GÜRCÜSTANDA SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİ – Hakim və müxalif partiyalar ayrılıqda qələbələrini qeyd edirlər / YENİLƏNİR

Baxış sayı:
2259

MSK: Gürcüstanda seçici fəallığı 56,11% təşkil edib

İlkin məlumatlara əsasən, Gürcüstanda bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib. Onun sözlərinə görə, səsverməyə 1 970 540 seçici qatılıb.
Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

***

Saakaşvili Gürcüstanın baş naziri olmaq istəmir

Mixeil Saakaşvili Gürcüstanın baş naziri vəzifəsinə namizədliyini geri götürüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü bildirib.
“Məni heç bir vəzifə, həmçinin Gürcüstanın baş naziri vəzifəsi də maraqlandırmır. Lakin məni evə qayıda bilməməyim narahat edir”, - o deyib.
M.Saakaşvilinin sözlərinə görə, müxalifət hökuməti formalaşdırmaq üçün Gürcüstan xalqı üçün məqbul olan şəxsləri tapmalıdır.
Qeyd edək ki, Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi bu ilin sentyabrın əvvəlində sabiq prezidenti hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürmüşdü.

***

“Gürcü Arzusu” parlament seçkilərində qələbəsini qeyd edir

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib.
Belə ki, partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.
İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

***

Gürcüstanda “exit-poll”un nəticəsi açıqlanıb

Gürcüstanda parlament seçkiləri ilə bağlı bir neçə təşkilat “exit-poll” keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-ın “Public Opinion Strategies” şirkəti “exit-poll”un nəticələrini açıqlayıb.
Saat 18:00-a olan nəticələrə əsasən, seçkilərdə iki əsas rəqib olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55%, Vahid Milli Hərəkat Partiyası isə 23% səs əldə edib. Üçüncü yerdə isə 3% səslə Avropalı Gürcüstan Partiyasıdır.
Qeyd edək ki, seçicilər arasında sorğu “İmedi” telekanalının sifarişi ilə həyata keçirilib.

***

Gürcüstanda parlament seçkiləri yekunlaşıb

Gürcüstanında parlament seçkiləri ilə bağlı səsvermə prosesi başa çatıb.
Belə ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.
Məntəqələrdə səslərin sayılmasına başlanılıb. Gürcüstan üzrə seçki məntəqələrinin 2-5%-i üzrə hesablamalar başa çatandan sonra ilkin nəticələr elan olunacaq.
Yekun nəticələr isə səsvermə günündən 19 gün gec olmayaraq açıqlanacaq.