Gürcüstanda heç bir namizəd prezidentlik iddiasından çəkilmədi

Baxış sayı:
6379

Seçkilərdə bülletendə 25 namizədin adı olacaq Gürcüstan Mərkəzi Seçki Komissiyasında (MSK) 25 nəfərin prezidentliyə namizədliyi rəsmi qeydiyyata alınıb. Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Anna Dolidze məlumat verib. O deyib ki, mövcud qanunvericiliyə görə, prezidentliyə namizədlər səsverməyə 12 gün qalanadək, yəni oktyabrın 16-da öz namizədliyini geri götürə bilərdi. Lakin 16 oktyabradək namizədlərin heç biri müvafiq məsələ ilə bağlı MSK-ya müraciət etməyib. Odur ki, seçki bülleteninə 25 namizədin hamısının adı daxil ediləcək. Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Prezidentliyə 25 namizəddən 19-u siyasi partiyalar, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Prezidentliyə namizədlər sırasında David Bakradze (“Avropa Gürcüstanı-Azadlıq uğrunda hərəkat”), Mixail Saluaşvili (Ədalətin bərpası -"Xalqın səsi"), Zviad Baqdavadze (“Vətəndaş platforması-Yeni Gürcüstan”), Şalva Natelaşvili (“Gürcüstan Leyboristlər Partiyası”), keçmiş xarici işlər naziri, birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze (Vahid Milli Hərəkat Partiyası), keçmiş xarici işlər naziri Salome Zurabişvili (seçicilərin təşəbbüs qrupu, hakim partiyanın dəstəklədiyi namizəd), İrakli Qorqadze (Gürcüstanın Azadlığı Uğurunda Hərəkat), David Usupaşvili (Azad Demokratlar), Zurab Caparidze (Qirçi) və digərləri var. Seçkiyə 10 gün qalır və namizədlər sırasında 3 nəfər favorit sayılır və mübarizənin əsasən onlar arasında gedəcəyi gözlənilir. Onlardan biri hakimiyyətin dəstəklədiyi namizəd-seçicilərin təşəbbüs qrupundan müstəqil namizəd kimi irəli sürülən Salome Zurabişvilidir. Biri Qriqol Vaşadze, digəri isə David Bakradzedir. Əsas mübarizənin bu namizədlər arasında keçəcəyi proqnozlaşdırılır. Gürcüstan Azərbaycanın yaxın qonşuluğunda yerləşən və sıx əlaqələri olan ölkə olduğu üçün burada hakimiyyətə hansı qüvvənin gəlməsi, ölkəyə rəhbərliyi kimin etməsi bizim üçün də maraqlıdır. Salome Zurabişvilinin seçki kampaniyasında seçicilərlə görüşlərində, çıxışlarında ermənilərə özünü daha yaxın göstərdiyi, azərbaycanlılara isə heç də isti münasibətinin olmadığı üzə çıxıb. Odur ki, siyasi analitiklər qonşu Gürcüstanda David Bakradzenin və ya Qriqol Vaşadzenin prezident seçilməsinin oradakı soydaşlarımızın marağına uyğun olduğunu düşünürlər./musavat.com