Gürcüstanı qazla təmin edən Azərbaycanda əhali mavi yanacağa niyə möhtacdır? – EKSPERTLƏRDƏN AÇIQLAMA

Baxış sayı:
6414

Mirvari Qəhrəmanlı: “Harada SOKAR sözü var, orada peşəkar dələduzluq gedir”
 
Nüsrət Qasımov: “Təzə evləri xətlərə qoşmaq lazım deyil?”
 
Artıq Bakı şəhərində növbə ilə rayonların qazının kəsilməsi adət alını alıb. Gah Xətai, gah Nizami, gah Yasamal, gah da Abşeron və digər rayonlarda qaz ya kəsilir, ya da təzyiqi çox aşağıdır. Üstəlik, elə gün  olur ki, səhər saatlarından kəsilən qaz axşam verilir. Əhalinin giley-güzarına, hətta sosial şəbəklərdə “Azərqaz”ın ünvanına nalayiq ifadələrə baxmayaraq, qazın kəsilməsi problemi həllini tapmır. “Azəriqaz” demək olar ki, soyuq qış günlərində əhaliyə həm mənəvi, həm də maddi ziyan vurur. Çünki əhali qazdan istifadə edə bilməyəndə, elektrik enejisindən istifadə edir ki, bu da ailələlərə baha başa gəlir.
 
Sosial şəbəkə istifadəçiləri tez-tez Gürcüstanda erməni kilsələrinə pulsuz qaz verilməsinə diqqət yetirmələrinə baxmayaraq, demək olar ki, hökumət vətəndaşların etirazlarını nəzərə almır. Narazılıqların  nəzərə alınmamasına rəğmən, mavi yanacaq kəsilən günlərdə ermənilərə pulsuz qaz verilməsi gündəmə gəlir. Narazılıqlara diqqət yetirilməməsi isə sosial böhranı yaxınlaşdırır. Görünür, ölkəmizdə narazılığın artmasında hansısa qüvvələr maraqlıdır, yoxsa əhalinin narazılığına laqeyd yanaşılmaz və ölkənin qaz təminatında problem yaşanmazdı.
 
“Bu, texniki problem deyil”
 
Bakı şəhərində qazın tez-tez kəsilməsi ilə  bağlı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mivari Qəhrəmanlı Muxalifet.az-a dedi ki, bu, texniki problem deyil: “Əsas problem “Azəriqaz”a rəhbərlik edən şəxslərin peşəkar, vəzifələrini vicdanla yerinə yetirməməkdən qaynaqlanır. İkincisi isə istehlakçı ilə istehsalçı, yəni “Azərqaz”la abonent arasında bağlanmış müqavilə şərtlərinin pozulması var. Əsas şərtlər texniki deyil. Biz iki araşdırma aparmışdıq. Ancaq  əvvəlki illərdə biclik etdilər, hesabata salmadılar. Yəni 2012/14-cü illərdə respublika ərazisində 16 min km təzə qaz xətti çəkiblər, 7 min km təmir etmişdilər. Belə çıxır ki, 2015/16/17-ci illərdə nə qədər xətt çəkiblər və yer kürəsi qaz xətti ilə “sarınacaq”. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uzunluğu Azərbaycan ərazisində 1200 km-ə yaxın idi, o cümlədən TANAP-ın, TAP-ın çəkiliş  uzunluğuna baxsaq, “Azərqaz”ın republika ərazisində çəkdiyi təzə xəttlərdən qat-qat aşağıdır. Söhbət bu müqayisədən gedir”.  
 
“Bunlar yanvar ayında əhalinin cibinə girdilər, oğurluq etdilər”
 
M.Qəhrəmanlı vurğuladı ki, “Azəriqaz”  rəhbərliyi yanvar ayında əhalinin cibinə girdilər, oğurluq etdilər: ““Azəriqaz” mexaniki sayğacların qaz sərfini ölçən terminalların beynində dəyişiklik etmişdi. Mən bunun çeklərlə sübut etmişəm. Yanvarın 12-nə kimi ölçülən qaz sərfi dekabr ayına yazıldı. Əhalinin demək olar ki, 60 faizindən çoxu limiti keçmişdi və bu əhali də yanvar ayındakı sərfləri ikiqat ödənişlə ödədilər. Halbuki,  ötən il dekabrın 16-da mənə məlumat verilmişdi ki, “Azəriqaz” belə bir maxinasiyaya hazırlaşır. Yəni ki, bunlar dekabr ayında olan qaz itkilərinin, oğurluğun qarşısını ala bilmirlər. 2017-ci ildə qaz itkilərinin azaldılması məqsədilə yanvar ayının əvvəlində dekabra yazacaqlar”.
 
