"Gürcüstan təhqiqatı Əfqan Muxtarlının oğurlanmasının ört-basdır edilməsinə yönəlib" – Leyla Mustafayeva

Baxış sayı: 134

Gürcüstanda jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə Azərbaycana gətirilməsi ilə bağlı açılan cinayət işi üzrə araşdırmalar davam edir. Gürcü müstəntiqlərin 200-dən artıq şəxsi dindirdiyi deyilir.
Bu haqda Turan-a həbsdəki jurnalistin xanımı Leyla Mustafayeva bildirib.
Onun sözlərinə görə, Əfqan Muxtarlının gürcü vəkillərini cinayət işini araşdıran müstəntiqlər qəbul ediblər.
"Müstəntiqlər vəkillərə bildiriblər ki, 200-ə yaxın insan dindirilib. Lakin dindirilən şəxslər hadisədən xəbərsiz şəxslərdir. Polis 30 video görüntü üzə çıxarıb. Ancaq həmin görüntülərdə Əfqan Muxtarlının oğurlanmasına aid demək olar ki, hər hansı bir görüntü yoxdur", Mustafayeva bildirib.
Jurnalistin xanımı gürcü polisinin apardığı təhqiqatdan narazılığını ifadə edib. Onun qənaətincə, təhqiqat Ə. Muxtarlının oğurlanmasının araşdırılmasına yox, ört-basdır edilməsinə yönəlib.
"Azərbaycan tərəfinin də bu hadisəni araşdıracağına heç bir ümidim yoxdur. Onlar bunun ancaq imitasiyasını apara bilər", Leyla Mustafayeva bildirib. O, Gürcüstan hökumətinin beynəlxalq qurumların, o cümlədən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının bəyanatlarına məhəl qoymadığını ifadə edib.
Jurnalist Ə.Muxtarlının mayın 29-da saxlanıb. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Jurnalistin üzərindən 10 min avro pul tapıldığı iddia olunur. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ancaq Əfqan Muxtarlı məhkəmədə bu iddiaları yalanlayıb. O deyib ki, Tbilisidə saxlanıb, tutulanda işgəncəyə məruz qalıb və sərhədə isə cibinə zorla 10 min avro qoyulub.
Ə. Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.