Gürcüstanda soydaşlarımızın TƏHSİL PROPLEMİ - Gürcü hakimiyyəti süni surətdə dərslik və kadr çatışmazlığı yaratmaqla, nəyə nail olmaq istəyir?

Baxış sayı:
6298

Vəsilə Vahidqızı: “2019/20-ci tədris ili üçün artıq kvotalar ayrılıb”

Şahlar Əsgərov: “Gürcüstan azərbaycanlıların hüquqlarını 100% pozur”

Bildiyimiz kimi, Gürcüstanda Azərbaycan tarixi tədris olunmur, Azərbaycan dili və ədəbiyyat fənni üzrə isə ədəbiyyat çatışmır. Azəbaycan hökuməti əvvəlki illər soydaşlarımıza ədəbiyyat göndərsə də, yenə də bu problem qalmaqdadır.

Halbuki, Gürcüstanda yaşayan soydaşlarımızın ədəbiyyat qıtlığı çəkməsi qəbuledilən deyil. Azərbaycanlılar tam hüquqlu Gürcüstan vətəndaşı olduğu halda, niyə onlar Azərbaycan dili və ədəbiyyat fənni üzrə kitab çatışmazlığı yaşamalıdır? Ölkənin tam hüquqlü vətəndaşı kimi soydaşlarımız da öz ana dillərində dərsliklə təmin olunmalıdır.

Eyni zamanda soydaşlarımızın təhsil aldıqları məktəblərdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllim çatışmazlığı da var ki, bunlar da şagirdlərin öz ana dilini öyrənməsi üçün ciddi əngəllər yaradır. Görünür, soyadaşlarımıza ana dilimizin unutdurulması gürcülərə lazımdır, ona görə də bu siyasət yürüdülür.

Gürcüstanda Azərbaycan tarixinin tədris olunmaması da bu siyasətin tərkib hissəsidir. Belə ki, dilimizi unutdurmaqla yanaşı, tariximizi də unutdurmaq qarşıya hədəf qoyulub. Bir millət dilini, tarixini bilmədiyi halda manqurtlaşmağa doğru yol alacaq ki, bu da soydaşlarımızın taleyinə düşüb. 600 mindən çox azərbaycanlının öz tarixini öyrənməməsi üçün Gürcüstanın “Ümumi tarix” kitabında bir sətir də olsun, Azərbaycanla bağlı cümlə yoxdur. Halbuki, hələ bir neçə il öncə Azərbaycan dilində nəşr olunan “Qədim dünya tarixi” kitabında Gürcüstanın qədim dövlət olması ilə yanaşı, Ermənistan dövlətinin də qədim tarxindən söz açılırdı. Sanki Cənubi Qafqazda ancaq Gürcüstan və Ermənistan olub, Azərbaycan adlı dövlət olmayıb.

Halbuki, Azərbaycan dövləti olanda heç Ermənistan adlı dövlət mövcud deyildi. Gürcüclərə də yaxşı bəllidir ki, Rusiya İmperiyası Azərbaycan torpaqları hesabına XIX əsrdə Ermənistan adlı dövlət yaradıb. Buna rəğmən, yalan tarix yazırlar.

Əslində, bu və digər faktlar da göstərir ki, Gürcüstan daima xristian amilinə görə ermənilərə dəstək verib, verir və verəcək də. Eyni zamanda Borçalıda soydaşlarımızın dilini, tarixini unutdurmağa çalışırlar ki, birdən ayılıb, aborigen xalq kimi muxtariyyət statusu tələb edərlər. Çox güman ki, dilimizi, tariximizi soyadaşlarmıza unutdurmaqda məqsəd də elə budur. Buna rəğmən isə, gürcülər üzdə Azərbaycana dost ölkə münasibəti sərgiləyirlər. Təəssüf ki, hər şeyin dərininə varanda bu münasibətin tamam başqa tərəfi üzə çıxır.

Yeri gəlmişkən, kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə Azərbaycan hökuməti yeni tədris ilində 50 nəfər Gürcüstan vətəndaşı olan şagirdin Bakıda təhsil alıb, qaytarılmasını nəzərdə tutur ki, orada heç olmasa soydaşlarımıza öz ana dilində dərs demək üçün müəllimlər olsun. Əslində, Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərslik, kadr problemi olmasaydı və bu fənn normal tədris olunsaydı, Azərbaycan hökumətinin problemə müdaxiləsinə ehtiyac qalmazdı.

