​Gürcüstan hakimiyyətinin boz kardinalı: “ABŞ Saakaşvilidən ikinci Fətullah Gülən düzəltmək istəyir”

“Saakaşvilidən biz Gürcüstan modeli Gülən əldə edə bilərik, lakin Güləndən fərqli olaraq, o fəaldır və dəqiq sakitləşməyəcək”, - virtualaz.org “Qruziya-Onlayn” nəşrinə istinadən xəbər verir ki, bunu gürcüstanlı jurnalistlərə müsahibəsində Mixail Saakaşvilinin ABŞ vətəndaşlığı ala bilmə ehtimalını şərh edərkən Gürcüstan hakimiyyətinin boz kardinallarından biri Giya Xuxuaşvili deyib.
G.Xuxuaşvili qeyd edib ki, hadisələrin bu cür inkişafı Gürcüstan hakimiyyəti üçün narahatlıq yarada bilər, çünki ABŞ heç vaxt Saakaşvilini Gürcüstana təhvil verməyəcək. “Hesab edirəm ki, hər hansı bir müddətdə ABŞ-ın Saakaşvilini Gürcüstana təhvil verməsi ehtimalı yoxdur. Bunun bir çox səbəbləri var və mən təfərrüatlara varmayacağam. Saakaşvilinin ABŞ vətəndaşlığı ala bilməsi ehtimalı Gürcüstan üçün narahatlıq törədir, belə ki, istənilən amerikalı statusunda, yaxud tamamilə statussuz Saakaşvili indiki hakimiyyətimiz üçün problemə çevrilə bilər. Saakaşvilidən biz Gürcüstan modeli Gülən əldə edə bilərik, lakin Güləndən fərqli olaraq, o fəaldır və dəqiq sakitləşməyəcək”, - Giya Xuxuaşvili bildirib.
Ekspertin fikrincə, hadisələrin bu cür inkişaf edəcəyi təqdirdə Gürcüstan siyasətində Saakaşvilinin əhəmiyyəti artacaq, çünki Ukrayna siyasəti üçün o, artıq “dünənki gün”dür. “Poroşenko Gürcüstan üçün narahatlıq yaradıb, özü də elə bir formada ki, sanki biz bu məsələdə iştirakçı olmuşuq. Mən Gürcüstan siyasətində Saakaşvilinin əhəmiyyətinin artacağını istisna etmirəm, çünki Ukrayna siyasəti üçün o, artıq “dünənki gün”dür”, - Giya Xuxuaşvili bəyan edib.