Gürcüstan Ermənistana nəfəslik aça bilər - Zurabişvili təhlükəsi

Baxış sayı:
4309

Elçin Mirzəbəyli: “Vəziyyət daha çevik olmağımızı tələb edir...”

Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin gəlişi göründüyü kimi, Azərbaycanda narahatlıqla qarşılanıb. Xanım siyasətçinin ermənipərəst ölkə Fransada doğulması, seçkiqabağı təbliğat dönəmində ermənilərə olan simpatiyasını büruzə verməsi onun qarşıdakı 6 illik prezidentliyi dönəmində Ermənistanla yaxın əlaqələr qura biləcəyi ilə bağlı fikirlər formalaşdırıb.

Azərbaycan tərəfi ən çox narahat edən Rusiyanı Ermənistanla birləşdirən Abxaziya dəmir yolunun açılması və düşmən ölkənin blokada rejiminin yumşaldılması ilə bağlı S.Zurabişvilinin addım ata biləcəyi yönündə ehtimallardır.

Politoloq Elçin Mirzəbəyli Azərbaycan tərəfin narahatlığı ilə bağlı “Yeni Müsavat”a bu cür şərh verdi: “Gürcüstanın mövcud Konstitusiyasına görə, prezidentin səlahiyyətləri bir o qədər də geniş deyil. Prezident dövlət başçısı və ali baş komandan sayılsa da, o, hökumətin razılığı olmadan daxili və xarici siyasətlə bağlı müstəqil qərarlar qəbul etmək və həyata keçirmək səlahiyyətində deyil. Bu isə öz növbəsində Gürcüstanda prezident hakimiyyətinin dövlət idarəçiliyinin demək olar ki, bütün istiqamətlərində formal xarakter daşıdığını söyləməyə əsasa verir. Bu baxımdan, Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili də fəaliyyəti dövründə hökumətin və parlamentin razılığı olmadan hər hansı formada qərar qəbul edə və həyata keçirə bilməyəcək. Çünki onun belə bir konstitusion səlahiyyətləri yoxdur. Bu səbəbdən də onun Moskva-Suxumi-Tiflis- İrəvan dəmir yolunun açılması ilə bağlı birbaşa qərar verməsi hüquqi baxımdan mümkün deyil. Ermənistanla Rusiya arasında birbaşa dəmiryolu əlaqəsinin bərpasına gəldikdə isə, Gürcüstanın indiki hakimiyyətində Salome Zurabişvili olmadan da bunu istəyənlər az deyil. Yolun bərpa olunmasına mane olan amillər isə kifayət qədər çoxdur və təbii ki, yolun açılması ilk növbədə Gürcüstanın öz milli maraqlarına cavab vermir. Şübhəsiz ki, burada əsas amillərdən biri Azərbaycanla bağlıdır. Nəzərə alsaq ki, Gürcüstanın Azərbaycana ehtiyacı olduğu kimi, Azərbaycanın da Gürcüstana ehtiyacı var, o zaman bu amilin yeganə olmadığı barədə fikirlərimizi qətiləşdirə bilərik. Dəmir yolunun bərpasına mane olan amillərdən biri Abxaziya ilə bağlıdır. Yolun açılması isə de-fakto ilhaq olunmuş Abxaziya ilə bağlı reallığın qəbul edilməsidir. Digər tərəfdən Abxaziyada çoxsaylı erməni diasporu yaşayır və onlar Gürcüstana qarşı müharibədə, separatizm hərəkatının vüsət almasında fəal şəkildə iştirak ediblər. Son göstəricilərə görə, Abxaziyada yaşayan ermənilər əhalinin 21%-ni təşkil edir. Abxaziyanın paytaxtı Suxumidə şəhər əhalisinin 61%-i ermənidir. Ermənilər Qaqrada 41, Qulrıpş rayonunda isə əhalinin 47%-ni təşkil edirlər.

Ä°lgili resim

Sadaladığım şəhər və rayonlar Abxaziyanın ən strateji və ən gəlirli bölgələridir. Abxaziyada vaxtilə vüsət alan separatizm hərəkatında ermənilər əsas stimullaşdırıcı amil və imperiyanın sadiq köpəkləri kimi çıxış ediblər. Ermənistanla dəmiryolunun açılması isə ilk növbədə onların işinə yarayacaq. Zurabişvilinin əvvəllər Fransa vətəndaşı olmasının və bu ölkənin xarici siyasət idarəsində mühüm vəzifələrdə çalışmasının isə Ermənistanla Rusiya arasındakı dəmiryolu xəttinin açılması ilə nə birbaşa, nə də dolaysıyla əlaqəsi yoxdur. Onun prezidentliyi ilk növbədə Gürcüstanla Avropa İttifaqı münasibətlərinə müsbət təsir göstərəcək və çox güman ki, Fransa da bu prosesdə öncül yer tutacaq. Fransanın dəmiryol məsələsində Gürcüstana təsir göstərəcəyi isə inandırıcı deyil. Çünki Rusiya ilə Ermənistan arasındakı əlaqələrin genişlənməsi heç bir halda rəsmi Parisin maraqlarına xidmət etmir. Bununla yanaşı, Zurabişvilinin bir sıra qıcıqlandırıcı addımlar atması da mümkündür. Belə bir ehtimalı da gözdən qaçırmaq olmaz. Çox güman ki, Ermənistanda keçirilən seçkilərdən sonra onunla Nikol Paşinyan arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəyyən müzakirələr aparılacaq və ola bilsin ki, Gürcüstan hökuməti ilə razılaşdırılmış hansısa ortaq qərarlar da qəbul olunsun. Reallıq isə ondan ibarətdir ki, regiondakı düzən dəyişir. Ən azından yaxın perspektivdə... Şübhəsiz ki, bu prosesdə Rusiyanın iştirakının necə olacağı, baş verənlərə münasibətdə gözləmə mövqeyi tutacağı, yaxud daha sərt addımlar atacağı da önəmlidir. Bu məqamların dövlətimiz tərəfindən nəzərə alındığına şübhə etmirəm”.

Politoloq yaranmış vəziyyətdə Azərbaycan tərəfin nə etməli olduğu barədə suala belə cavab verdi: “Yaranmış vəziyyət daha çevik olmağımızı tələb edir. Gürcüstanda yaşayan soydaşlarımızla bağlı buraxılmış boşluqlar aradan qaldırılmalıdır. Bu prosesdə Gürcüstan tərəfindən iştirak edən, əslində isə Gürcüstan və Azərbaycanın deyil, üçüncü dövlətlərin, o cümlədən Rusiyanın maraqlarına xidmət edən qruplar, şəbəkələr sıradan çıxarılmalı, birbaşa təmas və ünsiyyət bərpa edilməlidir. İnvestisiyalar Azərbaycanla sərhədə yaxın ərazilərə yatırılmalıdır. Gürcüstan azərbaycanlılarının təhsili başa vurduqdan sonra öz ölkələrinə qayıdacaqları barədə öhdəliklərinə uyğun olaraq, Azərbaycanın ən yaxşı ali təhsil müəssisələrində ödənişsiz təhsil almalarına imkan yaradılmalıdır. QHT-lərin həyata keçirdiyi layihələrdə Gürcüstanda və digər ölkələrdə yaşayan soydaşlarımızın iştirakı əsas şərtlərdən biri kimi götürülməlidir. Azərbaycandan gürcü və Azərbaycan dillərində - iki dildə yayımlanan internet resursları və bəlkə də telekanal yaradılmalıdır. 2017-ci ildə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova arasında azad ticarət zonalarının yaradılması ilə bağlı qərar qəbul olunmuşdu və qərar artıq həyata keçirilməli, ağırlıq mərkəzi isə Azərbaycanla Gürcüstanın həmsərhəd əraziləri olmalıdır. Əslində görüləcək işlərin siyahısı kifayət qədər genişdir, amma təəssüf ki, onların çoxunu açıqlamaq mümkün deyil”.