GÜRCÜSTAN “3+3” FORMATINDAN NİYƏ İMTİNA EDİR? – Bu formatın “2+3” çərçivəsinə salınmasının pərdəarxası…

Baxış sayı:
1033

44 günlük müharibədən sonra Azərbaycan və Türkiyənin təşəbbüsü ilə regionda "3+3" formatı meydana gəldi. Bu format 3 Cənubi Qafqaz ölkəsilə (Azərbaycan, Gürcüstan, Ermənistan) onların qonşusu olan daha 3 böyük dövlətin (Türkiyə, Rusiya və İran) itisadi müstəvidə əməkdaşlıq təşəbbüsü kim nəzərdə tutulub. Əslində isə, 2020-ci il gündəminə daxil olmamışdan əvvəl də bu təşəbbüs təxminən 20 il əvvəl qardaş Türkiyədə səsləndirilmişdi. Yəni bu ideya dünən, srağagün ortaya çıxmayıb. Üç regional oyunçunun Cənubi Qafqazın üç dövləti ilə bu və ya digər formada əməkdaşlığı ideyası uzun müddətdir ki, gedir və inkişaf etdirilir.

Bu təşəbbüsün Türkiyədə ilk dəfə səslənməsindən 20 il sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsi fonunda məlum ideyanı yenidən “canlandırdı”. Nəhayət, onu işə salmaq cəhdləri fonunda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ötən il dekabrın 10-da Bakıda keçirilən “Qələbə paradı”nda “altılıq platforması” təklif edildi. Platforma Ermənistan, Azərbaycan və Gürcüstan arasında üç böyük və nüfuzlu qonşu - Türkiyə, Rusiya və İran ilə müharibədən sonrakı regional əməkdaşlığı nəzərdə tuturdu. Azərbaycan və Türkiyə liderləri Qarabağ münaqişəsi başlayandan sonra dayandırılmış bütün kommunikasiya yollarının açılmasını və Ermənistan ərazisindən tranzit daşımaların qurulmasını təklif ediblər. Çoxillik blokadanın aradan qaldırılması nəticəsində İrəvana iqtisadi çiçəklənmə və yeni platformada iştirakın ona gətirəcəyi digər imkanlar vəd edilib.

Daha sonra bu təşəbbüs Rusiya tərəfindən bir qədər yenidən formatlaşdırıldı və “3+3” formatı kimi təqdim edildi ki, bu da əslində üç Qafqaz dövlətinin üç regional liderlə eyni səviyyədə əməkdaşlığı deməkdir.

Bir sözlə, Azərbaycan Türkiyənin regionda strateji tərəfdaşı kimi “altılıq platforması”nı dəstəkləməklə yanaşı, həm də bu ideyanın həmmüəllifi kimi çıxış edib. Bu gün rəsmi Bakı bu əməkdaşlıq formatını fəal şəkildə təbliğ edir, ikinci “strateji tərəfdaş”ı – Gürcüstanı orada iştirak etməyə razı salmağa çalışır.

Məlum olduğu kimi, artıq 2021-ci il dekabrın 10-da Moskvada "3+3" formatı çərçivəsində ilk görüş keçirilib. Daha doğrusu, görüş "2+3" formatında baş tutdu. Çünki Gürcüstan tədbirdə iştirak etmədi. Beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını və onun üçün qapının açıq olduğunu bildirdilər.

Gürcüstan isə tərəfdaşların bu dəvətinə rəğmən, bu formata təmkinlə, ehtiyatla yanaşır. Tiflis bu formatdan kənarda durmasını onunla əsaslandırır ki, Qərbin regionda dayağı, təmsilçisi olan ABŞ ilə Avropa İttifaqı arasında mübarizənin əsas obyekti olan Rusiya ilə heç bir birliyə girməyə tələsmir. Mövqeyini isə belə izah edir ki, onun üçün Qərbin olmadığı formatlar qəbuledilməzdir.

Əlbəttə, bu rəsmi Tiflisin rəsmi mövqeyidir. Bəs, bu mövqenin altında daha nələr gizlənir? Belə desək, Tiflisin əsl bəhanəsi nədir?

Zənnimizcə, Gürcüstanın formata qoşulmamasının daha ciddi səbəbləri var. Heç də təsadüfi deyil ki, Tiflisdə “3+3” formatı ətrafında bəyanatlar qalmaqalsız ötüşmədi. Buna jurnalistlərlə söhbətində formatla bağlı təklifin nəzərdən keçirilməsinin mümkünlüyünü “təsadüfən etiraf edən” XİN rəhbəri David Zalkalianinin tamamən “ehtiyatlı” və daha çox pozitiv çalarlara malik fərziyyəsi səbəb oldu. Onun sözlərinə “qərbyönlü” ekspertlər tərəfindən dərhal reaksiya verildi və Zalkalianin açıqlaması birmənalı şəkildə pisləndi.

Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun analitiki Zurab Batiaşvili Facebook-dakı şərhində bildirdi: “Gürcüstanın 3+3 formatında (Zalkalianinin bizə verdiyi) iştirakına icazə verilmir və bunun səbəbi budur: Türkiyə ikinci Qarabağ müharibəsindən sonra belə bir formatın yaradılması barədə rəsmi şəkildə fikir səsləndirməsinə baxmayaraq, hamı (o cümlədən Ankara da) yaxşı bilir ki, bu, Kremlin regionda anti-Qərb koalisiyasının yaradılması ideyasıdır (təbii ki, onun lideri özü olacaq). Gürcüstan üçün isə bu, qərbyönlü kursdan kənara çıxmağı qanuniləşdirməkdən başqa yaxşı heç nə gətirməyəcək”. Gürcüstan Xarici İşlər Nazirliyi isə bu və digər pisləyici bəyanatlara dərhal reaksiya verdi və Zalkalianinin sözlərinin “səhv şərh edildiyini” açıqladı.

Qəribədir ki, eyni zamanda, üç Cənubi Qafqaz dövləti arasında əməkdaşlıq ideyası Tiflisdə hökumət səviyyəsində fəal şəkildə irəli sürülür. Ona “Qafqaz Platforması” formatı geyindirildi. Analoji “Sülh qonşuluq təşəbbüsü”nü Gürcüstanın baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında irəli sürdü və bunu “Qara dəniz regionunda sülh və sabitliyin təmin edilməsi” məqsədi adlandırdı. O, Cənubi Qafqaz respublikaları ilə birlikdə “beynəlxalq tərəfdaşların” da ona qoşulacağı ümidi ilə yeni mehriban qonşuluq təşəbbüsünün perspektivlərini müzakirə etmək üçün Tiflisdə beynəlxalq görüş keçirməyə hazır olduğunu bildirdi. Eyni zamanda, Qaribaşvili Rusiyanı “Gürcüstan ərazilərinin işğalı”na görə qınamağı da unutmadı və Gürcüstanın Aİ və NATO-ya üzv olmaq istəyini təsdiqlədi.

Bu danışıq tərzinə baxsaq, belə başa düşərik ki, bu gün Tiflis Rusiyanın məlum formatda yerini görmür. Tiflisə "3+3" formatından kənarda durmaq komandasının Vaşinqtondan verilməsinə daha bir sübut kimi, dekabrın 10-da Vaşinqtonda Gürcüstan parlamentinin nümayəndə heyətinin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson ilə görüşünü göstərə bilərik. Rəsmi məlumata görə, tərəflər strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Eləcə də Olson gürcü deputatların regionda baş verən proseslərlə bağlı fikirləri ilə maraqlanıb və Moskvada keçirilən xarici işlər nazirlərinin müavinləri səviyyəsində “3+3” formatının ilk görüşü müzakirə edilib. Olsonla görüşün ardınca, “Gürcüstan parlamentinin deputatları Dövlət Departamentinin nümayəndəsinə Gürcüstanın mövqeyini, Gürcüstanın niyə bu formata qarşı olduğunu və iştirak etmədiyini aydın şəkildə izah ediblər”, - deyə bəyanatda deyilir. 

Baş nazir Qaribaşvili İrəvana səfərindən sonra bir daha Gürcüstan-Ermənistan-Azərbaycan əməkdaşlıq təşəbbüsündən danışaraq, Gürcüstanın əsas rolunu vurğuladı və xatırlatmağı da unutmadı ki, məhz Tiflisin vasitəçiliyi ilə Bakı hərbi əsirləri İrəvana, bunun müqabilində isə Ermənistan mina sahələrinin xəritələrini Azərbaycana verdi.

