Gürcüstan Ombudsmanı: Əfqan Muxtarlı istintaqına prokurorluq rəhbərlik etməlidir

Çərşənbə günü Gürcüstanın Ombudsmanı Uça Nanuaşvili keçirdiyi mətbuat konfransında Baş Prokurora müraciət edərək Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işinin onun oğurlanmasında iştirak etməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyinin (DİN) özü tərəfindən araşdırılmasından şikayət edib.
 
Çıxşında cənab Nanuaşvili "müstəqil və qərəzsiz" araşdırmanın lazım olduğunu vurğulayaraq Baş Prokurordan istintaqın DİN-dən prokrulorluğa keçirilməsini xahiş edib.
Ombudsman həmçinin qeyd edib ki, istintaq üzrə Əfqan Muxtarlının zərər çəkmiş şəxs qismində tanınmadığına görə onun vəkili təhqiqatla bağlı sənədləri əldə etmək hüququna malik deyil. Bu səbəbdən, o, Əfqan Muxtarlıya zərərçəkmiş statusunun verilməsini xahiş edib.
Ayrıca dərc edilən bəyanatda, Ombudsman bu məsələdə "mediaya bir çox şərh" verildiyini, lakin buna baxmayaraq Baş Prokurorluğun son ay ərzində heç bir tədbir görmədiyini deyib.
"Vəziyyətin dəyişmədiyinə görə, o (Ombudsman), Baş Prokurora birbaşa yazılı şəkildə müraciət etməyə qərar verib."
Ombudsman həmçinin işin qedişatını yaxından izlədiyini və o cümlədən Əfqan Muxtarlının yoxa çıxdığı yerdən müşahidə kameralarının çəkdiyi kadrlarının redaktə edilməsinə dair mediada yayımlanan iddialarla tanış olduğunu bildirib.
Baş prokurorluqdan bu iddiaların araşdırılmasını xahiş edən cənab Nanuaşvili həm də Əfqan Muxtarlının işilə bağlı istintaq materiallarının ona çatdırılmasını xahiş edib.