GÜRCÜ MƏNBƏLƏRİNİ ALT-ÜST EDƏN FAKTLAR - Dumanis (Başkeçid) orta əsrələrdə / II YAZI

Baxış sayı:
14329

Birinci yazı burada: GÜRCÜ MƏNBƏLƏRİNİ ALT-ÜST EDƏN FAKTLAR - Dumanis (Başkeçid) qədim dövrdə / I YAZI Gürcü mənbələrində Dumanis adına IX yüzilliyə qədər rast gəlinməsə də, bu şəhər haqqında “Kitabi Dədə Qorqud dastanları”nda məlumat verilir. Dastanın “Salur Qazanın dustaq olub, oğlu Uruzun çıxardığı” boyunda Dumanın qalasının adı çəkilir(Kitabi Dədəm Qorqud ala-lisan-e taifeyi Oğuzan. Drezden nüsxəsi. Vərəq 138a). Dumanis ərazisindən aşkar edilən, üzərində Bizans imperatoru I Yustinanın (527-565) adı zərb olunmuş qızıl sikkə və 506-cı ildə Dəbildə keçirilən kilsə məclisində iştirak edənlər arasında Dumanis yepiskopunun da olması bu şəhərin mühüm əhəmiyyət kəsb edən yaşayış məskəni olmasını sübut edir(S.Kaxiani. Dmanisi ərəb yazıları. Tbilisi 1965). VI yüzilliyin əvvəllərinə aid edilən Dmanisi (Başkeçid) və onun qonşuluğunda yerləşən Bolnisidəki (Çörük Qəmərli) xristian məbədləri, K.Treverin fikrincə və tikinti üslubuna görə, alban xristian məbədləri ilə tam eyniyyət təşkil edir və gürcü-erməni kilsələrindən səkkizguşəli rəsmləri ilə seçilirlər(Тревер К.М., Очерки по истории и культуре Кавказской Албании. Москва – Ленинград, 1959.). Gürcü tədqiqatçısı A.Şanidzenin fikrincə, V-VI əsrlərdə indi Gürcüstan ərazisində olan tarixi Albaniya torpaqlarında inşa olunmuş xristian məbədlərindən tapılan yazılar gürcülərin şərq qonşuları olan və Albaniya dövlətinə daxil olan “xerami” adlı xalqın dilində yazılmışdır(А. Ш а н и д з е. Новооткрытый алфавит кавказских албанцев. Известия Института языка, истории и материальной культуры Грузинского Филиала Академии Наук СССР, т. IV, вып. I, 1938.). Dmanis məbədi bir neçə dəfə “təmirə” məruz qalmış, XIII yüzillikdə onun yanına üzərinə Georgi Laşanın (1214-1222) adı yazılmış yeni talvar əlavə olunmuşdur(Q.N.Çubinaşvili. Gürcü lərin mədəniyyət tarixi. I cild. Tbilisi, 1936. (gürcü dilində)). 1702-ci ildə inşa edilmiş xristian “məbədi isə daha “əsaslı şəkildə” tikilmişdir. Belə ki, bu məbədin döşəməsi alban yazılarından ibarət olan sinə daşlarından, divarları müsəlmanların baş daşlarından inşa olunmuş, “həvəskar ermənilər” tərəfindən qala kənarındakı xristian qəbristanlığından gətirilən xaç-daşın üzərinə isə erməni dilində yazı həkk olunmuşdur (Л.Мусхелишвили. Раскопки в Дманиси. Журналь «Советская археология» №6.Москва-Ленинград, 1940.). Məbəd yaxınlığında Dumanisin uzun müddət daxil olduğu Samşvilde (3 oğul), Saatabaqo (3 atabəy) adlanan əyalətin hakimləri Orbelyanların nəsil qəbristanlığı yerləşir. Gürcü mənbələrinin məlumatına görə, “Samşvilde və onun ətrafındakı ərazilər Turandan gəlmiş əsilzadələrə verildi”. Samşvilde (həm də ox, ox qabı, sadaq mənalarında işlənir) əvvəllər Orbeti (qartal yuvası) da adlanırdı. Turanlı əsilzadələr özlərini bu qalanın adı ilə “Orbelianlar” adlandırmağa başladılar(С.Мажников. Памятники древности города Самшвилде. Сборник материалов для описания местностей и племен Кавказа. Выпуск . Тифлис,1892.). VII yüzilliyin ortalarında bütün Cənubi Qafqaz kimi Dumanis də Xilafət tərkibinə qatılmışdır. Dumanis ərazisindən bu dövrə aid ərəb əlifbası ilə yazılmış kitabələr burada İslamın VII əsrin sonlarından yayılmasını sübut edir. Dumanisin idarəçiliyi mərkəzi Tiflis olan əmirə həvalə edilmişdi. Əmirliyin şimal sərhəddi Diqomi çökəkliyinə, qərb sərhəddi Ərçivan (Trialeti) dağlarına, şərq sərhəddi isə Kür çayına çatırdı. Əmirliyin cənub sərhəddi Samşvildidən güneydəki ərazilərdən keçirdi. Kürün şərq sahilindəki İsani qalası, habelə Dmanisi (Başkeçid), Rustavi (Bostanşəhər) kimi böyük şəhərlər əmirliyin tərkibinə daxil idi(Мусхелишвили Д.