Güclü külək Bakıda fəsadlar törətdi

Baxış sayı:
6244

Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da, külək yük avtomobillərini aşırıb, reklam lövhələri yararsız hala düşüb... Öncədən məlumat verildiyi kimi, yanvarın 17-də Azərbaycanda hava şəraiti kəskin şəkildə dəyişdi. Dağıdıcı tufan, çovğun, qar müşahidə olunmasa da, güclü külək, sulu qar və yağış yağdı, temperatur +2 dərəcəyədək endi. Öncə ona diqqət edək ki, yanvarın 16-da müvafiq qurumlar hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı açıqlama yaydıqdan sonra, sosial şəbəkələrdə müxtəlif şayiələr yayılmağa başlamışdı. Səs yazıları yayıldı ki, guya hava vasitəsilə əslində Azərbaycana “donuz qripi” virusu gələcək. Ona görə də məktəb və uşaq bağçaları fəaliyyətini dayandırıb. Bəzi şəxslər hətta mağazalara yollanıb, çörək, bir neçə günlük qidalar almağa başladılar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qərargah yaradaraq, yanvarın 16-dan etibarən operativ şəkildə hava ilə bağlı məlumatları ictimaiyyətə çatdırdı. Bu, insanların bir qədər sakitləşməsinə səbəb oldu. Məlumatlara əsasən deyə bilərik ki, günün müxtəlif saatlarında şimal-qərb küləyi 20-25 metr saniyədən 30-35 metr saniyəyədək gücləndi. Açıq dənizdə isə küləyin sürəti arabir 38-40 metr saniyəyədək şiddətləndi. Dalğanın hündürlüyü 3-5 metr, sonrakı inkişafda 6-8 metrə qalxdı. Lakin hava şəraiti ilə bağlı ölkədə ciddi qəza baş vermədi. Soyuq hava şəraitində evsizlərin küçədə donmasının qarşısını almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində çalışdılar. Sığınacaqdan “Yeni Müsavat”a bildirildi ki, yanvarın16-dan etibarən sığınacaqlara baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan şəxslər qəbul edilib. Hava şəraiti kəskin soyuduqdan sonra küçədə aşkarlanan 1957-ci il təvəllüdlü Rasim Abdullayev Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sığınacağa gətirilib. Əvvəldən isə ora sığınanların sayı 40 nəfər olub. Sığınacaqdan bildirilib ki, hava şəraiti ilə bağlı proqnozu alan kimi gücləndirilmiş iş rejiminə keçiblər və hazırda da bu tempdə işlərini davam etdirirlər. Yanvarın 16-dan 17-nə keçən gecə xəsarət alaraq xəstəxanalara müraciət edən olmayıb. Bu barədə Report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hava şəraitinə görə xəsarət alan olmayıb. Onu da qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev ölkə əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşüb və onlara gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib. Eyni zamanda digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqramlar göndərilib. Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib. Xəsarət alan olmasa da paytaxtın bəzi hissələrində küləyin təsiri ilə reklam lövhələri, plakatlar aşıb, hətta dayanacaqlar istifadəsiz hala düşüb. Nəqliyyatların hərəkətinə gəlincə isə Bakı Nəqliyyat Agentliyi də gücləndirilmiş rejimə keçərək, prosesə nəzarət etməyə çalışıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakı-Ələt yolunda yanvarın 17-də küləyin təsirindən iki yük maşını aşıb. Hadisənin videogörüntüləri də paylaşılıb. Hüseyn Cavid prospektində dayanacağın pavilyonu uçub. Hadisədən sonra BNA-nın əməkdaşları hadisə yerinə cəlb olunub, mövcud problemi aradan qaldırıblar. Hadisə nəticəsində “Bakı Kart”a məxsus ödəniş terminalı da zərər görüb. Bakı Nəqliyyat Agentliyindən “Yeni Müsavat”a bildirib ki, yanvarın 17-si səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxarılması təmin edilib. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə agentliyin mobil qrupları nəqliyyat mübadilə mərkəzlərində və şəhərin müxtəlif ərazilərində xidmət aparır. BNA sürücülərə tövsiyə edib ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər. BNA bəzi prospektlərdə sürət həddini də aşağı endirib, belə ki, müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat həcmində endirilib. Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub. Sosial şəbəkələrdə müxtəlif istifadəçilər küləyin təsirindən evlərinin pəncərəsinin, binalarının giriş qapılarının qırılması kimi müxtəlif məlumatlar paylaşıblar. Bəs bu cür hava şəraiti nə zamana qədər davam edəcək? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yeni Müsavat”a bildirilib ki, yanvarın 18-i günün ikinci yarısından etibarən külək mülayimləşəcək. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 4-6 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yuxarı 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq. Rayonlara gəlincə isə havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.