Gürcüstan Milli Hərəkat Partiyası DİN və DTX-nin istefasını tələb edib

Milli Hərəkat Partiyasının nümayəndəsi, parlamentin deputatı Salome Samadaşvili mayın 29-da Tbilisinin mərkəzində azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanmasında Gürcüstanın hüquq-mühafizə orqanlarının əli olduğunu bildirib.
 
"Bu cür xüsusi əməliyyat Gürcüstanın baş nazirinin icazəsi olmadan keçirilə bilməz, çünki belə xüsusi əməliyyatlıar ali siyasi səviyyədə razılaşdırılır. Azərbaycanlı jurnalistin Gürcüstan ərazisində yoxa çıxmasından və nəticədə Azərbaycan hüquq-mühafizə orqanlarının əlinə düşməsindən 24 saat keçib.
Biz bu mövzu ilə bağlı Gürcüstan hakimiyyətinin gülünc bəyanatlarını eşidirik.
Parlament nümayəndələrinin əksəriyyəti həqiqətin üzə çıxarılmasında maraqlı deyil", - o vurğulayıb.
Gürcüstan əvvəlki qara vaxtlara qayıdır, o vaxtlar ki, insanların küçədə oğurlanması adi hal idi. Buna görə indiki hakimiyyət məsuliyyət daşımalıdır. "Əgər Gürcüstanın hüquq-mühafizə orqanları azərbaycanlı jurnalistin oğurlanmasında iştirak edibsə, deməli, biz cinayətlə üzləşmişik və bu, araşdırılmalıdır.
Əgər bizim hüquq-mühafizə orqanları bu xüsusi əməliyyatda iştirak etməyibsə, bu, ölkədə təhlükəsizlik sisteminin tamamilə dağılmasından xəbər verir. Belə ki, Tbilisi küçələrindən istənilən adamı oğurlamaq olar. Yeganə adekvat cavab və tələb daxili işlər nazirinin və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin dərhal istefasıdır. Ölkənin beynəlxalq imicinə böyük zərbə dəyib", - S.Samadaşvili bildirib.
Öz növbəsində Gürcüstan DİN rəhbəri Georgi Mqeblişvili bildirib ki, ölkənin hüquq-mühafizə orqanlarının azərbaycanlı jurnalistin oğurlanmasına bağlılığı ola bilməz.
"Mən tam məsuliyyətlə bəyan edirəm ki, Gürcüstan hüquq-mühafizə orqanlarının bu işə bağlılığı yoxdur və ola bilməz", - o vurğulayıb,
Ə.Muxtarlının vəkillərinin bəyanatına görə, o, mayın 29-da Tbilsiinin mərkəzində evin yaxınlığında naməlum şəxslər tərəfindən oğurlanıb və Bakıya aparılıb. Hakimiyyət onu sərhəddi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.
Əfqan Muxtarlının xanımı və onun vəkilləri hesab edirlər ki, Gürcüstan hökuməti müxalifətçi jurnalistin oğurlanmasında Azərbaycana kömək edib.
Gürcüstan DİN baş verənlərlə bağlı "qanunsuz azadlıqdan məhrumetmə" maddəsilə istintaq aparır.
Öz növbəsində SOCAR Dövlət Neft Şirkətinin törəmə şirkəti olan "Sokar Enerji Corciya" SOCAR-ın Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Əfqan Muxtarlını izləməsi barədə məlumatı təkzib edib.