“Gürcüstan demokratiyası təhlükə altındadır” - BAKRADZE

Baxış sayı:
4360

“Avropalı Gürcüstan” partiyasının sədri, eks-spiker, son prezident seçkisinin ilk turunda 10, 47 faiz səs toplamış David Bakradze Musavat.com-a eksklüziv müsahibə verərək 4 gün öncə keçirilmiş president seçkilərinin nəticələrinəc seçkidən sonra Gürcüstanda yaranmış ictimai-siyasi durumu dəyərləndirib.
Cənab Bakradze, son prezident seçkiləri iqtidar komandasının qələbəsi ilə bitdi. İlk turda səslərin 60 faizə qədərini qazanan müxalifətin ikinci turda 20 faiz səs itirməsinin səbəbi nədir?

Seçkilərin kütləvi saxtalaşdırılması. 28 noyabr seçkisi 2003-cü ildən bəri Gürcüstanda keçirilən keyfiyyətcə ən aşağı seçki oldu. Yada salım ki, 2003-cü ilin biabırçı seçki prosesindən sonra xalq inqilab etdi. Bu yalnız müxalifətin qiymətləndirməsi deyil. Seçkini müşahidə edən bütün beynəlxalq qurumlar prosesi ədalətsiz adlandırıb. Mən siyasətdə olduğum 20 ildən artıq müddətdə beynəlxalq müşahidəçilərin belə kəskin tənqidini xatırlamıram. ATƏT-in, NATO Parlament Assambleyasının, Avropa İttifaqı Parlament Assambleyasının, Tbilisidəki diplomatik korpusun seçki hesabatları yetərincə obyektivdir. Səbədlərdə xüsusilə qeyd olunur ki, hakim partiya seçkinin ədalətli keçirilməməsi üçün bir çox tədbirlərə əl atıb. Söhbət əsasən inzibati resursların istifadəsindən gedir. Bu hal Gürcüstan üçün illərdir problem olaraq qalır. Ancaq bu seçkidə miqyas o qədər böyük idi ki, bütün buna qədərki seçkilərdə inzibati resursların imkan faizini tolasaq, bu dəfəkinə çatmaz.

Söhbət yalnız ikinci turdan gedir?

Xeyr. Seçki prosesi başlayandan iqtidar bu imkanları öz namizədi üçün səfərbər etmişdi. İlk turda bu, bir qədər az nəzərə çarpırdı. Ancaq proses kritik həddə birinci və ikinci tur arsındakı zamanda çatdı. İqtidar ilk turda faktiki məğlub olduğunu görəndən sonra anladı ki, qələbə üçün seçkini kütləvi saxtalaşdırmaqdan başqa yolu yoxdur. İqtidar ilk turdan məğlub çıxdı. Bütün böyük şəhərlərdə müxalifət qalib gəlmişdi. İki müxalif partiyanın – Vahid Milli Hərəkat və “Avropalı Gürcüstan” partiyalarının nəticələri təxminən 49 faiz idi. Zurabişvilinin səsi 39-a çatırdı. Səslərin yarısı müxalifətin idi. İkinci tura keçiddə biz və digər üç partiya da – onların da səsi 10 faizə yaxın idi – Vahid Milli Hərəkatın namizədi Qriqol Vaşadzeni dəstəklədik. Hakimiyyət görəndə ki, ilk turda 60 faizdən çox səs toplayanlar birləşib, bütün saxtalaşdırma üsullarını işə saldı. İnzibati rerurslar, pul-para, korrupsiya, vətəndaşların pulla ələ alınması presedentsiz xarakter aldı. Televiziya kameralarının önündə seçicilərə pul, ərzaq paylandı. Bu iqtidarın xalqa yardımı deyildi, təbii. Hakimiyyət xalqa yardım etməyə borcludur, “Gürcü Arzusu” iqtidarı isə səfalət həddinə gətirdiyi vətəndaşların səslərini bu yolla satin alırdı. Seçki öncəsi baş verən bu hadisəni başqa cür qiymətləndirmək mümkün deyil.

Seçki günü hansı saxtakarlıqlar daha çox qeydə alındı?

