"Gözəl Bayramlının səhhətində ciddi problem yoxdur" - TƏCRİDXANA RƏİSİ

"Gözəl Bayramlının səhhəti ciddi narahatlıq doğurmur, o, həkim nəzarətindədir, simptomatik təyinatlar icra edilir".
 
Bu barədə 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovun Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavini Gözəl Bayramlının vəkilinə göndərdiyi məktubda deyilir.
Vəkil Elçin Sadıqov bildirib ki, G.Bayramlının səhhətindəki ciddi problemlərin həlli üçün lazımi addımların atılması məqsədi ilə müdafiəçilər təcridxana rəhbərliyinə müraciət edib.
Bakı İstintaq Təcridxanasının rəisi cavab məktubunda qeyd edib ki, G.Bayramlı təcridxanaya gətirilərkən tibbi müayinədən keçirilib.
“O, ilkin tibbi müayinə zamanı səhhəti ilə bağlı şikayət etməyib. 2014-cü ildə çənə artrozuna görə əməliyyat keçirdiyini, qaxanabənzər vəzinin funksiyasının pozulmasına görə azadlıqda olarkən müalicə aldığını bildirib. Ancaq təsdiqedici sənəd təqdim etməyib. Gözəl Bayramlı qanın ümumi, biokimyəvi analizlərindən, rentgendən və USM müayinələrdən keçirilib. Nəticədə müalicə tələb edən patoloji dəyişiklik müəyyən edilməyib", təcridxana rəisi yazıb.
Məktubda vurğulanır ki, vəkilərin müraciətindən sonra G.Bayramlı təkrar müayinə olunub.
"G.Bayramlı yenidən təcridxananın tibb-sanitar hissəsində klinik, laborator və instrumental müayinələrdən keçirilib. Travmatoloq, terapevt tərəfindən konsultasiya edilib. Nəticədə G.Bayramlının laborator analizlərinin, qalxanvari vəzinin fəaliyyətinin göstəricilərinin norma civarında olduğu, mədəsində kəskin iltihab əlamətlərinin olmadığı, hərəkətinin məhdudlaşmadığı, çeynəmə və danışığında maneə olmadığı müəyyən edilib. Gözəl Bayramlı əməkdaşımızla söhbətində tibbi xidmətdən narazı olmadığını bildirib. Ona bildirilib ki, barəsində olan tibbi sənədləri təqdim etməsi vacibdir", təcridxana rəisinin vəkillərə ünvanlanan məktubunda qeyd edilib.
G.Bayramlı həbs ediləndən sonra vəkilləri onun səhhətində ciddi problemlərin olması, hərəkət etməkdə çətinlik çəkməsi barədə açıqlamalar verib. G.Bayramlının özü də məhkəmələrdə səhhətində ciddi problemlərin olduğunu diqqətə çatdırıb. Onun vəkilləri dəfələrlə xanım Bayramlıya əsa verilməsini təcridxana rəhbərliyindən xahiş edib.
AXCP sədrinin müavinin bir qrup tərəfdarı onun səhhətindəki problemləri diqqətə çatdırmaq üçün Ədliyyə Nazirliyinin önünə etiraz aksiyası keçirib.
Gözəl Bayramlı mayın 25-i Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.
Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.
"İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib", məlumatda deyilir.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub.