​Gülnarə Kərimova haqqında MƏHKƏMƏ QƏRARI DƏYİŞDİ

Baxış sayı:
25792

Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova Daşkənddə həbs olunub.
Bu barədə Lenta.ru ölkənin Baş prokurorluğuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, onun barəsində seçilmiş azadlığın məhdudlaşdırılması qətimkan tədbiri ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə ilə əvəzlənib.
2017-ci ilin dekabr ayında Gülnarə Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilsə də, yarım ildən sonra onun cəzası yüngülləşdirilərək beş il müddətinə azadlığın məhdudlaşdırılması (ev dustaqlığı) ilə əvəzlənmişdi.
Onun evini tərk etməsinə, həmçinin, rabitə-kommunikasiya vasitələrindən istifadə etməsinə qadağa qoyulmuşdu. Bununla belə, Kərimovanın məhkəmə icraçılarının tələblərinə məhəl qoymadığı bildirilirdi.
2018-ci ildə Kərimovanın ölkədən qaçaraq Dubaya pənah apardığı xəbəri yayılmışdı.
Qeyd edək ki, Gülnarə Kərimova ölkəsində vergidən yayınma, dövlət vəsaitlərinin talanı, şantaj yolu ilə pul alma və ofşor şirkətlərinin olduğunu sübut edən sənədləri bilərəkdən məhv etməkdə təqsirli bilinirdi.