Əsas səsvermənin gizliliyinin pozulması, “karusel”… Vətəndaşları səsvermə otaqlarından açıq bülletenlə çıxmağa məcbur edirdilər ki, kimi seçdiklərini müşahidə edə bilsinlər. Ən çox təəssüf və həyəcan doğuran məqam isə “Gürcü Arzusu”nun seçki prosesində kriminal dünya ilə sıx əməkdaşlıq etməsi oldu. Bu, “Gürcü Arzusu” iqtdarının Gürcüstanda demokrtaik cəmiyyət quruculuğuna vurduğu ən böyük zərbə idi. Demək olar ki, bütün məntəqələrə yerli kriminalların təmsilçiləri nəzarət edirdi. Onlar açıq şəkildə prosesə müdaxilə edir, müxalifətçilərə basqı göstərir, səsverməyə gedənləri hədələyir, qorxudurdular. Yəni iqtidar demokratiyanın qadağan etdiyi qaydaların bütün arsenalını işə salımışdı. Buna görə də, beynəlxalq müşahidəçilərin, bütünlükdə sivil dünyanın seçkinin nəticələrinə münasibəti bu qədər tənqid dolu oldu. Hətta diplomatik tonu pozmamağa çalışan, iqtidarla münasibətlərin yüksək səviyyədə qalmasında maraqlı olan, bu səbəbdən siyasi proseslərə daha yumşaq münasiət bildirən diplomatik korpus da çox sərt ifadələr işlətdi. Birmənalı demək olar ki, 28 noyabr seçkisi Gürcüstan demokratiyasının geriyə ciddi addımı oldu. Müxalifət də, müxalifətin əsas tərəfdaşlarının da seçki haqqında yekin fikri belədir – Gürcüstan demokratiyası təhlükədədir.

Mübarizənin növbəti mərhələsini necə görürsünüz? Seçkidən qalib çıxan iqtidarla savaşmaq hər halda asan olmayacaq…

İqtidarın son seçki ilə demokratiya və seçki anlayışına ciddi zərbə vurmasına baxmayaraq, müxalifətin demokratik mübarizədən başqa yolu yoxdur. Daha çox işləməliyik. Ümumilikdə prosesə baxdıqda müxalifətin hər seçkidə şansı artır. 2013-cü il seçkisində müxalifət 22 faiz, 2016-cı il seçkisində 33 faiz toplayıb, 2018-ci ildə bu faiz 40-ı keçdi. Bütün bunlar onu göstərir ki, müxalifət doğru yolda və inkişafdadır. Bizim qələbəyə çox qısa yolumuz qalıb və mütləq bir sıradakı seçkilərdə qalib gələcəyik.

Beynəlxalq müşahidəçilərin verdiyi qiymət Gürcüstanın Avropaya inteqrasiyasına necə təsir edə bilər?

Sözsüz ki, bu ölkənin imicinə ağır zərbədir və bu yaranı sağalması zaman alacaq. Söhbət yalnız avrointeqrasiyadan getmir. Ölkənin sağlam inkişafının bütünlüklə qarşısı alınıb. Bu gün ölkədə çoxları düşünür ki, görəsən, seçkinin ünumiyyətlə önəmi varmı… Vətəndaş düşünür ki, o seçkiyə gedir, təhdidlərə, hədələrə baxmayaraq səs verir, iqtidar isə qutudan öz namizədini çıxarır. Bəs əgər seçki yolu ilə həyatı yaxşılaşdırmaq mümkün deyilsə, bunun üçün daha hansı sivil yol var? İnqilab?… Savaş?… İqtidar artıq demokrtaiya vərdişləri yaranan Gürcüstan vətəndaşlarını belə bir qarışıq düşüncələr içərisinə salıb və insanlar gələcəyə inamlarını itiriblər. Bütün normal ölkələr istisnasız olaraq seçki yolu ilə inkişaf edir. Seçki öncəsi müxalifətin ölkədə sabitliyi pozacağı haqda xof yaradan iqtidarların özləri sabitliyi seçki ideyasını diskreditasiya etməklə daha çox pozurlar. Vətəndaş seçkinin önəmini hiss etmədikdə küçəyə çıxır. Yəni iqtidar seçki ideyasına qarşı hərəkətləri ilə vətəndaşı küçəyə çıxmağa məcbir edir. Ona görə də ölkənin gələcəyini düşünən müxalifətçi partiya kimi bizim əsas vəzifəmiz vətəndaşları dinc üsulla mübarizədən ən sağlam yol olduğuna inandırmaqdır. Bu qədər kütləvi saxtakarlıqdan sonra iqtidar müxalifətin 20-25 faiz deyil, 40 faiz səs topladığını etiraf etdi. Gələn seçkidə biz mütləq 50 faizi aşacağıq. Son seçki bir daha göstərdi ki, “Gürcü Arzusu” ölkəyə heç bir xeyir gətirməyən, artıq formalaşmış dəyərlərin məhv olmasına çalışan ziyanlı hakimiyyətdir və ondan qurtulmaq gərəkdir. Onlar seçki öncəsi qapı-qapı düşüb ərzaq paylaya bilir, ancaq ölkənin iqtisadi problemlərini çözə bilmir. Vətəndaş bütün bunların fərqindədir. Vətəndaş artıq bilir ki, qorxu ilə nə qədər insan ələ alına bilər, nə qədər insan siyasi baxışlarına görə həbs edilə bilər, nə qədər insan işdən çıxarıla, digər inzibati basqılarla üzləşə bilər. “Gürcü Arzusu” bu seçkidə bütün bu məsələləri tavana qaldırdı. Onların bundan o yana yolu olmasa da, bizim var. Biz bu seçkidə də sübut etdik ki, müxalifət bütün basqılara baxmayaraq güclüdür və ölkədəki siyasi proseslərdən tamamilə kənarlaşdırılmağımız mümkün deyil.

