​"Gün gələcək Ermənistanla münasibət quracağıq" - Faiq Ağayev

Baxış sayı:
15499

“Bu gün bəşəriyyətin ən miqyaslı, ən ağır, ən dəhşətli hərbi cinayətinin 73 ili tamam olur. 1945 ildə ABŞ-ın hərbi qüvvələri Yaponiyaynın Xirosima və Naqasaki şəhərlərini amansızcasına yerlə yeksan etdi. Bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğunun ilk və yeganə nümunəsidir. Nəticədə, "Bala" və "Gonbul" adlı nüvə bombaları bir anın içində yüz minlərcə (!!!) adamın həyatına müdhiş, faciəvi son qoydu”.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb. Nəhəng dövlətlər arasında baş verən müharibələri yada salan görkəmli sənətçi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da şərh verib:
“Zaman keçdi. İndi amerikalılarla yaponlar əməkdaşlıq, müttəfiqlik və hətta dostluq münasibətlərindədir. Eyni hal II Dünya müharibəsində milyonlarla insan itkisi vermiş SSRİ və Almaniya xalqları arasında da baş verdi. Yəni heç kim, heç bir millət, ya dövlət rəqibi ilə əbədi düşmənçilik içində yaşamır. Söhbəti özümüzə şamil etmək fikrindəyəm, əslində. Gün gələcək və nə vaxtsa (əlbət ki, dərhal yox) biz də XX əsrin sonundan bu günə kimi Azərbaycanın əzəli ərazisi - Qarabağı işğal altında saxlayan ermənilərlə ünsiyyətimizi bərpa edib, dövlətlərarası və insani əlaqələrimizi yenidən quracağıq. Lakin uduzmuş, haqqı tapdalanmış, ərazi bütövlüyünü təmin etməmiş Azərbaycan kimi yox”.

Xalq artisti sözlərinə onu da əlavə edib ki, Azərbaycan yalnız işğal olunmuş torpaqlarını azad etdikdən sonra Ermənistanla münasibətlərini bərpa edə bilər:
“Bu, yalnız və yalnız Vətənimizin qəsb edilmiş hər bir qarış torpağının düşmən tapdağından tam azad olmasından sonra baş verə bilər. İndidən erməni ağuşuna hoppananlar üçün isə Atalar yaxşı deyib: "Tələsən təndirə düşər!"