Gürcüstan qaz tədarükünü artırmaq üçün Rusiyadan “mavi yanacaq” ala bilər

Baxış sayı:
3775

Gürcüstan təbii qaza olan tələbatını tam ödəmək və qaz tədarükünün şaxələndirilməsi məqsədilə Rusiyadan “mavi yanacaq” ala bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia parlamentin İqtisadi siyasət komitəsinin iclasındakı çıxışı zamanı söyləyib.

Nazir deyib ki, qaz tədarükünün şaxələndirilməsi və optimizasiyası vacib təşəbbüsdür: “Biz bir deyil, daha çox tədarükçünün olması üçün şərait yaratmaq istəyirik. Bu məqsədlə Rusiya ilə danışıqlar aparırıq və ola bilsin ki, müəyyən həcmdə onlardan qaz alacağıq. Hazırda şərtlərin yaxşılarşdırılması istiqamətində danışıqlar davam edir”.

G.Kobulia vurğulayıb ki, “Qazprom” şirkəti ilə həm tranzit, həm də tədarüklə bağlı danışıqlar aparılır: “Bu, bizim şirkətlərə və əhaliyə qazı daha da aşağı qiymətə əldə etməyə imkan verəcək. Bununla bağlı potensial var və biz bunu, ola bilsin ki, hətta bu il əldə edəcəyik”.

Məlumat üçün qeyd edək ki, Gürcüstan təbii qaz ehtiyatını idxal hesabına təmin edir. 2019-cu ildə ölkənin 2 milyard 559,6 milyon kubmetr həcmində qaz istehlak edəcəyi proqnozlaşdırılır. Gürcüstan bu həcmin böyük hissəsini Azərbaycandan alır.