“Əgər ərinin günahsızlığına bunca əmindisə, o zaman…” - DİN-dən reaksiya

Baxış sayı:
7735

“Ucar rayonunun Qazıqumlaq kənd sakini Mətanət Məmmədovanın “Azpolitika.info” saytının 7 oktyabr 2019-cu il tarixli xəbər buraxılışında yerləşdirilmiş müraciətində həyat yoldaşı Feyruz Məmmədova qarşı guya haqsızlıq edilməsi, işləmədiyi bir cinayətə görə ağır maddə ilə ittiham olunması və digər bu kimi iddiaları həqiqəti əks etdirmir və qərəzlidir”.

Bu fikirlər Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadənin “AzPolitika.info”nun elektron poçtuna göndərdiyi məktubda əks olunub.

Qeyd edək ki, Ucar rayonu Qazıqumlaq kənd sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində kirayədə yaşayan Məmmədova Mətanət Fazil qızının həyat yoldaşının haqsızlığa məruz qaldığına, etmədiyi bir cinayətdə ittiham olunaraq həbs edildiyinə dair Prezidentə müraciəti dünən saytımızda yayımlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis isə müraciətdə göstərilənlərin həqiqəti əks etdirmədiyini bildirərək, qeyd edib: “Guya heç bir sübut və şahid olmadan Cinayət Məcəlləsinin quldurluq maddəsilə ərinə qarşı ittiham elan edilməsindən və bütövlükdə Binəqədi Rayon Polis İdarəsində aparılmış istintaqdan şikayətçi olan bu xanım oxuculara cinayət və cinayət-prosessual hüququndan az qala “dərs keçmə”yə çalışır, cinayət işini aparan müstəntiqi ərinin ittiham edildiyi maddələri qərəzli formada düzgün tövsif etməməkdə günahlandırır.

Əslində məsələ belədir.Ötən il dekabrın 5-də qabaqcadan əlbir olan bir qrup şəxs paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən mərmər sexinin həyətinə yük maşını ilə qanunsuz daxil olaraq orada mühafizəçi işləyən Kamal Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, obyektdən 1000 (min) manat dəyərində mərmər materialını ələ keçirmişlər. Fakta görə toplanmış materiallar əsasında elə həmin gün Binəqədi RPİ İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 181.2.1., 181.2.3 və 181.2.5. maddələri ilə cinayət işi açılmışdır.

Polis əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirlərilə sözügedən cinayətin Feyruz Məmmədov və Məmmədalı Quliyev tərəfindən törədilməsi müəyyən edilib. Hər iki şəxs əvvəlcə şübhəli şəxs qismində tutulub, qeyd olunan maddələrlə ittiham elan edilərək barələrində “həbs” qətimkan tədbiri seçilib.

İndi F.Məmmədovu ictimai rəyə günahsız obrazında təqdim etməyə çalışan, həmin cinayət işi üzrə guya heç bir sübut və şahid olmadığını deyən şikayətçi xanımın iddialarının əksinə olaraq, araşdırma zamanı hər iki şəxsin təqsiri sübuta yetirilmiş, istintaq tamamlanaraq iş ittiham aktı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Müraciət müəllifinin özünün də qeyd etdiyi kimi, bu günlərdə məhkəmə tərəfindən həmin iş üzrə artıq hökm də veriləcəkdir.

Əgər M.Məmmədova ərinin günahsızlığına bunca əmindisə, o zaman haqlı olduqlarını hüquqi müdafiə çərçivəsində, məhkəmə araşdırmasının gedişində və ya sonra həyata keçirməyə çalışmalıydı. Lakin məlum prosesin sonunda vəzifə borcunu yerinə yetirən müstəntiqi ittiham etmək, barəsində böhtan xarakterli məlumatlar yaymaq açıq-aşkar qərəzdən xəbər verir ki, bu da hüquqi məsuliyyət doğurur”.