunsuzluğun, özbaşnalığın qurbanı olub? Məsələ burasındadır ki, professor Ceyranlıya Azərbaycan hüquq mühafizə orqanlarının gürcü həmkarları ilə birgə hazırladığı detektiv xarakteri daşıyan ssenaridə baş rollardan biri verilmişdi. Tamaşanın anonsu həbsdən 22 gün əvvəl DTX-ın əsas informasiya ruporu olan bir saytda açıqlanmışdı. Söhbət xaricdən maliyyə yardımı almaqla Azərbaycanda konstitusiya quruluşunun zor gücünə devrilməsinə cəhddən getməli idi. Axı, bizim ölkənin hüquq mühafizə orqanlarının fantaziyası hüdudsuzdur. Onlar öncədən "cinayət seriyalının" ssenarisini hazırlayır. İstintaqın vəzifəsi isə qabaqcadan hazırlanmış ssenarini "sübuta" yetirməkdən ibarətdir. Bu baxımdan "Nardaran işi" və Gülənçi ovu maraqlı tamaşalar idi. İndi onlara "Gürcü familiyası" da əlavə edildi.
Tamaşa dramatik bir hadisə ilə - tamamilə saxta ittiham əsasında professor Fərman Ceyranlının həbs ilə başladı. AXCP sədrinin müavini Gözəl Bayramlının çantasına, Tbilisi küçələrindən oğurlanan araşdırmaçı jurnalist Əfqan Muxtarlının cibinə "səxavətlə" qoyulan xarici valyutanın xarici mənbəyi tamaşada müəmmalı qalmamalı idi. Obıvatelə ad lazım idi. Qərbin adı mücərrəd formada səslənsə də və Qafqazın ən böyük klinikasının sahibi kimi Fərman Ceyranlı bu rola çox uyğun gəlirdi. Tamaşa Tbilisidə Fərman Ceyranlının həbsi ilə başlayıb Bakıda AXCP-nin sədri Əli Kərimlinin həbsi ilə tamamlanmalı idi.
Amma tamaşa ssenaridən kənara çıxdı. Başına çuval keçirib, cibinə pul qoyulub oğurlanan jurnalistin səhnə taleyi uğurlu alınmadı və hər şey pozuldu. Bu oğurluq məsələsində Azərbaycan hakimiyyəti ilə bağlı təəccüblü bir şey yoxdur. Zatən mal, pul, sərvət, səs, büdcə oğurluğunun bir gün adam oğurluğuna da gəlib çıxacağı şəksiz idi. Amma dəryalarca qan verib azadlığına qovuşmuş Gürcüstanın bu gün iqtidarda olan hökumətinin bu ssenaridə yer alması, insan oğurluğunda iştirak etməsi, kriminal Əliyev rejiminin sifarişi ilə namuslu bir həkimi, böyük bir alimi saxta ittihamla həbs etməsi bizim nümunə kimi göstərdiyimiz qonşu ölkənin demokratik nailiyyətlərini şübhə altına aldı, onun hələ dəyərə çevrilmədiyin ortaya qoydu. Professor Fərman Ceyranlı məlum bir ssenarinin nəticəsi olaraq Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs edilib. Elə bu səbəbdən o, siyasi məhbusdur. Lakin Əliyev rejiminin siyasi məhbus düşərgəsini qonşu Gürcüstana transfer etməsi təhlükəli sindromdur. Əgər bu sindrom xəstəliyə çevrilsə, onu müalicə etməyə heç "Lanset"in də gücü çatmaz.