Gürcüstandakı seçkilərdə 67 azərbaycanlı qələbə qazanıb - ARAŞDIRMA

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına oktyabrın 21-də keçirilən seçkilərdə 200-dən çox azərbaycanlı namizəd mübarizə aparıb və onlardan 67-si qələbə qazanıb. 
 
Bu seçkilərdə mübarizə aparan 205 azərbaycanlının 165-i hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” Partiyasının namizədləri olub.
Onlardan bir nəfər -Teymur Abbasov Marnauli rayonunun meri seçilib.
Azərbaycanlıların ən çox yaşadıqları Marneuli rayonunda bələdiyyəyə cəmi 35 nəfər seçilib. Onlardan 19-u azərbaycanlılardır. Azərbaycanlıların 13-ü majoritar dairələrdən, 6 nəfəri isə proporsional siyahı üzrə yerli özünüidarəetmə orqanlarına mandatı qazanıb. 
Bolnisi rayonunda isə namizədlər 30 yer uğrunda mübarizə aparıblar. Bu rayonda 11 azərbaycanlı qələbə qazanıb. Onların da 7-si majoritar, 4-ü partiya siyahısından seçiliblər.
Qardabani rayon Bələdiyyəsinə seçilən 36 nəfərdən 15-i azərbaycanlıdır. Doqquz azərbaycanlı majoritar, 6-sı proporsional sistem üzrə seçilib.
Dmanisi rayon yerli özünü idarəetmə orqanına seçilən 29 nəfərdən 14-ü azərbaycanlılardır. Bu 14 nəfərin 10-u birmandatlı dairədən, 4-ü isə partiya siyahısından mandat qazanıb.
Kaxeti bölgəsinin 2-ci ən böyük rayonu hesab olunan Saqareco (Qaraçöp kəndi) rayon Bələdiyyəsinə 4 nəfər, Laqodexi rayon (Qabal kəndi) bələdiyyəsinə isə 1 nəfər azərbaycanlı seçilib.
Azərbaycanlıların yığcam yaşadıqları Telavi rayonunda (Qaracalar kəndi) 1 azərbaycanlı, Tetriçxalo rayonunda (Kosalar) 1 nəfər və Kaspi rayonunda (Ferma kəndi) bir azərbaycanlı mandat qazanıb.
Paytaxt Tbilisidə, Kutaisidə azərbaycanlı namizədlər olmayıb.
Qeyd edək ki, oktyabrın 21-də Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərdə 4727 nəfər majoritar, 12902 nəfər isə proporsional siyahıda bələdiyyə üzvlüyü uğrunda mübarizə aparıb. Seçkilərlə əlaqədar 3644, o cümlədən 10 qapalı seçki məntəqəsi yaradılıb. Bu məntəqələrin də 208-i azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə olub.
Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi, 4820 jurnalist izləyib.
Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.
Səsvermə ilə əlaqədar 9 546 450 bülleten çap olunub. Gürcüstanda yaşayan milli azlıqlar üçün Azərbaycan-gürcü və erməni-gürcü dillərində bülletenlər çap olunub. /report