Gürcüstan prezidenti rusiyalı turistlərə çağırış edib

Baxış sayı:
4210

Gürcüstan prezidenti Salome Zurabaşvili bildirib ki, Rusiyadan olan turistlər Gürcüstana səfər etməkdən çəkinməməlidir. Rusiya mediası xəbər verir ki, prezident bu açıqlamanı rus turistlərə Gürcüstana səfər qadağası qoyulduğu üçün verib: “Turistlər bizə gəlmək üçün imkan qazanmalıdılar. Çünki onlar Gürcüstanı çox sevirlər. Siyasətçilər isə baş vermiş bu problemin həlli üçün çalışmalıdılar”. Prezidentin sözlərinə görə, hazırda Tiflisdə yaranmış situasiya nə turistlərə, nə də yerli əhaliyə təsir etməməlidir. Prezident qeyd edib ki, Rusiya ilə Gürcüstan arasındakı gərgin münasibət çoxdan mövcuddur. Amma bu milyon yarım rus turistin Gürcüstana səfər etməsinə mane olmayıb. S.Zurabaşvili qeyd edib ki, Gürcüstan konflikti sülh yolu ilə həll etməyə çalışır. O, hesab edir ki, ölkə Avropa İttifaqına doğru yönəlməli və Gürcüstan ərazisinin birləşməsinə nail olmalıdır. Musavat.com xatırladır ki, 21 iyunda Rusiya prezidenti Vladimir Putin 8 iyuldan etibarən Rusiya aviakompaniyalarına Gürcüstana uçmağı qadağan edib. Daha sonra bu qadağa Rusiyaya uçuş gerçəkləşdirən gürcü aviakompaniyalarına da aid edilib. Gürcüstan aviakompaniyası olan Georgian Airways isə rus turistlərə Ermənistandan tranzit reyslə gəlməyi təklif edib. Təyyarələr Tiflis-Yerevan-Moskva marşrutu ilə uçacaq. 20 iyunda Tiflisdə minlərlə insanın iştirak etdiyi aksiya polislə toqquşma ilə bitib. Nəticədə 240 nəfər xəsarət alıb./Musavat.com