"Gülnar Rəsulova deyir ki, prezidentin Fərhad Abbasovu bura gətirməyə gücü çatmaz” - PREZİDENT ADMİNİSTRASİYASININ RƏSMİSİ HAQQINDA ŞOK İTTİHAMLAR

Baxış sayı:
4730

Aslan” MTK Bakının mərkəzində 18 mərtəbəli bina tikib, BŞİH-in “xəbəri olmayıb”; “Bina heç bir dövlət qurumundan icazə almadan özbaşına tikilib”

Bir çox Mənzil-Tikinti Kooperativlərinin (MTK) bir mənzili bir neçə adama satması, tikdikləri binaları sakinlərə texniki şərtlərə cavab vermədən təhvil verməsi, həddindən artıq yüksək kommunal haqqı yığması kimi hallar dəfələrlə müzakirə olunsa da, bu gün də belə hallar var. Elə Nəsimi rayonu, İzzət Əmirov küçəsi, bina 32, mənzil 2-də yaşayan Ağayev Damət Ağakişi oğlunun “Hürriyyət”ə şikayəti də bu barədədir.

“21 kvadratmetr az verilməsinə baxmayaraq, 81 kvadratın kommunal haqqını ödəmişəm”

D. Ağayevin sözlərinə görə, o, 2006-cı ildə “Aslan” MTK-dan müqavilə əsasında 40 min 500 dollara ev alıb: “MTK mənə 81 kvadratmetr sahəsi olan mənzil verməliydi, texniki şərtlərin hamısına əməl olunmalıydı. Guya, Bakıda ispan layihəli ən kefiyyətli bina idi. Sonra məlum oldu ki, dövlət nəzarətindən keçmədən, özbaşına 16 mərtəbə əvəzinə, 18 mərtəbə tikilib, binada texniki şərtlərin heç birinə əməl olunmayıb. Bütün dövlət orqanlarına sübut etdim ki, mənə verilən mənzilin sahəsi 21 kvadratmetr əskikdir. Mənim şikayətim binanın qanunsuz tikilməsi, korrupsiya əlamətlərinin olması, 14 il ərzində Tarif Şurasının qoyduğu qiymətlərdən 10 dəfə artıq kommunal alınmasına görədir. Hətta 21 kvadratmetr az verilməsinə baxmayaraq, 2006-cı ildən 2017-ci ilə qədər 81 kvadratmetlik mənzilin kommunal haqqını ödəmişəm, qəbzlərin hamısı var”.

D. Ağayev bildirib ki, “Aslan” MTK-nın sahibi Fərhad Abbasovun qanunsuz əməllərinin arxasında Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun müavini Gülnar Rəsulova durur: “O, Zakir Qaralovun vaxtında prokurorluq orqanlarına zəngi edib, bu işi ort-basdır edib. Həmişə Gülnar Rəsulovanın köməyi sayəsində şirkət “üzüağ” çıxıb. Gülnar Rəsulova özü bizim binada yaşayır. Binanın sahibi Fərhad Abbasovun bacısı Lalə Abbasova vaxtilə Mili Məclisin deputatı olub. Hətta binadan bir çox deputatlar, vəzifəli şəxslər ev alıb. Sonra görüblər ki, bina texniki şərtlərə cavab vermir, mənzillərini satıb, o binadan köçüblər.

Gülnar Rəsulova 2012-ci ildən şikətin arxasında durub. Hətta şirkətdən şikayət edən insanı, vəkili tutdurmaqdan belə, çəkinmədi. Özü də dəfələrlə deyib ki, başda prezident olmaqla(Fərhad Abbasovun Konstitusiyaya zidd olaraq ikili vətəndaşlığı var, İspaniyada yaşayır), Fərhad Abbasovu Azərbaycana gətirib, elədiyi cinayətə görə qanun qarşısına çıxartmağa Azərbaycan dövlətinin gücü çatmayacaq. Şirkət sakinlərə indiyə kimi xidmət göstərməyib, ancaq nə qədər kommunal yığılıb. Ona görə, “Aslan” MTK-nın vəkili binaya dəvət olundu, gəldi ki, 5 il ərzində 200 min manata yaxın yığılan kommunal haqqından büdcədə qalan pul yoxdur. Onunla bağlı biz -70 nəfər bina sakini – baş prokuror Zakir Qaralova ərizə yazdıq. Gülnar Rəsulova dedi ki, “zəng edəcəm, o işə baxılsın”, lakin yenə də baxılmadı, şirkət burada da “haqlı” çıxdı”.