Л.,Вопросы политической географии Кахети и Эрети. Сборник по исторической географии Грузии. Тбилиси,1967.). Ərəb tarixçisi Yəqubinin verdiyi məlumata görə, bu dövlətin ilk müstəqil əmiri İsmayıl ibn Şuab olmuşdur (Якуби. История. Текст и перевод II. К. Жузе. Баку, 1927). 809-cu ildə hakimiyyətə gələn Xəlifə Amin ibn Harun ər-Rəşid Ərməniyyə valisi Useyd ibn Yəzidə xilafətdən asılılığı rədd etmiş Tiflis əmirini cəzalandırmağı əmr etmişdi. Vali Tiflis əmirini məğlub edərək əsir tutsa da, sonra ona rəhm edərək azadlığa buraxdı. 813-cü ilə qədər İsmayıl ibn Şuab Tiflis əmiri oldu. 813-cü ildə hakimiyyətə gələn xəlifə Məmun (813-833) onun yerinə Məhəmməd ibn Əttabı Tiflisə əmir təyin etdi. 829-cu ildə Məhəmməd ibn Əttab mərkəzi hakimiyyətə qarşı üsyan qaldıraraq Tiflis əmirliyinin müstəqilliyini elan etdi. Tiflis əmirliyinin müstəqilliyinin artmasında, təbii ki, xilafəti lərzəyə salmış Xürrəmilər hərəkatının da böyük rolu olmuşdu. Məhəmməd ibn Əttab xəlifənin Cənubi Qafqaz valisi Abdulla ilə döyüşdə qələbə qazanaraq, əmirliyi müstəqil şəkildə idarə etməyə başladı(Матиане Картлиса,Тбилиси,1976). IX əsrin 80-ci illərinin əvvəllərindən Tiflisi Cəfərilər sülaləsinin banisi olan əmir Cəfər idarə etməyə başladı. Bununla da Borçalıda Cəfərilər sülaləsinin 200 illik hakimiyyəti başladı. Bu sülalənin nümayəndələri həm də Hunan, Dmanis (Başkeçid) və Rustavidə (Bostanşəhər) əmirlik edirdilər. Gürcü mənbələrinin verdiyi məlumatlara görə, Cəfərilərin əsas müttəfiqləri Sacilər və sonra isə Salarilər nəslindən olan Azərbaycan hökmdarları idilər(Матиане Картлиса,Тбилиси,1976). 981-ci ildə Azərbaycanda Salarilər sülaləsinin hakimiyyəti sona çatdıqdan sonra, ölkə ərazisində yenidən xırda feodal hakimlikləri yarandı. Əvvəllər Tiflis əmirinə tabe olan Dumanis əmiri X əsrin 90-cı illərində qonşuluğnda yerləşən xırda “alban çarları” ilə ittifaq quraraq, Tiflis əmirini məğlub etdi(К.Н.Юзбашян.Армянские государство эпохи Багратидов и Византия IX – XI вв. Москва,1988). Tiflis əmirliyinin əsas müttəfiqi isə Kür-Araz çayları arasındakı Azərbaycan torpaqlarını əhatə edən Şəddadilər dövləti idi. İberiya çarı Baqratla müharibə aparan I Fəzl Dumanislə bitişik olan əraziləri - Dağ Borçalısını (Taşır) da öz dövlətinin tərkibinə qatmışdı. I Fəzl 1027-ci ildə Şəmkiri mühasirəyə alan Abxaz hakimi Baqratı məğlub etmiş və onun on min əsgərini qırmışdı(M.X.Şərifli.IX əsrin II yarısı – XI əsrlərdə Azərbaycan dövlətləri.Bakı,1978). 1021-ci ildə Səlcuğun nəvəsi Çağrı bəyin “Rüstəm və İsfəndiyarı heçə sayan” əsgərləri Naxçıvan və Dəbili ələ keçirdilər(К.Н.Юзбашян.Армянские государство эпохи Багратидов и Византия IX – XI вв. Москва,1988). Bu hadisə Dumanis və Tiflis əmirliklərini işğal etmək istəyən xristian blokunun gözünü qorxutdu. 1027-ci ildə Kutaisdə “abxazların və gürcülərin” hökmdarı elan edilən IV Baqrat 1032-ci ildə hiylə yolu ilə Tiflis əmiri Cəfəri əsir tutsa da, saray əyanlarının məsləhəti ilə onu azadlığa buraxmağa məcbur oldu. 1037 – ci ildə abxaz-gürcü dəstələri Tiflis əmirliyini ləğv etmək məqsədilə şəhəri mühasirəyə aldılar. 2 il mühasirəyə tab gətirən tiflislilər kömək üçün Azərbaycana qasidlər göndərdilər. Qonşu “müsəlman dövlətləri ilə münasibətləri korlamaq istəməyən saray əyanları”nın məsləhəti IV Baqratı Tiflisin mühasirəsindən əl çəkməyə məcbur etdi. Əslində isə abxaz-gürcü ordusunun tələm-tələsik Tiflisin mühasirəsindən əl çəkməsinə vadar edən hicri 429-cu ildə (4.XI.1037 – 2.11.1038) səlcuqlu ordusunun Cənubi Qafqaza daxil olma xəbərini alması səbəb olmuşdu (Şengeliya N.N., Səlcuqlular və Gürcüstan XI yüzillikdə. Tbilisi,1968.(gürcü dilində)). Lütfi MƏMMƏDOV, Muxalifet.az