Gürcüstanda müxalif partiyanın sədri həbs olundu - ÇOXLU SAYDA SAXLANILAN VAR

Baxış sayı:
1073

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbs olunub.

“Report”un yerli bürosu xəbər verir ki, polis onu həbs etmək üçün VMHP-nin baş ofisinə daxil olub.

Partiya tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər.

N.Meliya polis maşını ilə ərazidən uzaqlaşdırılıb.

Ofis yaxınlığında 10-dan çox şəxsin də saxlanıldığı bildirilir.

Qeyd edək ki, 2019-cu ilin iyununda müxalif siyasətçi zorakılıqda iştirak ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə o, 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb və elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılıb.

N.Meliya ötən ilin noyabrında qolbağını çıxarıb. Bundan sonra girovun məbləği 40 min lariyə qədər artırılıb və ödənilməsi üçün 50 gün müəyyən edilib. Müddət fevralın 12-də başa çatıb. N.Meliya girovu ödəməkdən imtina edib. Məhkəmə fevralın 17-də ona qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı qəbul edib. Növbəti gün polis məhkəmə qərarını N.Meliyaya təqdim etmək istəsə də, müxalifət tərəfdaları buna imkan verməyib.