Gürcüstana dəstək, Azərbaycana isə bublik həlqəsi

NATO Gürcüstanda təlim mərkəzini yaratmaqla Rusiyanın təhdidlərinə boyun əymədi
 
NATO baş katibi Yens Stoltenberq avqustun 26-27-də Gürcüstanda səfərdə olacaq. Bu, NATO baş katibinin Gürcüstana ilk səfəridir. 
Alyans rəhbəri həftəsonu burada NATO təlim mərkəzinin açılışında iştirak edəcək. Stoltenberq Gürcüstanın siyasi və hərbi rəhbərliyinə daxil olan şəxslərlə, o sırada prezident, baş nazir, parlamentin spikeri, XİN başçısı ilə görüşəcək. Həmçinin, NATO-nun çevik qüvvələri üçün hazırlanacaq gürcü hərbçilərindən ibarət rota ilə təmasda olacaq.
Səfər çərçivəsində habelə Gürcüstanın alyansa üzvlüyü ilə bağlı məsələlərin bütün spektri diqqət mərkəzində olacaq.
Bu, sıradan bir xəbər və hadisə deyil. Xüsusilə də regionda və Qərb-Rusiya qarşıdurması fonunda gedən gərgin hadisələri nəzərə alanda, bu səfərin Cənubi Qafqaz, ən əsası da Gürcüstanın gələcək taleyi üçün nə qədər əhəmiyyət daşıdığı bəlli olur. Bu xüsusda NATO-nun Gürcüstanda təlim mərkəzinin açılışına qədər Rusiyanın törətdiyi təxribat və təzyiq xarakterli oyun və hadisələri xatırlasaq yetərli olar.
Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə həmsərhəd kəndlərin ərazisini zəbt etməklə işğalçılıq əməllərini davam etdirdi. Bəzi yerlərdə zəbt olunmanın işğal xəttindan 500 metrə qədər irəlilədiyi faktı haqda Gürcüstan rəsmiləri açıqlama verdilər.
Rusiya sürünən işğal siyasətini o qədər açıq və nümayişkaranə etdi ki, bu işğalın Gürcüstan daxil  həm də bəlli mərkəzlərə bir caydırıcı mesaj olduğu müəyyənləşdi. Bununla ABŞ və NATO-ya demək istədilər ki, əlini Gürcüstandan çək, yoxsa 2008 hadisələri təkrar oluna bilər. Eynən Ukraynanın Krım və Donbas əyalətlərində baş tutan işğal kimi.
Bunun Cənubi Qafqazda geosiyasi marağı olan Qərbə qarşı olması işğal edilən əraziyə Bakı-Supsa neft kəmərinin müəyyən hissəsinin düşməsi oldu. Bu, düşünülmüş bir təxribat idi və Rusiya Qərbə bunun birmənalı caydırıcı bir mesaj olacağını anlayırdı.
Başqa bir hadisə Rusiya Dəmiryol qoşunlarının Abxaziyaya gətirilməsi, Ermənistana aparan dəmir yol xəttinin təmizlənməsi və yenidən bərpa olunması hadisəsi oldu. Rusiya Müdafiə nazirinin müavini Dmitri Bulqakov Rusiya Dəmiryol Qoşunlarının Abxaziyaya iyulun sonunda göndərildiy faktını təsdiq etdi. Onun açıqlamasına görə, işlər Oçamçira stansiyasından İnquri çayı üzərindəki körpüyə qədər aparılır və təxminən 500 hərbçi və 50 texnika dəmiryollarının bərpası üçün çalışır. Onu da nəzərə alsaq ki, az öncə Rusiya Prezidenti Vladimir Putin Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun bərpası təşəbbüsü ilə çıxış etmişdi, onda bu çalışmanın Gürcüstana təzyiq mahiyyəti daşıdığı bəlli olar. Çünki Gürcüstanla hər hansı bir razılıq olmadan dəmiryol xəttinin açılmasına hazırlıq yalnız zor gücü və işğalla mümkün ola bilər. Belə bir razılığın olmadığını isə Gürcüstan rəsmiləri dəfələrlə bəyan ediblər. Doğrudur, bu yöndə Karasin-Abaşidze ikili formatında danışıqlar aparılır, ancaq buna rəğmən Gürcüstan XİN rəsmiləri belə bir anlaşmanın olmadığını iddia edirlər.
