Gürcüstandan Rusiyaya sərt xəbərdarlıq: QÜVVƏLƏRİNİZİ GERİ ÇƏKİN!

Baxış sayı:
8239

“Separatçıları dəstəklədiyiniz üçün on minlərlə vətəndaşımız öz ölkəsində qaçqına çevrilib”

Gürcüstanın baş naziri Mamuka Baxtadze Gürcüstan ilə Rusiya arasındaki münasibətlərin normallaşdırılması üçün Gürcüstan torpaqlarında qanunsuz hərbi fəaliyyət göstərən rus hərbi birliklərinin geri çəkilməsinin lazım olduğunu bildirib.

Baxtadze Tbilisidə Nazirlər Kabinetinin iclasından əvvəl keçirdiyi mətbuat konfransında Rusiya ilə Gürcüstan arasında 2008-ci ildə baş verən və Cənubi Osetiya Müharibəsi kimi yadda qalan döyüşləri və ondan sonrakı hadisələri dəyərləndirib. Baxtadze Rusiya Federasiyasının 10 il əvvəl Gürcüstanın bölgələrini işğal elədiyini müharibə nəticəsində on minlərlə Gürcüstan vətəndaşının öz ölkəsində qaçqına çevrildiyini bildirib.

Rusiyanın Gürcüstana qarşı işğal siyasətini bu günə qədər davam etdirdiyini bildirən Baxtadze deyib: “Bizim bu aqressivliyə, bu problemlərə cavabımız sülh yolu ilə olacaq, güclü dövlət inşa edərək olacaq”.

Rusiya ilə Gürcüstana arasındakı münasibətlərin normallaşdırma prosesinin başladılması üçün əvvəlcə Rusiyanın Gürcüstan torpaqlarındakı hərbçilərini geri çəkməsinin lazım olduğunu vurğulayan Baxtadze deyib: “Bizim cavabımız çox sadədir. 2008-ci ildə bir atəşkəs razılaşması imzalanıb. Dolayısı ilə bir daha Rusiyanı öhdəliklərini yerinə yetirməyə və hərbi qüvvələrini Gürcüstan torpaqlarından çəkməyə çağırıram. Bu, ikitərəfli münasibətlərin normallaşdırılmasının başlanması üçün ən düzgün siqnal olacaqdır”.

Xatırladaq ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya Müharibəsi baş verib. Bu müharibədən sonra Rusiyanın dəstəklədiyi separatçı Abxaziya və Cənubi Osetiya bölgələri birtərəfli şəkildə öz müstəqilliklərini elan ediblər. Buna cavab olaraq, Gürcüstan Rusiya ilə dilomatik münasibətlərini dayandırıb. Abxaziya ilə Cənubi Osetiya bölgələrinin cəbhə xəttində Gürcüstan ordusinin qarşında hələ də rus hərbçiləri dayanıb(hurriyyet.org).