Vahid Milli Hərəkat Partiyası seçkidən sonra mitinqlərə başlayır. Siz ikinci turdakı bərabərliyinizi etiraz aksiyalarında da saxlayacaqsınızmı?

Biz küçəyə çıxamayacağıq, heç bir mitinqin təşkilatçıları sırasında olmayacağıq. “Avropalı Gürcüstan”ın siyasi şurasından çıxan qərar belədir. Ancaq partiya üzvləri sərbəstdirlər – kim etiraz aksiyalarına qoşulmaq iqtəyirsə, partiyanın buna etirazı olmayacaq. Düşünürəm ki, hakimiyyət mitinqləri ölkədə iğtişaş yaratmaq cəhdləri kimi qiymətləndirərək prosesi gözdən salmağa çalışacaq. Bütün seçki prosesi boyu iqtidar müxalifəti pozuculuqda ittiham etmək üçün səbəb axtarırdı. Biz buna imkan yarada bilmərik. Prezident seçkisi artıq arxada qaldı. Biz təhlillər apararaq növbəti seçkiyə hazırlıq mərhələsinə başlamaq istəyirik. Biz vətəndaşa da sübut edəcəyik ki, ölkədə qarşıdurma yaratmaqda, sabitliyi pozmaqda maraqlı olan tərəf müxalifət yox, qanunsuz əməllərindən əl çəkməyən iqtidardır. Bizim yolunuz seçki yolu ilə sivil mübarizədir.

Vahid Milli Hərəkat Partiyasının əsas hədəflərindən biri də 2019-cu ildə erkən parlament seçki keçirilməsidir. Aydındır ki, seçkinin nəticələri erkən seçkini istisna edir. Kütləvi aksiyalar genişlənsə və səsi saxlaşaşdırılanlar sərbəst toplaşmaq hüququndan yararlansalar, bu məsələnin yenidən ölkə gündəminə gəlməsini real sayırsızmı? Bu durumda müxalifət beynəlxalq birlikdən seçki prosesində ala bilmədiyi dəstəyi ala bilərmi?

Bizim müxalifət kimi əsas vəzifəmiz Avropadan və ABŞ-dan olan tərəfdaşlarımızla bir yerdə Gürcüstandakı siyasi sistem dəyişməkdir. Bu ilk sırada parlament seçkisinə aiddir. Biz seçki sisteminin proporsional, ya da regional-proporsional olmasını istəyirik. Gürcüstan majoritar sistemdən birdəfəlik əl çəkməlidir. İndiki qarışıq sistemdə hakimiyyətin qələbəsi birmənalı təmin olunur. Prezident seçkisində müxalifət səslərin 40 faizini toplayıb, ancaq parlamentdəki mandatlarımızın sayı 10 faizi keçmir. Yəni, parlament bu gün heç bir halda ölkənin siyasi düzəninə və xalqın siyasi ovqatına uyğun deyil. Səbəb seçki sistemindədir. Əgər iqtidar ölkədə siyasi sabitlik olmasında maraqlıdırsa, parlament xalqın iradəsinə uyğun formalaşdırılmalıdır. Ona görə də bizim yaxın gələcək üçün siyasi mübarizəmiz seçki sisteminin dəyişməsi uğrunda olcaq. 2019-ci ildə erkən seçkilərin keçirilməsi də istisna deyil. Proses xeyli dərəcədə xalqın ruhundan asılı olacaq. Ancaq dediyim kimi, sistem dəyişməsə, erkən seçki gözlənilən nəticəni verməyəcək. Bu seçki göstərdi ki, indiki sistemlə erkən seçki keçirilsə, hakimiyyət yenidən saxtalaşdmalarla ömrünü daha 4 il uzadacaq. Buna imkan verməməliyik.