Bu ərəfədə Rusiyanın davamı olaraq Ermənistan da Gürcüstana qarşı sürünən işğal siyasəti yürütdü və bir neçə kəndin ərazilərini zəbt etdi. Təbii ki, bu, Rusiyanın işğal siyasətinin tərkib hissəsi sayıla bilər. Çünki Ermənistanın indiki acınacaqlı durumunda, xüsusilə də Rusiya ilə yeganə quru yolu olan dəmir yolu xəttinin açılması ilə bağlı Gürcüstanla danışıqların getdiyi bir zamanda ermənilərin qonşu gürcülərlə münasibətləri öz xoşuyla korlamaq istəməsi heç də ağlabatan görünmür.
Bütün bu təzyiqlərə rəğmən Gürcüstanın duruş gətirməsi və nəhayət ki, NATO təlim mərkəzinin yaradılmasının baş tutması, açılış mərasiminə baş katib Stoltenberqin şəxsən təşrif buyurması Gürcüstan adına strateji anlamda böyük uğur sayıla bilər. Çünki NATO təlim mərkəzinin yaradılması və Gürcüstanda varlığı artıq müəyyən mənada onu NATO-nun bir parçasına çevirir. Bu isə Gürcüstanın təhlükəsizliyi üçün təminat sayıla bilər. Doğrudur, mərkəzin yaradılması hələ NATO-ya üzvlük anlamına gəlməsə də, hər halda əlini-qolunu sallayaraq Gürcüstanı hər an işğal etmək istəyən qüvvələrə caydırıcı xarakter daşıyacağı şübhəsizdir.
Bu kontekstdə NATO rəhbərinin Gürcüstan səfərində gürcü xalqının eşitmək istədikləri yöndə bəzi mesajlar verəcəyi gözləniləndir. Çünki məhz belə bir mesaj həm gürcü xalqını, həm də hakimiyyəti nisbətən sakitləşdirərdi. Çünki son zamanlar Rusiya Gürcüstanda bütün təxribat və təzyiqlərə paralel olaraq siyasi və media müstəvisində də ciddi mənada aktivləşib. Rusiyayönlü gürcü siyaçətçilərin Moskvaya səfərləri intensivləşib və hiss olunur ki, Rusiya 2016-cı il parlament seçkilərinə ciddi hazırlaşır. Bunu Gürcüstanın müdafiə naziri Tina Xidaşeli də öz açıqlamasında belə etiraf edir: “Nino Burcanadzenin hər Moskva səfərindən sonra Gürcüstanda hərbi və siyasi təxribatlar baş verir”. Müdafiə naziri onu da etiraf edir ki, 2016-cı ilin iyulunda keçiriləcək NATO-nun Varşava sammitində Gürcüstanın üzvlüyü yonündə ciddi qərarlar verilməsə, bu, gürcü xalqını xəyal qırıqlığına uğradacaq ki, bu da ictimai rəyə öz mənfi təsirini göstərəcək. Eyni zamanda, bu amilin 2016-cı ildə Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələrinə də təsir edəcəyini iddia edir. Çünki NATO-nun Gürcüstana verdiyi sözlərin hələlik yalnız kağız üzərində qalması gürcü xalqının Qərbə skeptik yanaşmasını gücləndirir ki, belə bir vəziyyət də Rusiyanın mövqelərini gücləndirir. Məhz Qərbin bu cür ehtiyatlı yanaşmasının nəticəsiydi ki, Rusiya 2008-ci ildə Tiflisin bir neçə kilometrliyinə qədər gələ bildi və bu gün də Ukraynada meydan sulayır. Ancaq buna baxmayaraq, hələ də NATO-da belə bir fikir hökmrandır ki, NATO-nun Rusiyaya doğru genişlənməsi Moskvanın daha radikal hərəkətə keçməsi üçün üçün faktora çevirlə bilər. Açığı, bu, NATO adına çox ehtiyatlı və absurd bir iddiadır. Çünki hələ də NATO-da anlamırlar ki, Rusiya bunu artıq faktora çevirib, nəticədə Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarını işğal edib, Ukraynanın Krım vilayətini özünə birləşdirib, Donbasın yarıdan çoxunu işğal edib. Və bu da hələ son deyil, savaş və təhdid davam edir. O qədər ki, bu təhdidin əhatə dairəsi Ukrayna sərhədlərini aşıb, Şərqi Avropaya və Baltik və Skandinaviya ölkələrinin sərhədlərinə çatıb. Ona görə də bu yöndə gürcü müdafiə naziri xanım Xidaşelinin narahatlıqlarını bölüşmək olur. Çünk ortada Gürcüstana NATO-nun verdiyi və icra etmədiyi bir söz və plan var ki, hələ də yerinə yetirilməyib.