“Həmişə Gülnar Rəsulova Zakir Qaralovun əli ilə bu işi bağladırdı”

D. Ağayev qeyd edir ki, sakinlər Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq üçün müraciət ediblər: “MTK-nın möhürü Fərhad Abbasovdadır, möhürü sakinlərə vermir. Biz cəmiyyət yaratmaq üçün müraciət edəndə dövlətdən bizə cavab gəldi ki, “sizin bina qanunsuz tikildiyi, dövlət qeydiyyatından keçmədiyi üçün bunu yaratmaq mümkün deyil”. Cənab prezident fərman verdi ki, sahibkar tikdiyi binanı 1 ay ərizində təvil verməlidir. Fərmanda deyilir ki, bina texniki şərtlərə cavab verirsə, qeydiyyata alınsın, düzəlməyibsə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə versinlər, cinayət işi açılsın. Binanın kənarında bu adamın 5 miyon dəyərində 20 sot torpağı var. Hətta deyir ki, “bina nə vaxtsa təhvil veriləndən sonra, təzədən orada 10 min kvadartlıq bina tikəcəm,  camaatı nə cür aldatmışam, mənə aidiyyatı yoxdur, gedin pulunuzu verin, işinizi həll edin”.  Sadə bir vətəndaşa 5-3 manata görə cinayət işi açırlar, amma milyonlarla pul yeyən Fərhad Abbasova  Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılsa da, həmişə Gülnar Rəsulova Zakir Qaralovun əli ilə bu işi bağladırdı. Fərhad Abbasov niyə qanun qarşısında cavab vermir? Gəlsin, üzərinə götürdüyü öhdəliklərə əməl etsin, texniki şərtləri yerinə yetirsin, binasını təhvil versin”.

D. Ağayev bir vətəndaş kimi haqqını tələb edir: “Mənə dəyən ziyan ödənilsin. Mən necə 81 kvadrat üçün pul ödəmişəmsə, başqa yerdə mənim bu kavadratda yararlı mənzilimi versin, mənzilini də özünə qaytarıram. Yasamal Rayon Məhkəməsinin də qərarı var ki, bina qanunsuz tikilib.

Biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik, oradan bizə cavab gəldi ki, “bina heç bir dövlət qurumundan icazə almadan özbaşına tikilib”. Maraqlı odur ki, bina tikiləndən sonra Bakı Şəhər İcra Hakimiyyəti Fərhad Abbasovun qardaşı Rafiq Abbasovun (“Birja” qəzetinin redaktorudur) və qohum-ərqabasının adına bütün binaya order alıb. Məhkəmə də deyir ki, “bu, necə olan şeydir”. Deyirəm ki, hüquq-mühafizə orqanı sizsiniz, araşdırın, mənə niyə sual verirsiniz? 2006-cı il fevral ayında Fərhad Abbasov 2 dənə 81 kvadratlıq mənzili 40 min 500 dollara satıb. O vaxtı manat dəyişməmişdi, yəni 292 milyon manata satıb. Ən maraqlı fakt odur ki, həmin vətəndaşlar gedib mənzillərinə çıxarış alıb. Onlardan əlavə, bir neçə sakin də çıxarış alıb. Ancaq mən həmişə Əmlak Məsələləri Dövlət Komitəsinə yazırdım ki, mənzilimə çıxarış ver, deyirdi ki, “sizin bina qanunsuz tikilib”. Halbuki, başqaları, hətta Gülnar Rəsulova özü də çıxarış alıb. 18-ci mərtəbədə yaşayanlar evinə çıxarış ala bilmir. Binanın sakinlərinin şikayətinə görə, 4 dəfə prokurorluq orqanları tərəfindən bu şirkətə cinayət işi açılıb, hamısı da ört-basdır olub. Sahibləri həmişə deyib ki, bizim arxamızda güclü qüvvə durur və rüşvət verib işimizi həll edirik. Sonra da arxalarında duran şəxs Gülnar Rəsulova çıxdı”.

Damət Ağayev

 “Asiman müəllim mənə bildirdi ki, “bu şirkətin arxasında böyük qüvvələr durub””

Şikayətçi deyir ki, iş hazırda Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılır: “Mənə həmişə deyirdilər ki, cinayətin vaxtı keçib. Çünki Gülnar Rəsulovanın təzyiqi sayəsində Zakir Qaralovun vaxtında bu işə xitam verilirdi. İndi mən əminəm təzə prokuror bu işə ədalətli baxacaq.

2019-ci ildə mən Prezident Adminstrasiyanın qarşısında özümü yandırmaq istədim. Hər kəs bilir. Ondan sonra, göstəriş verildi ki, guya, cinayətin vaxtı keçib. Halbuki, cinayətin vaxtı keçə bilməz. Bu şirkətə qarşı 3 maddə ilə cinayət işi açılmalıdır. Həmin işə xitam verildi, iş təzədən araşdırıldı. Burada bir məqam odur ki, 2017-ci ildə Korrupsiyaya qarşı Mübarizə İdarəsindən işi Nəsimi rayon prokurorluğuna göndərdilər. Həmin araşdırma Nəsimi rayon Prokurluğunda qaldı. Orada müstəntiq Asiman müəllim mənə bildirdi ki, “bu şirkətin arxasında böyük qüvvələr durub, cinayət işi açılsa, vəzifəli adamların adı hallanacaq”. Sonra məlum oldu ki, vəzifəli şəxslər Hacıbala Abutalıbov, Gülnar Rəsulova, Zakir Qaralovdu. Hacıbala Abutalıbov mənə və digər vətəndaşlara deyir ki, “bina qanunsuz tikilib”. Bəs, sən başqa sakinlərə, Fərhad Abbasova çıxarışı necə verirsən”?