“Rayonlar, kəndlər var ki, əhalinin səsi-sorağı çatmır, elə  “bürüşüb” otururlar”

“Mən bir dəfə yazdım ki, istəyir jurnalistlərin xətrlərinə dəysin. Dedim ki, hökumət ev alan jurnalistlərə maşın da bağışlasın. Çünki siz görürsünüz ki, hər gün Bakı şəhərində qaz kəsilir. Hələ biz rayonlardan xəbər tuta bilmirik. Rayonlar, kəndlər var ki, əhalinin səsi-sorağı çatmır, elə “bürüşüb” otururlar, odun peçi ilə evlərini qızdırırlar, qorxudan şikayət edə bilmirlər ki, birdən “Həsənağanın xətrinə dəyər”. Amma Bakı ərazisində sosial şəbəkələrin hesabına hansı rayonda qaz verilmir, bilinir. Ötən həftə Nizami rayonunda qaz yox idi, Xətai rayonunun isə bir hissəsində yox idi. Abonentlərin sayına baxın, nə qədər əhalidən qaz pulu yığırlar, nə qədər əhali qazsız qalıb. Mən zəng etmişəm, xanım deyir ki, 325 mm-lik qaz xəttində sızma var. Dünən yenə Binəqədi rayonundan xəbər verirlər ki, qaz xəttində 325 mm-lik sızıntı var. Deyəsən orada oturan xanım bir dənə 325 mm sözünü bilir. Jurnalistləri niyə xatırladım? Yəni yazılır ki, Binəqədi də, Xətai də, Zığda da qaz kəsilib. Bakının bütün rayonlarında hər gün qrafik əsasında qazı kəsirlər, guya, təmir işləri gedir. Məsələn, mən xanımdan soruşdum ki, qəza harada baş verib? Dedim yerini deyin, mən gedib baxacam. Kimdən soruşsan, yerini demirlər.  Heç olmasa bir jurnalist araşdırma apara, camaatı aldatmaqlarını, ciblərinə girməklərini qarşını ala bilələr ki, baxsınlar, harada sızma olur, harada təmir gedir.  Düşünürəm ki, bunların texniki cəhətdən əhalini aldatmağı düz deyil. Həqiqətən də texniki nasazlıq varsa, ayıdınlaşmalıdır”,- deyə NHMT-sədri qeyd edib.
 
“Elə bil ki, müharibə dövründə yaşayırıq”
 
Hüquq müdafiəçisi hesab edir ki, “Azəriqaz”ın bütün işçi heyəti istefa verməlidir: “Çünki vəzifələrinin öhdəsindən gələ bilmirlər.  Çünki tez-tez ölüm, partlayış hadisələri olur, qazdan zəhərlənmədən insanlar ölür. Elə bil ki, müharibə dövründə yaşayırıq. Bu qədər ölüm hadisəsi olar?! Deməli, işləyə bilmirlər. Deməli, əhalinin qarşısında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər. Təmir işləri niyə yayda aparılmayıb? Nəyə görə hər gün Bakı əhalisinin əsəbləri ilə oynayırlar? Bu məqsədyönlü şəkildə edilir. Bəlkə bu vəzifə davasıdır? Kiminsə vəzifədən uzaqlaşdırma davası. Bundan ötrü yaxşı bir araşdırma aparılmalıdır”.
 
““Azərqaz” Dövlət Neft Şirkətinin tərkibindən çıxarılmalıdır”
 
M.Qəhrəmanlı xatırladıb ki,  2016-cı ildə “Ernst&Young” audit şirkəti 1 milyard kubmetr qazın itkisini demişdi: “Çox böyük tənqidlər olmuşdu. “Azəriqaz”da elan olunan tenderlərin düzgün aparılmamağı yazılmışdı. Ümumiyyətlə, sturukturunun düzgün olmadığını yazmışdılar. Görün, bircə addım atılır? Yox. Nəyə görə broylerlərin, parniklərin qazını kəsə bilmirlər? Onlarda bir “niyə”lər var. Elə müəssisələr var ki, “niyə”lərə cavab verə bilmirlər. Buna görə düşünürəm ki, əməlli-başlı qaz təsərrüfatında araşdırılma aparılmalıdır. “Azərqaz” Dövlət Neft Şirkətinin tərkibindən çıxarılmalıdır. Ona görə ki, Dövlət Neft Şirkəti qaz hasilatı ilə məşğuldur. Hasilatla qazı satan eyni olmamalıdır. Sadalasaq, Dövlət Neft Şirkətində o qədər yarıtmazlıqlar, insanlara qarşı ədalətsizliklər var.  Amma bu məsələdə söhbət respublika əhalisinin hüquqlarından gedir. Ona görə, SOKAR-da islahatlar aparıb, “Azəriqaz” tərkibindən çıxarılmalıdır. Hətta mən deyərdim ki, özəlləşdirilməlidir. “Azərqaz”ın rəhbərliyinə, strukturuna yenidən baxılmalıdır. Regional qaz istisamar idarələri yaratdılar, bu da regionları çox pis vəziyyətə saldı, əhalinin qazdan istifadəsində fəsadlar yaratdılar”.
 
