Gürcüstan kazinolarına üz tutan azərbaycanlılar nəzarətə alınır

Məlumatlı mənbə deyib ki, qonşu ölkədəki tanınmış kazinolar ətrafında gizli müşahidəçilər yerləşdirilib, məqsəd...
 
Son illər azərbaycanlı məmurların, biznesmenlərin və onların övladlarının xarici ölkə kazinolarında görünmələri adi hal alıb. Bunu mətbuatda tez-tez onlar barəsində yayılan xəbərlər də sübut edir. Azərbaycanlı varlıların daha çox qumar oynadıqları və kazino fəaliyyətinə geniş imkanlar yaradan ölkələr sırasında ən çox qonşu Gürcüstanın adını qeyd edə bilərik.
Həm məsafə, həm də təhlükəsizlik baxımından Tiflis başda olmaqla, gürcü şəhərləri məmurlarımızı özünə cəlb edir. Heç kəsə sirr deyil ki, kazino fəaliyyətinə şərait yaradan ölkələr hər il milyonlarla gəlir əldə edirlər.
Əslinə qalsa oliqarxlarımızın qonşu ölkəyə kazino həvəsi ilə axın etdikləri barədə 2 il öncə Tiflisdəki üç iri kazinodan birinin operatoru olan “Storm İnternational” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Lavrenti Qubin “Gürcüstanda qumar biznesinin xüsusiyyətləri” adlı məruzəsində müdhiş faktlar üzə çıxarmışdı. O demişdi ki, Azərbaycandan olan qumarbazlar qonşu ölkənin paytaxtındakı kazinoların əsas gəlir mənbəyidir.
 “Daxili oyun bazarı çox məhduddur. Biz əsasən Azərbaycan, İran və Türkiyədən olan müştərilərin hesabına işləyirik. Tiflisə qumar oynamağa gələnlər əsasən İran, Azərbaycan, Tacikistan və Qazaxıstandan olanlardır. Batumiyə isə əsasən Türkiyədən gəlirlər. Lakin Batumidə VİP-oyunçular azdır, belələri bir qayda olaraq Tiflis kazinolarına gəlir” Lavrenti Qubin məruzəsində deyib.
Kazino şirkətinin təmsilçisinin bildirdiyinə görə, qonşu ölkələrdən gələnlər ümumi müştərilərin 20 faizini təşkil etsə də, gəlirin 80 faizini onlar verir. Bunlar əsasən Azərbaycan, İran, Tacikistandan gələnlərdir. Qalanlar isə Gürcüstan müştəriləridir. “Konkret olaraq Azərbaycan bizə böyük gəlir verir, çünki bu ölkədə qumar biznesi qadağan olunub”- Lavrentiy Qubin deyib.
Bütün bu faktlardan aydın olur ki, məmurlarımız ölkə daxilində müxtəlif yollarla əldə etdikləri külli miqdarda pulları Gürcüstan üçün xərcləyirlər. Burada şübhəsiz ki, 1998-ci ildə Azərbaycanda kazino və qumarxanaların fəaliyyətinin tamamilə qadağan olunması ilə bağlı qəbul edilən qərar da mühüm rol oynayır.
Zaman-zaman bəzi azərbaycanlı oliqarxlar da gürcü kazinolarında “iş başında” az yaxalanmayıblar. Bu sırada sabiq deputat Fərhad Qəribovu xüsusi qeyd edə bilərik. Onun barəsində ötən ilin sonlarında jurnalist Eynulla Fətullayev yazıb ki, F. Qəribovu özü şəxsən Tiflisdə kazinoya gedərkən görüb və daha sonra onun kazinodakı oyununu izləyib. Jurnalistin iddiasına görə, Qəribov 270 min dollar uduzub və bundan sonra yanındakılara kənardan əlavə pul gətiriləcəyini deyib.
Sabiq deputat özü isə Tiflisdə kazinoda 270 min dollar uduzması ilə bağlı barəsində yayılan məlumatı əvvəlcə təkzib edib. Ardınca isə “oynamışam, əcəb etmişəm” deyib.
Gürcüstana qumar oynamaq üçün gedənlərlə bağlı redaksiyamıza bəzi yeni məlumatlar daxil olub. Azərbaycan hökuməti illərdir apardığı müşahidələrdən və qumar həvəskarları ilə bağlı yayılan xəbərlərdən sonra bu istiqamətdə hərəkətə keçib. Məlumatlı mənbə deyib ki, hökumət tanınmış kazinolar ətrafında gizli müşahidəçilər yerləşdirib. Bu müşahidəçilər kazinolara Azərbaycandan gələn adamları fiksə edir, onların uduzduğu (və ya udduğu) pulların hesabını aparır. Ölkə iqtidarının həmin şəxslərlə bağlı qeyri-rəsmi cəza tədbirləri nəzərdə tutduğu da vurğulanır.
 