Beləliklə, gürcü ekspertləri bir ağızdan Gürcüstanın Qərb istiqamətindən qopmaq və Rusiyanın orbitinə girmək istəməməsini bu formata qoşulmamaqla əsaslandırır. Məsələn, gürcü eksperti Zaala Ancaparidze, "3+3" formatına münasibəti belə sərgiləyir: “İdeyalar havadadır, lakin təkcə Gürcüstanla Rusiya arasında deyil, həm də Ermənistanla Azərbaycan, İran və Azərbaycan arasında potensial ziddiyyətlər olduğuna görə, hələlik nəyisə proqnozlaşdırmaq çətindir. Bu format hərbi əməliyyatların qarşısını almaq üçün lazımdır. Bu format region ölkələri arasında münasibətlərin dinc müstəviyə keçməsi üçün əməkdaşlıq, danışıqlar platformasına çevrilə bilər. İqtisadi və humanitar komponentlərə üstünlük verilir. Yəni iqtisadi əlaqələr vasitəsilə münaqişəni transformasiya etməyin mümkün olması üçün adi praktikadır”. Onun sözlərinə görə, Gürcüstan çox incə vəziyyətdədir. Türkiyə Tiflis istiqamətinə fəal həmlələr edərək, onu formatda iştirak etməyə razı salmağa çalışır.

Digər tərəfdən, Gürcüstan Qərbin regionda yeganə strateji müttəfiqi kimi bu formata birbaşa qoşula bilməz. Çünki bu, Qərbin maraqlarına xəyanət kimi qiymətləndiriləcək. “Tamamilə aydındır ki, Qərb yeni formatda hələ mövcud deyil. Amma digər tərəfdən, Gürcüstan Qərbin müttəfiqi kimi bu formatda iştirak etməyərək, özünü tam təcrid etməyə çalışarsa, təbii ki, dövlətimiz üçün hərbi, siyasi, iqtisadi risklər artacaq. Beləliklə, Gürcüstan bu gün sanki iki od arasındadır”, - deyə analitik bildirib.

Gürcü ekspertlərinin açıqlamalarından da görürük ki, Tiflis bir tərəfdən Qərbyönlü olması səbəbindən "3+3" formatına qoşulmağı istisna edir, digər tərəfdən formata qoşulmanın əsas itici nöqtəsi kimi Rusiyanı önə çıxarır. Hərçənd, Türkiyənin 20 il əvvəl də bu layihəni irəli sürməsindən anlaşılır ki, bu formatda əsas maraqlı tərəf Ankaradır. Sadəcə, Rusiya və İran burada divident alan tərəflərdir. Bu səbəbdən, ABŞ və Avropanın Türkiyənin Cənubi Qafqazda rolunun artmasına qısqanclığı təbiidir. Avropanın da, ABŞ-ın da dəfələrlə üzdə anti-Rusiya mövqeyi sərgiləməsi, pərdə arxasında isə Rusiya ilə işbirliyi aparması sirr deyil. Elə Tiflisin 2008-ci ildə Rusiyanın qarşısında tək qoyulması, hazırda da Ukraynanın Moskvanın qarşısında yalnızlığa tərk edilməsi də dünyanın gözü qarşısında baş verir. Odur ki, məsələ Tifıisin iddia etdiyi kimi deyil. ABŞ və Qərb Rusiyaya qarşı olsaydı, rusyönlü "Gürcü arzusu" iqtidarının hakimiyyətdə qalmasına, Saakaşvilinin özünün dediyi kimi "Putinin əsiri" olmasına imkan verməz, dövlət çevrilişini gerçəkləşdirərdi. Amma, gördüyümüz kimi, vəziyyət fərqlidir.

"3+3" formatının Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürülməsi, Trükiyə tərəfindən dəstəklənməsi də onu deyir ki, bu formatda Bakı ilə Ankara daha çox maraqlıdır. Bu formatın tərkibinə Zəngəzur dəhlizinin açılması və məhz bu nöqtənin reallığa çevrilməkdə olan yeni nəqliyyat qovşağının əsas halqası olmağa namizədliyi də daxildir. İş burasındadır ki, Qarabağ müharibəsindən məğlub çıxan və opponentlərin sərt tənqid atəşi altına düşən Ermənistan hakimiyyəti də əvvəldə ümumi qeyri-müəyyən bəyanatlar versə də, yeni formatda iştirak imkanlarından imtina etmək fikrində deyil. İrəvan bu formatın əsas nünası olan Zəngəzur dəhlizinə qarşı qalmaqallı açıqlamalar versə də razılaşmaqdan başqa çarəsi yoxdur. Çünki son nəticədə Zəngəzur halqası Gürcüstanın Cənubi Qafqazda illərlə yerinə yetirdiyi nəqliyyat qovşağının yerini alacaq ki, bu da İrəvanın mütləq şəkildə layihədən yararlanmasını təmin edəcək. Proses məhz Zəngəzur dəhlizi sayəsində baş verəcək. Bu baxımdan Zəngəzur dəhlizinin yaradılması, “Şimal-Cənub” layihəsinin Azərbaycan ərazisindən keçməklə həyata keçirilməsi Cənubi Qafqazın qlobal nəqliyyat-logistika sektorunda beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək və son nəticədə Azərbayacana, həm də regionun bütün ölkələrinə xeyli dividendlər gətirəcək. Nəzərə alsaq ki, Rusiya, Türkiyə və İranın ümumi əhalisi 300 milyon nəfərdən çoxdur, bu, Cənubi Qafqaz ölkələri üçün böyük satış bazarıdır və “3+3” formatı onlarla ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

