Gürcüstanda iqtisadi krizis başlayır - MAĞAZALARDA ALICI QITLIĞI YARANIB

Baxış sayı:
5515

Gürcüstandakı texnika satışı ilə məşğul olan mağazalarda alıcı qıtlığı yaranıb. Əvvəllər əhali məişət texnikasını nağd və ya kredit yolu ilə alırdılarsa, indi nəinki nağd, hətta kreditlə mal alanlar da demək olar ki, yox səviyyəsindədir.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, buna Gürcüstandakı bankların vətəndaşlara güzəştli kreditlər verməməsi səbəb olub. Hökumət və Milli Bankın bank sistemindəki tənzimləmə əməliyyatlarına başlaması nəticəsində banklar yanvarın 1-dən etibarən vətəndaşlara güzəştli kreditlərin verilməsini məhdudlaşdırıb. Məlumata görə, regionlarda bank kreditləri hesabına texnika alıcılarının sayı 100 faiz azalıb.

Bank sistemindəki tənzimləmələrdən sonra bəzi texnika mağazaları müflisləşmə barədə məhkəməyə müraciət edib. İlk olaraq məhkəməyə Gürcüstan bazarında birincilər sırasında olan “Techno Boom” mağazalar şəbəkəsinin müraciəti daxil olub.

Ekspertlərin fikrincə, bank sistemində aparılan tənzimləmələr bazarlarda ciddi problemlər yaradacaq. Mağazaların ardınca digər biznes strukturları da zəifləməyə başlayacaq. Hökumət həmin mağazalara daxili kreditləşmə hesabına satışı artırmağı məsləhət görür.