​Gürcü politoloqdan İrəvana: QARABAĞI QAYTAR, BTQ-yə QOŞUL

Hazırda Ankara və Bakı erməni mallarının Bakı-Tiflis-Qars dəmir yolu ilə daşınmasına qarşı çıxır, lakin bu, gələcəkdə tərəflərin münasibətlərinin yaxşılaşacağı təqdirdə mümkün olmayacağı anlamına gəlmir.
Muxalifət.az xəbər verir ki, bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Avropa Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Kaxa Qoqolaşvili deyib.
"Qarabağ məsələsinin həllində irəliləyişlərin olacağı təqdirdə Azərbaycan və Türkiyə də Ermənistana qoyduğu məhdudiyyətləri götürəcək. Bundan sonra Ermənistan dəmir yolu xəttindən istifadə edərək mallarını nəinki Avropaya, həm də Türkiyəyə daşıya biləcək. Bu, Ermənistan üçün sərfəli olacaq, çünki dəmir yolu xətti Gürcüstanla Ermənistan sərhəddində, Axalkalakidə bitir. Ona görə də Ermənistanın öz mallarını sərhədə gətirmək üçün böyük səy göstərməsinə ehtiyac olmayacaq. Bu dəmir yolu xətti bir günə deyil, bir neçə ilə planlaşdırılıb. Ona görə də bu layihənin fayda və zərərləri hesablanılıb. BTQ dəmir yolu xəttinin biznesin inkişafı üçün dəyəri böyükdür və o, ölkələri Avropa ilə birləşdirdiyi üçün dəhliz rolunu oynayır. Ona görə də onun perspektivləri çox böyükdür", - deyə o bildirib./axar/