Gülməli faciə

«İdman» telekanalında futbol üzrə «Real» və «Çelsi» komandalarının oyunlarına həmişə baxıram. Eləcə də, Rusiya klublarının...

Bu kanalda çoxdan bəridir ki, gülməli vəziyyət davam edir. Bütün günü telekanalda anonslar verilir, əsasən də futbol oyunlarının. Onları yoğun səsli bir cavan oxuyur. Bu adamın görünür, heç orta təhsili də yoxdur. Çünki oxuduğunun qramatikasından qətiyyən xəbəri yoxdur və o, hər gün ekranda həmin anonsları və elanları səsləndirir. Məsələn, belə: «Keçən görüşdə «Lester» (İngiltərə çempionatında axırıncı yeri tutur), «Çelsi»yə böyük hesabla uduzdu. Növbəti görüşdə görəsən, «Lester» qalib gələcək».

Yox, o, sual kimi oxumur, çünki durğu işarələrinin nə olduğunu qətiyyən bilmir. O, cümləni nöqtə kimi başa çatdırır, yəni «Lester» qalib gələcək.

Ay diktor bədbəxt, hardan bilirsən «Lester», «Çelsi»yə qalib gələcək?

Yox, o, kimin qalib gələcəyini bilmir və demək də istəmir, sadəcə, vurğunu düz oxumadığına görə belə alınır. Çünki vurğu nə olduğunu bilmir. Cümləni sual şəklində yox, nöqtə şəklində bitirir.

Görünür, telekanalda kiminsə ya qohumu, ya da tanışıdır. Yaxşı maaşlı iş kimi, gətirib oturdublar.

Məsələ gülməli olsa da, xırda məsələdir.

Amma bütövlükdə respublika miqyasında tamamilə vəziyyət eyni cürdür desək, yəqin ki, yanılmarıq.

Hər yerdə vəziyyət belədir. İctimai təşkilatlarda belə olduğu çox da üzə çıxmadığı üçün cəhənnəm, amma məsələn, Milli Elmlər Akademiyasında bu vəziyyət rüsvayçılıq şəklini alıb. Çünki akademiklər, müxbir üzvlər, əməkdar elm xadimləri tamamilə vurğu nə olduğunu bilməyən o oğlanın səviyyəsindədir, hətta ondan da pis səviyyədə. Çünki hamısı bir nəfərin göstərişi ilə akademik, müxbir üzv və ya əməkdar elm xadimi, əməkdar incəsənət xadimi seçilir, yəni təyin olunur. Xüsusilə, fəlsəfə və ədəbiyyat sahələrində, eləcə də, kimya, fizika, riyaziyyat və başqa dəqiq elmlərdə vəziyyət tamam bu cürdür.

Ona görə gülməlidir ki, bir var, orda-burda vəziyyət belə ola, bir də var, hər yerdə.

Allah bizim dadımıza çatsın.

Əlisa Nicat