“Göytəpə”də narkotik əməliyyatı - Saxlanılanlar var

Baxış sayı:
11365

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sərhəd mühafizəsinin etibarlı təminatı sahəsində tədbirlər davam etdirilir.
DSX-dən BakuPost-a verilən məlumata görə, 2018-ci ilin 30 sentyabr tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına nail olunub.
Həmin tarixdə saat 03:10 radələrində alınmış əməliyyat məlumatı əsasında DSX-nin Sərhəd Qoşun­larının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, Yardımlı-Arus kəndi istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilib, "VAZ-2107” markalı, 90-BB-979 və "Mercedes” markalı, 90-BK-471 dövlət qeydiyyat nömrə nişanlı avtomobillər baxış keçirilməsi üçün saxlanılıb.
Saxlama zamanı "Mercedes” markalı avtomobilin sürücüsü tabesizlik göstərib və Masallı rayon istiqamətində hərəkət edərək 1 kq narkotik maddəni əraziyə atıb. Qarşılıqlı əlaqədə olan Masallı rayonu polis şöbəsinin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılıb, avtomobildə olan bir nəfər şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, meşəlik əraziyə qaçmağa nail olub.
Əraziyə və avtomobillərə baxış zamanı 8600 qram "heroin” və "tiryəkə” bənzər narkotik maddə aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyətləri dəqiqləşdirilib, onların Yardımlı rayon sakinləri 1974-cü il təvəllüdlü Şirbəyev Habil Yaşılxan oğlu, 1983-cü il təvəllüdlü Qurbanov Zaur Camalxan oğlu və Salyan rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Malik İlyas oğlu olmaları müəyyən edilib. Hadisə yerindən qaçmış dördüncü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.
Hadisə ilə əlaqədar DSX-nin istintaq və təhqiqat idarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.