Günəşdəki qasırğa Azərbaycanda İKİ QURUMU VURDU - Geomaqnit QALMAQALI

“Coğrafiya İnstitutunun alimləri də, Şamaxı Astrofizika Rəsədxanasının alimləri qədər astonomiyadan məlumatlıdır”.
Bunu Publika.az-a açıqlamasında Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayevin fikirlərinə münasibət bildirərkən deyib.
Ə.Əliyev bildirib ki, astronomiya təbiət elmidir, ancaq fizikaya aid deyil. Şöbə müdiri onu da vurğulayıb ki, ixtisasla məşğul olmaq dövrü keçib. Bu gün elm elə innovativ xarakter alıb ki, istənilən elm sahələri bir-birinə inteqrasiya edib.
Geomaqnit qasırğası barədə əvvəldən pronoz verməsinə gəldikdə, Ə.Əliyev fikirlərinin yanlış çatdırıldığını bildirib:
“Həmin açıqlamada mən proqnoz verməmişəm, jurnalistlə danışarkən belə bir proqnozun verildiyini demişəm. Oktyabrın 24-27-də qasırğa olacağı proqnozunu mən internetdən oxumuşam. Hətta məlumatın özünə də şübhə ilə yanaşdım. Çünki bu qədər uzun müddətli proqnozlar özünü doğrultmur. Geomaqnit qasırğa ilə bağlı yalnız Şamaxı Astrofizika Rəsədxanası məlumat yaymır. Bütün dünya bu hadisədən xəbərdar olur. Həmin açıqlamada mən proqnoz verməmişəm, sadəcə hər kəsə məlum olan geomaqnit qasırğasının yarada biləcəyi fəsadlardan danışmışam. Son günlər insanların səhhətindəki narahatlıq, internetdə problemlər qasırğanın Yerə təsirindən xəbər verir”.
Ə.Əliyev bildirib ki, geomaqnit qasırğa ancaq ixtisas sahiblərinin danışa biləcəyi qeyri-adi məsələ deyil: “Bütün dünya bu barədə məlumatlıdır. Bu hadisənin vaxtı, fəsadları barədə dünya alimləri məlumat yayır. Lakin Rəsədxana heç zaman bu barədə məlumat vermir. Başqa mənbələrdən götürdüyü məlumatları yayır. Mən də gördüyümüz, bilinən məlumat barədə danışmışam. Astornomiya populyar elmdir. Biz də ali təhsil alarkən, bu fənni oxumuşuq. Coğrafiyaşünaslar da astonomiya ilə məşğul olurlar. Günəş sistemi coğrafiyada da, astonomiyada da keçilir. Nə qədər onlar fizikada astornomiya keçiblərsə, biz də coğrafiyada o qədər keçmişik. Təbiət elmləri arasında sərhəd qoymaq olmaz. Yəni Coğrafiya İnstitutu olaraq geomaqnit qasırğalar barədə məlumat verə bilərik”.
Qeyd edək ki, Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev müsahibəsində oktyabrın 24-27-də gözlənilən geomaqnit qasırğası barədə məlumat verib.
Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev isə bu gün açıqlamasında Coğrafiya İnstitutunun belə işlərə qarışmasının tamamilə yersiz olduğunu deyib.
“Çünki bu, sırf astrofiziki prosesdir. Ümumiyyətlə, 3 gündən artıq verilən proqnozlar çox çətinliklə özünü doğruldur. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır”, - deyə o, açıqlamasında bildirib.