​Gülənə yeni ittiham: “Silah almaq üçün PKK-ya 15 milyon dollar verdi”

Türkiyənin hökumətyönlü mediası Fətullah Gülənə qarşı yeni iddia ilə çıxış edib.
Bu dəfə Gülənin başçılıq etdiyi “paralel dövlət” PKK terror təşkilatına 15 milyon dollar maliyyə yardımı göstərdiyi, terror təşkilatının həmin pula silah aldığı bildirilir.
İddiaya görə, “Gülən camaatı” İraqın şimalında açılan 32 məktəbin təhlükəsizliyinin təmin edilməsi üçün PKK ilə anlaşma əldə edib.
Fətullah Gülənin adamları PKK-nın bu məktəblərə hücum etməməsi üçün terror təşkilatına 15 milyon dollardan çox rüşvət verib. Həmçinin vəd olunub ki, Türkiyənin təhlükəsizlik qüvvələrinin məktəblərə daxil olmasına icazə verilməyəcək.
PKK “paralel dövlət”dən aldığı pulu silahlanmaya xərcləyib. Gülənçilər İraqın şimalında fəaliyyət göstərən məktəblərdən ildə 15 milyon dollara yaxın gəlir götürüb(virtualaz.org).