Gürcüstanın Baş naziri: “Hakimiyyət müxalifətlə danışıqlara hazırdır” - ÖLKƏDƏ HAKIMIYYƏTI ZORLA DEVIRMƏK PLANI OLUB?

Baxış sayı:
1072

Gürcüstan hakimiyyəti parlament seçkilərinin nəticələrini tanımayan müxalifətlə danışıqlara hazırdır.

“Report” xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgi Qaxariya “İmedi” telekanalına müsahibəsində deyib.

O, hakimiyyətin danışıqlara hər zaman açıq olduğunu bildirib: “Gürcüstan seçiciləri doqquz partiyaya mandat verib. Onlar hakim partiyanın qarşısında da vəzifə qoyublar: ölkəni böhrandan çıxarmaq üçün danışıqlara başlamaq. Hakim qüvvənin məsuliyyəti ondan ibarətdir ki, müxalifətlə birgə ölkənin qayğısına qalsın və ölkəni böhrandan çıxarsın”.

Hökumət başçısı seçkilərdə nöqsanların olduğunu qeyd edib: “Onlar lazımı qaydada araşdırılmalı və müvafiq hüquqi qiymətlər verilməlidir”.

Qeyd edək ki, oktyabrın 31-də qonşu ölkədə keçirilən parlament seçkilərində deputat mandatları qazanan 8 müxalifət partiyası qanunverici orqanda təmsilçilikdən imtina edib. Müxalifət liderləri və tərəfdarları səsvermənin nəticələrinə etiraz olaraq aksiyalar keçirirlər.

Virtualaz.org bildirir ki, bu arada Gürcüstan DTX-sı ölkədə hakimiyyəti devirmək faktı üzrə istintaq aparır.

DTX-dan verilən məlumata görə, bir sıra şəxslər parlament seçkilərində arzuolunmayan nəticələr əldə ediləcəyi təqdirdə hakimiyyəti zorla devirməyi planlaşdırıblar və bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, hərbi qulluqçulardan ibarət mobil qruplar formalaşdırıblar.

DTX oktyabrın 1-dən başlanılan istintaq çərçivəsində sübutların əldə edilməsi və təqsirkarların müəyyən olunması üçün intensiv araşdırma işlərini davam etdirir.