Natiq Cəfərli
Əslən Gürcüstandan olan iqtisadçı ekspert Natiq Cəfərli bəzi ölkələrdə bəlli çərçivədə və bəlli regionlarda kazinoların fəaliyyətinə şərait yaradıldığını bildirdi: “Rusiyada 4 regionda kazinolar fəaliyyət göstərir, Amerikada isə cəmi iki regionda. Elə ölkələr var ki, ancaq kazinolar üzərində iqtisadiyyat qurublar. Məsələn, Monako kiçik bir knyazlıq olsa da, kazinolar və turizm üzərində qurduğu bir iqtisadi model var. Bir sıra ölkələrdə bunun sübutu var ki, qadağalar təsirsiz olur. Gürcüstanda fəaliyyət göstərən kazinolar məsafə olaraq bizə çox yaxındır. Bizə heç bir viza tələb olunmadan gediş-gəliş var. Ona görə də azərbaycanlı iş adamları, gənclər, biznesmenlər, kazino abı-havası duymaq istəyənlər bir çox hallarda Gürcüstan kazinolarına gedirlər. Ona görə kazino qadağasının bundan sonra Azərbaycanda qalmasının heç bir mənası yoxdur. Sadəcə, bunu bəlli bir çərçivəyə salıb, həm turizmin, həm də ölkə iqtisadiyyatının inkişafına gəlir gətirəcək sahəyə çevirmək mümkündür. Amma bu, bəlli bir bölgədə fəaliyyət göstərə bilər. Azərbaycan həm turizminin inkişafı üçün, həm də qonşu ölkələrə qumar oynamağa gedənlərin qarşısını almaq baxımından bəlli bölgələr ayıra bilər. Bu Bakıda deyil, kənar yerlərdə olsa daha yaxşıdır. Regionların inkişafı nöqteyi-nəzərindən də bu önəmli addım ola bilər. Məsələn, üç bölgə seçilə və onlara lisenziyalar verilə bilər. Kazino işlədənlər üçün böyük vergi nəzərdə tutula bilər. Amma açığı, inanmıram ki, Azərbaycanda bu imkanlar yaradılsa belə, azərbaycanlı məmurlar ora getsinlər. Ən azından gözə görünməmək və ölkədə bu fəaliyyətlə məşğul olmamaq üçün bu məmurlar qonşu ölkələrə, o cümlədən Türkiyə Kiprinə və Gürcüstana səfər edəcəklər. Kazino əyləncəsi üçün əsas bu iki ölkəyə üz tutulur. Amma onlar ölkə daxilindəki kazinolara getməsələr belə, xaricdən gələn turistləri, eləcə də Azərbaycanda bu işə əyləncə kimi baxan vətəndaşları nəzərə alsaq, müsbət nəticələrinin olacağı şübhəsizdir. İş yerlərinin açılması, əlavə gəlirlərin gəlməsi baxımından mühüm rol oynaya bilər. Belə bir qadağanın olmasının XXI əsrdə heç bir əhəmiyyəti yoxdur. Çünki evdən çıxmadan belə əgər əlində kart varsa və kartda pul mövcuddursa, internet üzərindən dünyada istənilən kazinoda onlayn oynaya bilərsən. Ona görə qadağaların effekti yoxdur. Bir daha deyirəm, Azərbaycanda bəlli bölgələr seçilməli, turistik regionlarda buna şərait yaradılmalı, bununla ölkə büdcəsinə yüksək gəlirlər gətirilməlidir”.