Söhbət 2008-ci ildə NATO-nun Buxarest sammitində Gürcüstana verilən sözdən gedir. Sammitdə Gürcüstana bəyan etdilər ki, NATO-ya tam üzvlük üçün “üzvlüyə doğru hərəkət planı” kimi bir aralıq mərhələsindən keçməlidir. Buna rəğmən, hələ də bu plan Gürcüstana təqdim edilməyib və bu da təbii ki, NATO-ya inamı sarsıdır. Ona görə də, Gürcüstan rəhbərliyi hesab edir ki, NATO-nun Varşava sammitində planın nəzərdə tutduğu aralıq mərhələsi aradan qaldırılmalı və birbaşa üzvlüyə yol açılmalıdır. Çünki bu planda nəzərdə tutulan mexanizmlər artıq Gürcüstanda bərqərar olub.
Ancaq NATO-nun da Gürcüstanla bağlı bəzi tələbləri var və bu, əsasən islahatların davam etməsi yönündədir. Xüsusilə də NATO Gürcüstanın hərbi və ədliyyə sistemində islahatların davam etməsini istəyir. Çünki Gürcüstanda siyasi sifarişli həbs və məhkəmə qərarlarının mövcud olması təbii ki, Qərb standartlarına uyğun gəlmir və bu yöndə islahatların aparılması Qərbin marağındadır.
Görsənir ki, tərəflərin bir birindən qarşılıqlı gözlənti və iddiaları var. Və bunlara uyğun narahatlıqlar da yox deyil. Çünki Rusiya qonşuluqda ən böyük təhdid olaraq qalır və bu, təkcə Gürcüstanı deyil, eyni zamanda Qərb dünyasını da narahat edir. NATO təlim mərkəzinin Gürcüstanda yaradılması da bu narahatlıqdan doğan təzahür kimi dəyərləndirilməlidir. Və bütün əksikliklərə rəğmən mərkəzin Gürcüstanda varlığı NATO-nun Rusiyaya doğru genişləndirilməsinin bir rüşeymidir və bunun böyüyüb bir orqanizmə çevriləcəyini iddia etmək olar. Bu, eyni zamanda Gürcüstana hərbi-siyasi yöndə bir dəstəkdir. Belə bir dəstək az öncə regoina səfər etmiş Avropa Şurasının prezidenti Donald Tuskdan da gəldi. O, Gürcüstana səfəri çərçivəsində Rusiyanın işğal etdiyi əraziyə baş çəkməklə dolayısı ilə Gürcüstanın tək olmadığını, işğal faktının Rusiyaya təzyiq səbəbi olmaqda davam edəcəyini və Avropanın Tiflisin yanında olduğu mesajını verdi. Təbii ki, Rusiyaya.
Xatırladım ki, Donald Tusk Gürcüstandan əvvəl Azərbaycana səfər etmişdi və nədənsə, Azərbaycanın işğal olunmuş Qarabağ zonasına səfər etməyi unutmuşdu. Baxmayaraq ki, Azərbaycanın da belə bir bəlası var və bu bəlanı məhz Rusiya Azərbaycan üçün yaradıb. Və bu iki oxşar işğal faktına qarşılıq Gürcüstana ciddi hərbi-siyasi dəstək verilirkən, Azərbaycana isə bublik həlqəsi təklif olunur. Çünki Gürcüstan Qərbi inteqrasiya xəttinin davamı olaraq Avropa Birliyinə və NATO-ya üzvlük çabasını sürdürürkən, Azərbaycan demokratiya və insan hüquqları gözardı edilərək Avropayla münasibətləri yenidən tənzimləmək iddiasındadır.

Natiq Miri