“Günahlarım yadıma düşəndə tər basır” - XALQ ARTİSTİNİN ETİRAFLARI

"Xalq artisti Ramiz Novruz bildirib ki, günahları yadına düşəndə onu tər basır və çox utanır".
 
Muxalifet.az-ın məlumatına görə, publika.az-ın “Üç nöqtə” layihəsində etiraflarını dilə gətirən aktyor hesab edir ki, həyatda ən böyük səhvi dostluğa layiq olmayan insanları dost bilməsidir.
Layihəmizin yarım qalmış cümlələrini tamamlayan R.Novruz onu narahat edən məqamlara toxunub.
- İndiki ağlım olsaydı...
- Yenə bu sənətə gələrdim.
- Zəmanət verə bilərəm ki...
- Azərbaycan kinosu uğurla inkişaf edir.
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Əgər belə imkan olsaydı, birinci növbədə Azərbaycanın ərazi bütövlüyünü təmin edərdim.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Gözəl qadın çoxdur, xəyanət etməmək mümkün deyil.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Səmimi və dürüst olsun yetər.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Çünki onlar həmişə gəncdilər.
- Qadına qarşı şiddət...
- Kişinin ən zəif cəhətidir.
- Vicdanıma and olsun ki...
- İşimə xəyanət etməmişəm.
- Təəssüf edirəm ki...
- Teatr və kinomuz dünya çapında ən uğurlu işlərini hələ təqdim edə bilməyib.
- Vanqa nənə ilə görüşsəydim...
- Soruşardım ki, biz bu murdar qonşularımızdan nə vaxt xilas olacağıq?
- Küsülü olduğum insana demək istəyirəm ki…
- O səhv edib, cılız hisslərlə yaşamasın.
- Ən böyük səhvim o olub ki...
- Dostluğa layiq olmayan insanları dost bilmişəm.
- Kiminsə yalan danışdığını hiss edəndə...
- Onun əvəzinə utanıram və özümü inanırmış kimi göstərirəm.
- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Hətta barmaq izlərimizə qədər müxtəlifdir. Yeganə düzgün böldüyü ağıldır.
- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Məmməd Arazın bu sözləri yadıma düşür: “Ya Rəbbi bu dünya sən quran deyil!”
- Günahlarım yadıma düşəndə...
- Məni tər basır, utanıram.
- Övladlarıma və dostlarıma ən çox onu məsləhət görürəm ki…
- Sevdikləri və bacardıqları işlərlə məşğul olsunlar. İşini sevsən, amma bacarmasan hörmət qazana bilməyəcəksən. Gördüyün işi bacarsan, amma sevməsən, ruhun olmayacaq.
- İlahi ədalətə inancımı o zaman itirdim ki…
- İtirməmişəm.
- Heç vaxt icazə vermirəm ki…
- Özümə və sevdiklərimə xəyanət edim.
- O zaman riskə gedirəm ki…
- Başqalarının bu riskdən əziyyət çəkməyəcəyini biləndə risk edirəm.
- Çıxılmaz vəziyyətə düşəndə…
- Allaha şükür edirəm, bundan da pis ola bilərdi.
- Yaxşı gündə, pis gündə...
- İnsan yaxşı günündə də, pis günündə də simasını itirməməlidir, ləyaqətini qorumalıdır.
- Cavablar üçün təşəkkür edirəm, biz sizə ancaq gözəl günlərin nəsib olmasını arzu edirik.
- Minnətdaram.