“Yerli əhali qaz təminatında indikindən ağır vəziyyətə düşə bilər”

M.Qəhrəmanlı onu da xatırlatdı ki, yanvar ayında Gürcüstanda da əhalinin  SOKAR Corciyaya qarşı etirazları olmuşdu: “Harada SOKAR sözü var, orada peşəkar dələduzluq gedir. Orada əhali həmin idarənin ofisinə gəlmişdilər,  aksiyalar  başlamışdı. SOKAR həm neft, həm də qaz hasil edir. Hazırda Cənub-Qaz dəhlizi ilə iri layihələr həyata keçirlir. TANAP-ın istifadəyə verilməsi 2018-ci ilin əvvəlində nəzərdə tutlmuşdu, sentyabrda TANAP-ın istifadəsi nəzərdə tutulub. 2020-ci ilin yanvarında TAP-ın istifadəyə verilməsi nəzərdə tutulub. Bu 40 milayrdlıq layihədir, bunun 12 milyardını Azərbaycan kredit götürüb. Ancaq yerli əhalinin və Avropanın nə cür qazla təmin ediləcəyinə qarant verilir, bilmirəm. Amma onu bilirəm ki, yerli əhali qaz təminatında indikindən ağır vəziyyətə düşə bilər. Bəlkə bu ölkə daxilində hansısa fırıldaqçılıqdır?! Ictimaiyyətə də geniş açıqalmalar vermirlər”.
 
““Azəriqaz”ı haçansa yoxlayanda artıq gec olacaq”
 
“Görürsününz ki, yanvar ayında olan dələduzluğa Kərbalıyev çıxdı yalan məlumat verdi. Bu böyük peşəkarlığın dalında nə dayanır, bilmirəm. Həmişə ölkədə korrupsiya və rüşvətə qarşı oxuyurlar,oxuyurlar, həmin pullar ölkədən çıxarılandan sonra həmin “çətə”ni tutub həbs edirlər, ya da adama şərait yaradırlar ki, qaçsın. Bax, indi “Azəriqaz” da bu vəziyyətdədir. Əhalinin, həm mənəvi cəhətdən, həm də fiziki cəhətdən xəstəliyinin artmasına xidmət edən, onların cibinə girən “Azəriqaz”ı haçansa yoxlayanda artıq gec olacaq. Şənbə günü Nəsimi rayonunda partlayış oldu, Binəqədi rayonunda partlayış oldu. Bunların dalında nə dayanır, bilmirəm. Jurnalistlər gedib yerində baxmalıdır ki, araşdırsın. Doğurdanmı partlayış olub? Anlaya bilmirəm ki, qaz xəttində fəsad hər gün olur?! Səhər saat 10-dan axşam 7-yə  kimi qaz kəsilir. Nətəhər olur, anlaya bilmirəm Bu, ciddi bir qrafikdir. Həqiqətən fəsadırsa, yenə günahkardırlar,  fəsad yoxdursa, yalandan deyirlərsə, üçqat günahkardırlar. Bunun jurnalist araşdırmasına ehtiyacı var. Nə qədər gec deyil, bu, müvafiq dövlət qurumları tərəfindən də araşdırılmalıdır”,- deyə NHMT sədri əlavə edib.
 
Qazın tez-tez kəsilməsi ilə bağlı qaz təsərrüfatı üzrə ekspert Nüsrət Qasımov isə dedi ki, 2-3 gün öncə şəhərin mərkəzində partlayış baş vermişdi: “Ona görə, mindən çox abonentin qazı dayandırılmışdı. Birinci səbəb budur. Qalan harada dayandırıblar, bilmirəm.
 
“Nasazlıq ola bilir”

“Ondan əvvəlki günlər də qaz kəsilib, axı” fikrinə isə N. Qasımov belə cavab verdi: “ Ölkə ərazisində  20 min kim-dən çox qaz xətti var, 1,5 milyon yarım da abonent var. Abonent 1,5 milyondursa,  3-4 abonent bir pribor olursa, 5-6 min cihaz var. Bunlarda nasazlıq ola bilir. Burada proflaktika lazımdır. Bundan narazılıq yaratmaq düzgün deyil”.
 
“Yeni tikintilərə çəkilən xətləri  köhnə xəttlərə birləşdirmək lazımdır”
 
Qasımov yada saldı ki, Bakı şəhərinin qazlaşdırılması 1929-cu ildən başlayıb: “O vaxtdan bəri də qaz kəmərləri qalın asfalt təbəqənin altında müxtəlif kommunikasiyaların qonşuluğundadır, xəttlər də köhnəlib. Bu da problemdir. Yeni tikintilərə çəkilən xətləri də köhnə xəttlərə birləşdirmək lazımdır. Təzə xətti köhnə xəttə birləşdirəndə istər-istəməz qazı bağlamalısan. Təzə evləri xəttlərə qoşmaq lazım deyil? Məni heç kimi müdafiə etmək məqsədim yoxdur. Heç kimi günahlandırmaq düzgün deyil”.
 
Şamo EMİN, Muxalifet.az