Gürcüstan Bakı ilə İrəvan arasında VASİTƏÇİ OLSUN – Gürcü politoloq

Gürcüstan dünyada yeganə ölkədir ki, Azərbaycanla Ermənistan arasında müharibənin başa çatması onun üçün həyati əhəmiyyət kəsb edir.
 
Bu sözləri öz Feysbuk səhifəsində gürcü politoloq Gela Vasadze paylaşıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında heç bir vasitəçi olmadan birbaşa danışıqlar üçün əsas meydan məhz Tiflis olmalıdır:
“Gürcüstan anlamalıdır ki, Ermənistan və Azərbaycan düşməndirlər. Bunun çox səbəbləri var və imperiya siyasəti 90-cı illərdəki hadisələrdə açar rolunu oynayıb. Azərbaycan heç zaman məğlub rolu ilə barışmayacaq, Ermənistan isə qazandığı qələbənin onun üçün regional əməkdaşlıq və normal inkişaf üçün qapıları bağlamasına baxmayaraq, heç vaxt qələbəsini əldən verməyəcək. Situasiya dalana dirənib. Bu təkcə Ermənistan və Azərbaycan üçün yox, həm də Gürcüstan üçün dalana dirənmiş vəziyyətdir.
Yenidən azərbaycanlılar və ermənilərə müraciət edirəm. Konfliktin bütün ağırlığına baxmayaraq, sizin ukraynalılar, moldovalılar və bizim qarşımızda mübahisəsiz bir üstünlüyünüz var. Siz böyük imperiya ilə yox, bir-birinizlə savaşırsınız. Siz bu üstünlükdən istifadə edə bilmirsiniz. Mənim fikrimcə, məhz bu üstünlük müharibədə həmişəlik batmamaq üçün yapışmalı olduğunuz əsas saman çöpüdür.
Fikirləşmək lazım deyil ki, bütün müharibələr sülhlə qurtarır. Əgər siz müharibəni öz nəvə və nəticələrinizə buraxıb getsəniz, o zaman elə bir gün gələr ki, o sizin nəvə və nəticələrinizi də məhv edə bilər”.
Ekspert həmçinin Dağlıq Qarabağdakı danışıqlar prosesinin dalana dirəndiyini bildirib. Onun sözlərinə görə, Bakı və İrəvan vasitəçilərdən imtina etməlidir. Çünki istənilən halda vasitəçilər ya konfliktin həllinə can yandırmırlar, ya da ki, həllində maraqlı deyillər:
“Moskva ilə bağlı hər şey aydındır. Onlara konfliktin qalması Azərbaycan və Ermənistana etibarlı təsir vasitəsi kimi lazımdır. Paris və Vaşinqtonda isə sadəcə yatıb, yuxuda azərbaycanlılarla erməniləri necə barışdırılmasını gördüklərinimi sanırsınız? Yeri gəlmişkən, Ankara və Tehran barədə də eyni şeyi söyləmək olar”.
Vasadze İrəvan və Bakıda vasitəçilərin bütün oyunlarını çox yaxşı anladıqlarını bildiriblər. O, regionda status-kvonun saxlanılmasının həddən artıq pis olduğunu söyləyib.