Gürcüstan parlamenti qarşısında aksiya - YENİ BAŞ NAZİRƏ ETİRAZ

Baxış sayı:
12307

Gürcüstan parlamentinin binasının qarşısında etiraz aksiyası keçirilir.

“Report” xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edirlər.

Etirazçılar G.Qaxarianın baş nazir təyin olunmasını qəbuledilməz sayırlar. Onların sözlərinə görə, G.Qaxaria iyunun 20-21-də Tbilisidə baş verən hadisələrə görə məsuliyyət daşıyır və o, baş nazir təyin oluna bilməz.

Aksiya iştirakçıları qanunverici orqanın giriş qapılarında “utanc dəhliz”ləri yaradıblar.

Aksiyaya müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvləri də qoşulublar.

Bu arada Gürcüstan parlamentinin payız sessiyasının ilk iclası təyin olunan vaxtdan gec başlayıb.

Buna səbəb Avropalı Gürcüstan Partiyası üzvlərinin də daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədlyinin irəli sürülməsinə etiraz etmələri olub.

Partiyadan olan deputat Elene Xoştaria fit çalaraq iclasın vaxtında başlanmasına imkan verməyib.

Parlament sədri Arçil Talakvadze toplantıda fasilə elan edib.

İclas müxalif deputatlar zaldan çıxandan sonra başlayıb.

Toplantıda hökumət dəyişiklikləri müzakirə olunur.