Gürcüstanda polis və azərbaycanlılar arasında insident olub, saxlanılanlar var

Baxış sayı:
11164

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində polislə yerli sakinlər arasında insident baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, axşam saatlarında patrul polisinin azərbaycanlının idarə etdiyi avtomobili saxlamasından sonra tərəflər arasında mübahisə yaranıb.

Sürücü xəstəxanaya tələsdiyini və heç bir qanun pozuntusuna yol vermədiyini bildirsə də, polis əməkdaşı buna məhəl qoymayıb. Yaranan mübahisəyə avtomobildə olan digər şəxs də müdaxilə edib.

Kənd sakinlərinin bildirdiklərinə görə, mübahisə nəticəsində 3-4 nəfər saxlanılıb.

Qabal kənd sakinləri həmyerlilərinin saxlanılmasına etiraz edərək kənd mərkəzində toplaşıblar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Qabal kəndinə gedərək insidentin detalları barədə maraqlanıb və yaranmış vəziyyətin aradan qaldırlması üçün yerli sakinlərlə görüşüb.