Gün ərzində onlarla oğurluq: Xəz paltolar, zinət əşyaları və ərzaq məhsulları

Baxış sayı:
991

Hər gün Bakıda onlarla oğurluq hadisəsi törədilir. Hazırda bir cinayətin qurbanı olmaq üçün evdə təkcə böyük miqdarda pul və qiymətli zinət əşyaları saxlamaq lazım deyil. Kriminal ünsürlər kiçik oğurluqdan tutmuş, ərzaq məhsullarına qədər hər şeyi qarət edirlər.
 
Bakı sakini mənzil oğurluğu nəticəsində üç xəz paltosundan məhrum olub.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
 
Paytaxtın Xətai rayon sakini, 1971-ci il təvəllüdlü Sevinc Çingiz qızı Sultanzadə naməlum şəxsin qapısının kilidini sındıraraq evinə girdiyini bildirib. Gedərkən qarətçi özü ilə üç xəz palto aparıb. Faktda bağlı istintaq davam edir.
 
Yasamal rayonunda naməlum şəxslər 1966-cı il təvəllüdlü Yelizaveta Viktorovna Mileşkinanın mənzilindən 20 min manat dəyərində qızıl əşyalar oğurlayıblar. Oğurluq barədə araşdırmalar 27-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılır.
 
Yanvarın 18-də Bakının Nizami rayonu Heydər Əliyev prospektində yerləşən “Bravo” mağazasında oğurluq hadisəsi baş verib. 1991-ci il təvəllüdlü N.İsmayılov mağazadan 250 manat dəyərində məhsul aparmağa çalışıb. Lakin mağaza əməkdaşları gənci tutaraq 23-cü polis bölməsinin əməkdaşlarına təhvil veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları N.İsmayılovdan izahat alaraq sərbəst buraxıblar.
 
Bənzər oğurluq yanvarın 19-da saat 20:30 radələrində Bakının Səbail rayonundakı “Park Bulvar” ticarət mərkəzində yerləşən “Bazar Store” mağazasında baş verib. 1989-cu il təvəllüdlü S.Zərbəliyev 100 manat məbləğində kərə yağı oğurlayan zaman mağaza işçiləri tərəfindən tutulub.
 
1950-ci il təvəllüdlü təqaüdçü Fəridə Nəcəfova Bakının Nərimanov rayonunda baş verən böyük qarətin qurbanı olub. O, yanvarın 18-də 16-cı polis bölməsinə müraciət edərək, 10 min manatının oğurlandığını bildirib.
 
Qadının sözlərinə görə, yanvarın 15-i saat 12:00-da Yasamal rayonu, Elmlər Akademiyası metro stansiyasının yaxınlığında bankomatdan 15 min manat çıxarıb. Sonra bir neçə nəqliyyat vasitəsini dəyişdirməklə Nərimanov rayonundakı evinə gəlib. Saat 14.00-da cibindən 10.000 manat pul çıxarıldığını aşkar edib. İstintaq davam edir.
 
Qeyd edək ki, son iki gündə daxili işlər orqanlarının əməkdaşları tərəfindən paytaxtda 100-dən çox şəxsi və dövlət əmlakından oğurluq faktı qeydə alınıb, əksəriyyəti kiçik oğurluqlardır.