Gürcüstan terrorun hədəfində - İŞİD qonşuda...

Baxış sayı:
7489

Gürcüstanda bundan əvvəl də İŞİD terror təşkilatına qarşı əməliyyatlar keçirilib. Hesab edirəm ki, bu terror təşkilatının Gürcüstanda boy göstərməyə cəhd etməsi təsadüfi deyil.
Bu barədə məlumatı politoloq Arzu Nağıyev deyib.
Politoloq İŞİD-in bu ölkəyə girməsinin bir sıra səbəblərinin olduğunu diqqətə çatdırıb:
“Gürcüstan həm bu terror təşkilatının fəaliyyət göstərdiyi Türkiyə ilə sərhəddə yerləşir, həm də vaxtilə Pankisi dərəsində Çeçenistandan İŞİD-ə qoşulmuş qruplaşmaların olması haqda məlumatlar yayılmışdı. Bu baxımdan Gürcüstan heç vaxt sabit bölgə olmayıb. Buna görə də, Gürcüstanda terrorizmə, yaxud İŞİD-ə qarşı əməliyyatların aparılması gözlənilən idi. Müvafiq olaraq Gürcüstan təhlükəsizlik strukturları bu istiqamətdə addımlar atırlar.
Son vaxtlar İŞİD bir sıra dövlətləri təhdid edən bəyanatlar verdi. Digər yandan isə Gürcüstan beynəlxalq anti-terrorizm əməliyyatlarında iştirak edir və son zamanlarda bu ölkənin NATO-ya üzv olması məsələsi gündəmdədir. Abxaziya və Cənubi Osetiyadakı münaqişələr də bura daxildir. Buna görə də, Gürcüstan terrorizmə olan münasibətini göstərmək üçün bu əməliyyatları keçirir”.
Arzu Nağıyev qeyd edib ki, Azərbaycanda da həm sərhəd bölgələrində, həm də digər ərazilərdə bununla bağlı tədbirlər koordinasiyalı şəkildə həyata keçirilir: “Buna görə də düşünürəm ki, İŞİD-in Gürcüstandakı fəaliyyəti Azərbaycan üçün təhlükə yaratmır”.
Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflis şəhərində İŞİD-ə qarşı keçirilmiş əməliyyatda 1 terrorçu zərərsizləşdirilib.