GÖZLƏR PUTİNDƏ - Hamı onun qərarını gözləyir...

Baxış sayı:
250

Neft ixrac edən ölkələrin energetika nazirləri bu gün Vyanada toplaşır və bu kritik məsələ barədə qərar verəcəklər: hasilatın azaldılmasına dair OPEC+ razılaşması qüvvəsində qalır, ya yox?

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı OPEC üzvləri arasında ümumi razılaşma yoxdur. Çünki hamı kartelə daxil olmayan ölkənin-Rusiyanın prezidenti Vladimir Putinin yekun qərarını gözləyir.

Sual yarana bilər: axı ötən həftə Putin Argentinada G20 sammiti zamanı Səudiyyə vəliəhdi, jurnalist Camal Xaşoginin xüsusi amansızlıqla öldürülməsini əmr etdiyi üçün qərblə münasibətləri korlanan Muhammed bin Salmanla xüsusi mehribanlıqla görüşüb. Və elan edilib ki, Putinlə vəliəhd Salman arasında neft hasilatının azaldılmasına dair anlaşma əldə edilib. Həmin xəbərlərin təsiri ilə neft dərhal bahalaşdı, “Brent” neftinin qiyməti bir gündə 5 faizə qədər artdı. O zaman Putin nədən tərəddüd edir və hələ yekun qərar verməyib?

Məsələ burasındadır ki, “Reuters”in bildirdiyi kimi Putin hasilatın azaldılmasının tərəfdarıdır, amma bu ixtisarda Rusiyanın payının daha az olmasını istəyir. İndiyə qədər Rusiyanın payına hasiltın gündə 300 min barrel azaldılması düşürdü, amma Putin istəyir ki, bu pay 100-150 min barrelə qədər azaldılsın. OPEC-də isə buna müsbət baxmırlar: bir halda ki, hasilat azaldılır, o zaman anlaşmanın bütün iştirakçılarına bərabər yük düşməlidir.

 

“Bloomberg” OPEC-in Vyana toplantısına yola düşən nümayəndə heyətlərindən birindəki mənbələrə istinadən bildirir ki, Moskva hasilatın ixtisar edilməsinə könülsüz yanaşır. Amma yekun qərarı Putin verəcək. Agentliyin bildirdiyinə görə energetika naziri Aleksandr Novak Putinlə operativ danışıqlar aparmaq üçün Sankt-Peterburqa uçmağı planlaşdırır. Nazir hasilatın azaldılmasının Rusiya üçün sərfəli olacağına Putini inandırmalıdır.

Bildirilir ki, yalnız Rusiyanın mövqeyinin qətiləşməsindən sonra OPEC üzvləri danışıqları davam etdirəcəklər. Çünki Moskvanın dünya neft bazarında payı Səudiyyə Ərəbistanını çıxmaqla OPEC-in qalan üzvlərinin payından çoxdur. “Biz hasilatın əhəmiyyətli dərəcədə azaldılması məsələsində Rusiyanın müqaviməti ilə qarşılaşmışıq”-anonim mənbə belə deyib.

Əvvəlcə Səudiyyə Ərəbistanı və OPEC ölkələri hasilatın sutkada 1.3 milyon barrel azaldılmasında anlaşmışdılar. Bu zaman Rusiyadan hasilatı 300-350 min barrel azaltmaq tələb olunurdu. Rusiya isə buna razılaşmadı. İndi məlum olub ki, OPEC-də hasilatın sutkada 1 milyon barrel azaldılması variantı müzakirə olunur. Qeyd edək ki, əvvəlki razılaşmada hasilatın 1.8 milyon barrel azaldılması yer alırdı.

Əgər hasilatın azaldılması barədə razılaşma əldə olunsa analitiklər neftin dərhal bahalaşacağını, yenidən 70 dollara qalxacağını proqnozlaşdırırlar. Lakin neftin qiyməti məsələsində üç əsas oyunçudan birinin (Putin və Salmandan başqa)-ABŞ prezidenti Donald Trampın mövqeyini də hesaba almaq lazımdır. Amerikanın CNBS telekanalı bildirir ki, OPEC-in bir sıra mühüm üzvləri Trampın təzyiqləri ilə üzləşiblər. Onlardan tələb olunur ki, hasilatı azaltmağa qarşı çıxsınlar.

Tramp özü isə Tvitter-də OPEC-i tənqid edib. “Mən ümid edirəm ki, OPEC neft axınını indiki şəkildə saxlayacaq, məhdudiyyətlər olmadan”-Tramp yazıb.

“Dünya daha yüksək neft qiymətləri görmək istəmir və buna ehtiyacı yoxdur”-ABŞ prezidenti bildirib.

Analitiklər qeyd edirlər ki, əgər hasilatın əhəmiyyətli şəkildə-1.3 milyon barrel azaldılması barədə anlaşma əldə edilməsə, OPEC 1 milyon barreldə anlaşsa bunun neft qiymətlərinə ciddi təsiri olmayacaq, əksinə, qiymətlər aşağı düşməkdə davam edəcək.

Hələlik isə birjalarda neftin qiyməti OPEC-də hökm sürən tərəddüdlərin təsiri ilə kəskin-3 faizdən çox aşağı düşüb. Hazırda “Brent” markalı neft (saat 14.30-a olan məlumat) 59 dollardan bir qədər baha satılır...