Nəzərə çatdıraq ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrədərslik, kadr problemi olmaqla yanaşı, soydaşlarımız bu fənndən imtahan da vermirlər. Hansı ki, bu da Borçalıda yaşayan 600 min nəfərlik Azərbaycan türkünün ana dilinə olan hörmətsizlikdir.

Göründüyü kimi, aydın olan odur ki, Gürcüstanda ana dilimizlə bağlı fənn sıradan çıxarılmaqdadır. Bu baxımdan, Azərbaycan hökumətinin yeni tədris ilində 50 nəfər Gürcüstan vətəndaşı olan şagirdin Bakıda təhsil alıb, qaytarılmasını planlaşdırmasını doğru addım hesab etmək olar. Amma bu məlumatın doğru olub-olmadığını bilmirik. Bunu aydınlaşdırmaq üçün Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd etsək də, bu, mümkün olmadı.

Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı isə “Hürriyyət”ə dedi ki, Komitə sədri Fuad Muradovun Gürcüstana keçən il ilk səfərində də, sonrakı səfərində də bu məsələ müzakirə olunub: “Yəni icma fənlərin tədrisi ilə bağlı məsələ qaldırıb. Pedoqoji və dini təhsillə bağlı müvafiq qurumlarla Fuad müəllim danışıq aparıb, Azərbaycanda 2019/20-ci tədris ili üçün artıq kvotalar ayrılıb. Məsələ Komitənin diqqətindədir. Say deyə bilmirəm, amma müvafiq kvota ayrılıb”.

“Azərbyacan tarixinə gəldikdə isə Gürcüstanda ayrıca Azərbaycan tarixi keçirilmir. Hələlik orada ümumi tarix keçirilir, onun da içində Azərbaycan tarixi yoxdur”,-deyə Komitənin rəsmisi qeyd etdi.

“Bununla bağlı təhsil, mədəniyyət nazirləri arasında danışıqlar getməlidir, bunlar aydınlaşdırılmalıdır”

Картинки по запросу Şahlar Əsgərov

Gürcüstanda soydaşlarımızın dilinin, tarixinin unutdurulması ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, təhsil üzrə ekspert Şahlar Əsgərov “Hürriyyət”ə fikirlərini belə ifadə etdi: “Əlbəttə ki, Gürcüstan öz vətəndaşlarını ədəbiyyatla təmin etməlidir. Özbaşnalığını eləyir də. Azərbaycanlıların hüquqlarını 100% pozur. İstəyir ki, azərbyacanlıların hamısı gürcü dilində təhsil alsın. Amma biz də ibtidai sinifdən uşaqlarımıza rus dilində təhsil veririk. Gürcü ilə bizim fərqimiz budur. Mən gürcüləri təqdir etmirəm, amma onların bu təcrübələrini bizim öyrənməyə ehtiyac var. Biz uşaqlarımızı rus, ingilis, fransız məktəbinə göndəririk, öz dilimiz kənarda qalır. Amma gürcü azərbaycanlıların Azərbaycan dilində oxumaq hüququnu tanımır.

Guya, azərbaycanlıların Azərbaycan dilində oxumaq hüququnu İran tanıyır? Tanımır. Əlbəttə ki, İran da, Gürcüstan da bu hüququ tanımalıdır. Amma get gör Zaqatalada gürcülər necə hər şeylə gözəl təmin olunub. Bununla bağlı təhsil, mədəniyyət nazirləri arasında danışıqlar getməlidir, bunlar aydınlaşdırılmalıdır. Bunlar sənin, mənim səviyyəmdə həll olunan məsələ deyil. Əlbəttə, orada uşaqlar öz ana dilində imtahan, verməlidir, onlara ədəbiyyat da verilməlidir. Bu məsələlər məni də narahat edir”.

“Gürcülər bilir ki, azərbaycanlılar öz tarixini bilməsə, ondan azərbaycanlı olmayacaq”

Ş.Əsgərov vurğuladı ki, insan tarixini bilməsə, vətənpərəvər ola bilməz: “Gürcülər Azərbaycan tarixini keçmirlər ki, soyadaşlarımız vətənprəvər olmasınlar. Öz tarixini bilməyən insan vətənpərvər olar? Gürcülər bilir ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz tarixini bilməsə, ondan azərbaycanlı olmayacaq. Necə ki, dərbəndlilər öz tarixini bilmədiyi üçün, demək olar, azərbaycanlı deyil. Bəli, bu 100 faiz bilərəkdən yürüdülmüş siyasətdir”.

Zamir NUR, Hurriyyet.org