​Gürcüstanda müxalifət nə üçün qalib gələ bilmədi?

Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat partiyası qalib gələ bilmədi və onun Gürcüstana dönüşü 4 il təxirə salındı.
Gürcüstanda növbəti parlament seçkiləri başa çatsa da, 60 məntəqədə təkrar səsvermə keçiriləcək, çünki qalib namizədlər 50 faizlik həddi keçə bilməyib.
Bu seçkilər istər ümumi Gürcüstan, istərsə də bu ölkədə yaşayan və namizədliyini irəli sürmüş azərbaycanlılar baxımından ilklərə səbəb oldu.

Azərbaycanlılar...

Belə ki, ilk dəfə azərbaycanlılar müxalifət nümayəndəsi kimi seçkilərə qatıldı. İlk dəfə azərbaycanlı qadın namizəd mübarizəyə qoşuldu və ilk dəfə azərbaycanlılar səslərini qorumaq üçün küçələrə axışdı, polis və xüsusi təyinatlı dəstələrlə üz-üzə gəlmələrinə baxmayaraq, geri çəkilmədilər. Bundan əlavə, "azərbaycanlılar hər zaman hakim partiyaya səs verir", deyimi də baş tutmadı. Hakim partiyadan olan azərbaycanlılar arasından da da millət vəkili seçilənlər oldu.
Vahid Milli Hərəkatın iddialarına görə, hakim partiya seçkini öz xeyrinə saxtalaşdırdı. Əlavə edək ki, VMH hakimiyyətdə olduğu müddətdə rəhbər vəzifələrə azərbaycanlıların namizədliyini irəli sürməyib. Ümumiyyətlə, azərbaycanlılar hansısa hakimiyyətin dövründə siyasi hakimiyyətdə təmsil olunmayıblar.
Qeyd edək ki, Gürcüstan seçki tarixində ilk dəfə təbliğat və təşviqat kampaniyası 4 ay davam etdi, üstəlik sükut günü olmadan.

İqtidar

Son 4 il Gürcüstan siyasəti üçün durğunluq dövrü oldu. Həm iqtidar, həm də müxalifət öz işini Saakaşvili üzərində qurmağa çalışdı. İqtidar ölkədə baş vermiş bütün bədbəxtliklərə görə onu qınayır, müxalifət isə Gürcüstanın ən yaxşı günlərinin onun vaxtına təsadüf etdiyini deyirdi. Beləliklə, sonda məlum oldu ki, iqtidar partiyası verdiyi vədlərin bir çoxunu yerinə yetirmədi; nə faizsiz kreditlər verildi, nə dotasiya, nə 100 zavod tikildi, ipoteka kreditləri də bağışlanmadı və s. Gürcü Arzusunun de-fakto lideri İvanişvilinin məqsədi Vahid Milli Hərəkatı siyasət səhnəsindən silmək idi. VMH iqtidar üçün ciddi müxalif qüvvəyə çevrilsə də, yenidən iqtidar ola bilmədi.

2012-2016-ci illər göstərdi ki, Gürcüstanda mübarizə siyasi partiyalar arasında yox, liderlər arasında gedir. O liderlər ki, heç biri rəsmən siyasi təşkilatın başında deyil. Seçkiyə gedən insanların yarısı məhz Saakaşviliyə olan simpatiyasına görə VMH-a səs verib, onun bəyənməyənlər isə istəmədikləri halda hakim partiyanın xeyrinə qərar veriblər.
Azad Demokratların lideri İrakli Alasaniya Gürcü Arzusu koalisiyasında təmsil olunarkən onun reytinqi 30 faiz idi. Koalisiyadan ayrılıb seçkiyə müstəqil partiya kimi qatıldı, 5 faizlik həddi keçə bilmədi. Yaxud, son 4 ildə parlament spikeri olan Respublikaçı David Usupaşvilinin partiyası seçkidə sonuncu yeri tutdu.

Müxalifət

Saakaşvili ilə partiya liderləri arasında bəzi fikir ayrılıqlarının olduğu deyilir.
Birincisi, Vahid Milli Hərəkat sonuncusu çıxmaq şərtilə 3 seçkidə uduzmağına baxmayaraq, partiya daxilində hansısa yeniliklər etməyib; rəhbərlik demək olar ki, eyni şəxslərdir, partiya strukturlarında hazırda təmsil olunanlar Saakaşvili dönəmində minimum nazir müavini postunu tutanlardır, yeni simalar yoxdur.
İkincisi, partiya rəhbərliyi öz üzvlərini təşkilatlarına bilmədi, uzun müddətdir ki, qurultay keçirilmir, regionlar səviyyəsində iş aparılmayıb, yalnız seçki öncəsi rayon təşkilatlarının fəaliyyətində canlanma olub.
Üçüncüsü, VMH hakimiyyətdə olduğu zaman buraxdığı səhvlərə görə hələ də üzr istəməyib. Əslində istəyib, amma konkret hansı qüsurları olduqlarını deməyiblər.
Dördüncüsü, partiyanın həbsdə və mühacirətdə olan liderlərinə yetərincə diqqət ayırılmadı, onları gah eşitmədilər, gah da eşidib əməl etmədilər.
Seçki başa çatmamış Saakaşvili, "qalib olsaq da Gürcüstana qayıtmayacağam, Ukraynanı rahat ata bilmərəm" demişdi.

Seçkilərə müdaxilə

Gürcüstan üçün yenilik deyil. Bütün hökumətlər zamanı rast gəlinən problemdir. Bu dəfə də istisna olmadı, əks halda əksər dairədə ikinci tura qərar verilməzdi. Siyasi fəallara təzyiqlər, mətbuata hücumlar da hər zaman mövcud olub.
İndiki müxalifətin hakimiyyəti dövründə İmedi televiziyasına, hazirkı hakimiyyətin zamanında isə Rustavi 2-ə olan təzyiqlər buna əyani misaldır.
Məlum "qızılgül" inqilabından sonra Mixeil Saakaşvili 97 faiz səs yığmışdısa, 2008-ci ildə növbədənkənar keçirilmiş prezident seçkisində bu rəqəm 52 faiz təşkil etdi. Tbilisidə olan 10 seçki dairəsinin 8-də cənab Saakaşvili məğlub olmuşdu. Həmin il ATƏT-in Gürcüstanda prezident seçkisindən sonra təqdim etdiyi hesabatda yerli televiziya kanallarının daha çox hakim partiyanın namizədini dəstəkləməsi barədə xüsusi bənd var(bbc).