Gözəl Bayramlıya əsa vermirlər

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının səhhətində problemlər var.
 
Jurnalist Əfqan Muxtarlı və "Kanal 13" İnternet resursunun rəhbəri Əziz Orucov isə istintaqdan narazıdır. Bu haqda vəkil Elçin Sadıqov məlumat verib. Vəkil avqustun 4-də onlarda Bakı İstintaq Təcridxanasında görüşüb.
Vəkilin sözlərinə görə, G. Bayramlının səhhəti günü-gündən pisləşir.
"Gözəl Bayramlının səhhəti ağırlaşır. Sol ayağı iflic ola bilər. İndiyədək hər hansı zəruri tibbi yardım da göstərilməyib. Sərbəst yeriyə, ayağa qalxa, otura bilmir".
Vəkilin bildirdiyinə görə, AXCP sədrinin müavininin rahat hərəkət etməsi üçün əsaya ehtiyacı var. Müdafiə tərəfi gərəkli qurumlara müraciət etsələr də, G.Bayramlıya əsa verilmir. E.Sadıqov "Kanal 13" İnternet resursunun rəhbəri Əziz Orucovun səhhətinin yaxşı olmadığını bildirib.
"Səhhətindəki problemlər qalır. İstintaqdan narazıdır. İttihamın hüquqi tərəfləri haqda ona bilgi verilmir. Onun hansısa qrant müqavilələrini imzalamaq, hər hansı sərəncam vermək səlahiyyəti olmayıb. Ancaq ittihamlar bununla bağlıdır", - vəkil deyib.