İran əvvəldə kəskin şəkildə Zəngəzur dəhlizinə qarşı çıxsa da, artıq onun razılığı məsələsi həll edilib. Hətta İranın Fars körfəzindən Qara dənizə uzanan layihəsinin də Ermənistandan deyil, Azərbaycanın Astara rayonundan dəmir yolu vasitəsilə keçməklə yolun Gürcüstana uzanması barədə də razılıq əldə olundu. Yəni bu, bir növ Gürcüstana kompensasiya xarakteri daşıdı. Amma Gürcüstan Azərbaycanın bu jestini dəyərləndirmir. Rusiya səbəbindən "3+3" formatından imtina bəhanəsinə gəlincə, Gürcüstan dolayı yolla Rusiya ilə oxşar formatda iştirak edir. Məsələn, Gürcüstan ərazisindən mallar Rusiyadan Türkiyəyə və əksinə, Ermənistandan Rusiyaya və Rusiyadan Ermənistana mallar isə Gürcüstan ərazisindən keçir. Həmçinin, Rusiya-Gürcüstan-Ermənistan-İran elektrik verilişi xəttinin çəkilməsi ilə bağlı birgə layihə var ki, bu da müvafiq idarələr səviyyəsində nəzərdən keçirilir. Yəni ciddi şərtlər və tələblərin tətbiq olunduğu hansısa sırf formatlaşdırılmış platformadan söhbət getmədən belə bu cür əlaqələr var. Üstəlik dolayı yolla. Gürcüstan, Rusiya ilə diplomatik əlaqələrin olmamasına baxmayaraq, onunla yaxşı ticarət dövriyyəsinə malikdir və pandemiyadan əvvəl rusiyalı turistlər Gürcüstana fəal səfər edirdilər. Odur ki, bu bəhanə variantı özünü doğrultmur.

Sadəcə, Gürcüstan bir cinahda Qərbin maraqlaırnı təmsilən özünü "3+3" formatından kənara çəkir ki, bu da Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə qarşı olan qüvvələrlə bağlıdır. Digər cinahda isə Tiflis özünün Cənubi Qafqazın nəqliyyat qovşağında alternativsiz variant olmasına cəhd edir və marşrutun əsas halqası kimi özünün təmsil olunmadığı marşrutlara maraq göstərmir. Hətta gördüyümüz kimi, prosesə zərbə vurmağa, onu yarımçıq hal almasına və daha az əhəmiyyət kəsb etməsinə çalışır. Konkretləşdirsək, Zəngəzur dəhlizi səbəbindən özünün əhəmiyyətinin azalacağını və Ermənistanın onun yerini alacağını düşündüyü üçün prosesə "pəl vurur".   

Daha bir məqam. Üç Cənubi Qafqaz dövləti arasında əməkdaşlıq ideyasının Tiflisdə hökumət səviyyəsində fəal şəkildə “Qafqaz Platforması” formatında irəli sürülməsi, digər adla “Sülh qonşuluq təşəbbüsü”nü Gürcüstanın baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında irəli sürülməsi, bunu “Qara dəniz regionunda sülh və sabitliyin təmin edilməsi” adlandırması, Cənubi Qafqaz respublikaları ilə birlikdə “beynəlxalq tərəfdaşların” da ona qoşulacağına ümidini ifadə etməsi, yeni mehriban qonşuluq təşəbbüsünün perspektivlərini müzakirə etmək üçün Tiflisidə beynəlxalq görüş keçirməyə hazır olduğunu söyləməsi bir daha onu göstərir ki, Gürcüstan ABŞ və Qərbin Cənubi Qafqazda dayaq nöqtəsinə çevrilməklə yanaşı, bölgədə Azərbaycanın yox, məhz özünün "lokomotiv" roluna "stavka edir". Qafqazın əsas aparıcı dövləti kimi Azərbaycanı yox, özünü görür və buna iddialıdır. Çox təəssüflə qeyd etməliyik ki, Azərbaycanın strateji tərəfdaşı olan Gürcüstan bəzi məqamlarda ölkəmizin uğurunu qəbul etmək istəmir.

Qafqaz.media