Gözəl Bayramlının apellyasiya şikayətinə baxılıb

Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
 
Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, G.Bayramlının apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata əsasən, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.