“Burada xaos yaradan, vətəndaşı dövlətə qarşı qaldıran mənəm, yoxsa Günar Rəsulovadır?”

D. Ağayev nəzərə çatdırıb ki, o, 60 kavadratlıq mənzili üçün 150 manat kommunal haqqı verib: “10 dəfə artıq kommunal haqqı ödəyirdim. Binada istilik sistemi də yoxdur. Layihədə nəzərdə tutulub ki, binaya qaz veriləcək. Qazanxananı binanın damında tikiblər, qazı çəkib, ora qoyublar. Qazın kubunu 20 qəpiyə alıb, mənə 1 manat 20 qəpiyə satırdı. Səsimizi də ucaldanda işığımızı, suyumuzu kəsirdilər. Həmin vaxtı da məhkmə qərar verdi ki, “bina qanunsuz tikilib, “Aslan” MTK-nın mülkü sayılmır. Bunların ev alıb satmağa, kommunal yığmağa ixtiyarı yoxdur”. Ondan 2 ay sonra, Gülnar Rəsulova akt bağladı, qonşuları aldatdı. Gülnar Rasulova özü qol çəkdi ki, Damətin işığını, suyunu kəsin. Həmin gün mən onunla ilə qonşuların mənzilinə getdim, mənə dedi ki, “get ödə, ödəməyə məcbursan. Niyə şirkətə qarşı çıxırsan? Binadan bir dənə çıxan sənsən”. Sonra “Azərişıq”la əlbir oldular, 16 min manat binaya haqsız yerə işıq pulu yazdılar. Guya ki, 10 min manatını keçdilər, “6 mini ödəməlisiniz”,-dedilər. Biz şikayət edəndə Gülnar Rəsulova Dövlət Təhlükəsizik Xidmətinə zəng etdi ki, Ağayev Damət  qonşularla Amerika səfirliyinin qarşısına çıxıb xaos yaratmaq istəyir. Burada xaos yaradan, vətəndaşı dövlətə qarşı qaldıran mənəm, yoxsa Günar Rəsulovadır? Və ən əsası da odur ki, dəfərlə deyib ki, prezidentin Fərhad Abbasovu bura gətirməyə gücü çatmayacaq. Çünki özü üçün pul yığır, binanın əyər-əksiyini də özü düzəldir”.

D.Ağayev əminliklə vurğulayır ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsində bu günə kimi işə baxılmağa qoymayan Zakir Qaralovun vaxtında Gülnar Rəsulova idi: “Mən ümid edirəm ki, Kamran Əliyev baş prokuror seçiləndən sonra bu iş nəzarətə götürüləcək, araşdırılacaq. Mənim ailəm və 85 mənzildə yaşayan insanların həyatı təhükədədir, lift qəzalı vəziyyətdədir. Çünki vəsait yoxdur ki, biz 80 minə lift alaq. Liftin biri xarab olub, o biri də qəzalı vəziyyətdədir. Ümid edirəm ki, Kamran Əliyev bizim tapdanmış hüquqlarımızın bərqərar olunmasına kömək edəcək. Mən cənab prezidentə müraciət edirəm ki, islahat aparın, Fuad Ələsgərovun şöbəsindən islahat aparın. İslahat aparırsınızsa, birinci Gülnar Rəsulovadan islahat aparın. Ən əsası da odur ki, Fərhad Abbasov erməni ilə dostluq edən şirkətin tərəfini saxlayır. Bu insan erməni ilə dostluq edir”.

D. Ağayev prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və baş prokuror Kamran Əliyevə müraciət edib: “Mən xahiş edirəm, bu işi nəzarətə götürün. Mən dəfələrlə çıxışımda demişəm, yenə də deyirəm, əgər mənim şikayətimə baxılmasa, mənə Azərbaycana düşmən olan dövlətdən birinə gedib, onlardan sığıncaq istəyib onların vasitəsilə çalsaçam ki, səsim cənab prezidentə çatsın, olunan haqsızlıqlar bilinsin. Ancaq mən bundan sonra səsimi çatdıra bilsəm də, çatdıra bilməsəm də başqa dövlətə sığıncaq istəməyimə görə cənab prezident nə qərar qəbul etsə, mən bir vətəndaşı kimi onu sevinclə qarşılayacam”.

Şamo EMİN, Hurriyyet.org

Redaksiyadan: Yazıda adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.