​Güləllənən çinar

(Hekayə)

-Sabahın xeyir.
-Aqibətin xeyir, necəsən?
-Belə də, pis yatmışam. Gecə isti idi.
-Hə... bu gün də çox istidir.
-Gecə yenə atırdılar. Eşidirdin?
-Hə, həmişəki kimi. Bayaq dedilər kəndin girişindəki kiçik çinara da güllə dəyib, o uzun budaqlı var idi ha. Yazığın gövdəsindən səhərə kimi şirə axırdı.
-Yaxşı da? Onun “anası” da işğal vaxtı yanıb kül olmuşdu, deyəsən top mərmisi düşmüşdü üstünə. İndi də yazığın özünə güllə dəydi, eh...
-Bədbəxt. Görəsən erməni güləsi dəyib, ya bizimkilərin?
-Nə fərqi var? Onu bilirəm ki, bütün gövdəsi deşilib, halı çox pisdir.
-Ay Allah, onun nə yaşı var ki?
-Elədir, hə. Buralarda sonuncu müharibə başlayanda, o lap balaca idi.
-Doğrudan? Mən o vaxt heç yox idim, deyirlər yaman dəhşətli olub.
-Hə, düz deyirlər, bəzi şeylər mənim yadıma gəlir; məndən bir az aralı tut ağacının budağından düz 6 adam asmışdılar, hətta 7-cini asanda böyük budağı sınmışdı da.
-Vay, vay, yazıqlar. Gör indi tut nə qədər əziyyət çəkib.
-Hə, ölənə qədər yadına salıb ağlayırdı.
-Yazıq.
-Yaxşı, səncə bu işlərin axırı necə olacaq? Deyirsən torpaqları sülhlə qaytaracaqlar? Ya müharibə olacaq?
-Vallah nə deyim, eşitdiyimə görə aradabir danışıqlar gedir, güya ki, haçansa qaytaracaqlar.
-Hm? Amma qaytarsalar, işimiz bitti.
-Niyə? Nəyə görə?
-Azərbaycan tərəfdə yaşayan bir tanış şam ağacı var, arada mənə küləklərlə xəbər göndərir. Deyir ki, Azərbaycanda ağacları kəsib yerinə mənasız obyektlər tikirlər, nə bilim mərmərdən park-zad salırlar. Bunlar cəhənnəmə, yerli ağacları kəsib, yerinə Afrikadan, Amerikadan ağac gətirirlər ki, bəs belə daha gözəldir.
-Aaaa, məgər onlar bizim torpaqda yaşaya bilirlər ki?
-Yox da, onlar da yazıqlar bir müddət sonra quruyurlar, ölürlər.
-Dəhşət! Bəs xalq bunun qarşısını almaq üçün heç nə eləmir? Niyə qoyurlar ki, ağacları qırsınlar?
-Qəribə ağacsan e, millət nəyisə fikirləşsəydi, 20 ildən artıq içi biz qarışıq bu torpaqları düşmən tapdağında saxlayardı? Bu torpaqlarda müharibə olardı?
-Hm, o da düzdü...
-Odur ki, elə belə yaxşıdır, çünki o tərəfdəkilərin əlinə düşsək...
-Nə olacaq ki?
-Bizi də kəsəcəklər.
Rüzgar Mövsüm