“Gürcüstanı ABŞ kəşfiyyatı qarışdırır” - ilginc iddialar

Baxış sayı:
4713

Keçmiş spiker Nino Burcanadze baş verənlərdə Saakaşvilini ittiham edir, hökumət onun partiyası istisna olmaqla, müxalifətlə koalisiyaya razıdır; hakim partiya deputatı Mahir Dərziyev: “İnsanların işğalçı siyasətə etirazı haqlıdır, müxalifət isə...”

Gürcüstan parlamentində dava düşüb. Dava hakim “Gürcü Arzusu” Partiyası ilə Vahid Milli Hərəkat və “Avropa Gürcüstanı” partiyalarının deputatları arasında yaşanıb. İnsidentə səbəb müxalifətin parlamentin birinci vitse-spikeri Tamara Cuqoşvilidən etirazçıların tələblərinin, o cümlədən daxili işlər naziri Georgi Qaxariyanın istefasının müzakirə edilməsini istəməsi olub.

Bundan sonra deputatlar arasında dava yaşanıb və Cuqoşvili texniki fasilə elan edib. Müxalif deputatlar isə etiraz olaraq iclas zalını tərk ediblər.

Parlamentin keçmiş rəhbəri Nino Burcanadze açıqlamasında deyib ki, Rusiya turistlərinin ölkəni tərk etməsi üçün yaranan maliyyə itkisində Gürcüstan hökuməti və Mixail Saakaşvilinin nəzarət etdiyi qüvvələr günahkardır: “Saakaşvili təkcə öz oyununu oynamır, o, həmçinin Amerika xüsusi xidmət orqanlarının maraqlarına uyğun hərəkət edir. Bu insan hər şeyə, o cümlədən daxili qeyri-stabilliyə də getməyə hazırdır”.

Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze belə deyib. O, müxalifətin proporsional sistemdə seçki ilə  əlaqədar vahid mövqenin formalaşdırılması üçün müzakirələrə başladığını bildirib.

Gürcüstanın Respublikaçılar Partiyasının lideri Kordzaiya hökumətin seçkini proporsional qaydada heç bir baryer olmadan keçirmək qərarının ölkədə xaos yaradacağını bildirib.

Avropa Gürcüstanı Partiyası isə proporsional sistemə keçidi böyük qələbə adlandırıb. O, cəmiyyətin hökuməti geriyə addım atmağa məcbur etdiyini bildirib.

Rusiyayönlü Vətənpərvərlər Alyansı Partiyasının lideri İrma İnaşvili də İvanişvilinin qərarını dəstəklədiyini bəyan edib.

Gürcüstanın baş naziri Mamuka Baxtadze isə bu qərar sayəsində gələcəkdə “Gürcü Arzusu”nun koalisiya hökuməti yarada biləcəyini deyib.

Bununla belə, Baxtadze Vahid Milli Hərəkat və ona yaxın olan partiyalarla heç vaxt koalisiyaya getməyəcəklərini deyib. Buna səbəb kimi isə o, Saakaşvilinin partiyasının dövlətə ziyan vurmasını göstərib.

Hakim “Gürcü Arzusu” Partiyasının Marneuli deputatı Mahir Dərziyev ile ilgili görsel sonucu

Hakim “Gürcü Arzusu” Partiyasının Marneuli deputatı Mahir Dərziyev “Yeni Müsavat”a bildirdi ki, etirazlarda vətəndaşların və gəncliyin haqlı tələbləri vardır: “Təbii ki, məlum hadisə iqtidara başucalığı gətirmirdi. Bu məsələdə parlamentin də məsuliyyəti oldu. Artıq deputat Zakariya Kurtnaşvili mandatından imtina elədi. Əmin-amanlıq bir deputatın mandatından üstündür. Mən ölkəmlə fəxr edirəm ki, Rusiyanın işğalını qəbul etməyəcək. İnsanların bu etirazları dünyaya və Rusiyaya mesaj oldu”.

Hakim partiya deputatı qeyd etdi ki, müxalifət xalqın vətənpərvərlik hisslərindən siyasi mənfəətləri üçün istifadə etməyə qalxdı: “Siyasi tələblər irəli sürüldü, Saakaşvilinin nümayəndələri parlament binasını zorla tutmağa cəhd etdilər, qanunsuz hərəkətlərə yol verdilər”.

M.Dərziyevin sözlərinə görə, 2020-də proporsional seçki keçirilməsi qərarı heç də küçənin tələbinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz: “Bu, cəmiyyətin sifarişi idi. Gənclərə siyasətdə yol açılmalıdır. Bu sistemə keçid marginallaşmanın qarşısını alacaq, küçədən başqa tribuna tapa bilməyən adamların özünü təsdiqləməsi fürsəti verəcək. Eyni zamanda milli azlıqların parlamentdə təmsilçiliyi 15-ə qədər olacaq”.

Deputat dedi ki, Saakaşvilinin iqtidara dönüş şansı yoxdur: “Mən 2009-da aksiyalarda çadırlar qurmuşam, 3 ay orada yatmışam. 2012-də piketlərdə iştirak eləmişəm. Onda meydana 150-200 min etirazçı çıxırdı. İndi 10-15 min adam çıxır.  Onlar da Saakaşvili tərəfdarları deyil. Bu mitinqlər vətənpərvərlik məsələsi idi, Rusiyanın işğalçılıq siyasətinə etiraz idi. Cəmiyyət isə bizi dəstəkləyir”.

Ramiyə Məmmədova ile ilgili görsel sonucu

Politoloq Ramiyə Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda Rusiya-Qərb qarşıdurması davam edir.

Xanım ekspertin fikrincə, Rusiya Tiflis hadisələri ilə ABŞ və Avropaya hələ də bu Qafqaz ölkəsində gücünün, təsirinin qaldığı mesajını verib.

“Gürcüstanda baş verənlərdə bu günün deyil, keçmişdən gələn məsələdir. Rusiya işğalçı siyasəti ilə Gürcüstanda nüfuzunu itirib. Ona görə rus deputatın gürcü spikerin yerində oturması qəzəb doğurmalıydı.

Sadəcə, bu jestlə Rusiya hələ də Gürcüstana diqtə etmək arzusunu göstərir. Amma gürcülərin Rusiya hakimiyyətinə münasibəti bəllidir", - deyə R.Məmmədova qeyd etdi. 

Politoloq hesab edir ki, Gürcüstan iqtisadi və siyasi gerilmədədir: “İndiki halda Saakaşvilinin yenidən hakimiyyətə qayıdışı bəlkə də ölkəni vəziyyətdən çıxara bilər. Buna gürcü xalqı qərar verəcək. Amma proseslərin gedişini gözləmək lazımdır”.

Qeyd edək ki, bütün bu hadisələrin başlanğıcı Tiflisdə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasıdır.

Rusiyanın Kommunist Partiyasından olan deputat, assambleyanın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin yerində oturaraq sessiyada iştirak edən 23 ölkə nümayəndəsinə müraciət etməsi müxalifəti və vətəndaş cəmiyyətini ayağa qaldırıb.

Sonra Bakıdakı tədbirdən yarımçıq qayıdan spiker İrakli Kobaxidze etirazlara görə istefa verib, hökumət müxalifətin proprosional seçki sisteminə keçid tələbi ilə razılaşıb. Onu da deyək ki, iyunun 25-i, saat 19:00-da etiraz aksiyaları yenidən başlanacaq./musavat.com