Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində rüşvəti "torba ilə yığırlar" - TƏHSİL NAZİRİNƏ SENSASİON MÜRACİƏT / Fotolar

Baxış sayı:
3103

Göyçay rayon sakini, təqaüdcü müəllim İsfəndiyar Əliyev tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllifin məktubunu olduğu kimi dərc edirik:
"Hörmətli redaksiya!
Sizin portal mütəmadi izlədiyim və dürüstlüyünə güvəndim bir neçə mətbuat orqanlarından biridir. Hər zaman işıqlandırdığınız problemlərin, aktual məsələlərin həllini tapması üçün onu diqqətdə saxlamağınız sizin peşəkarləğınızdan xəbər verir. Mən özüm təqaüddə olan müəllim olaraq, bu gün təhsildə baş verən neqativ halları və bəzilərinin müəllim adına ləkə gətirdiyi əməlləri  görəndə cox üzülürəm. Bu yaxınlarda qarşılaşdığım bir mənzərədən çox mütəssir oldum.
Nəvəm Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin birinci kursunda təhsil alır. Keçirilən qış sesiyasında imtahanları başa vursa da, sonda nəticələrinin yaxşı olmadığını, daha dogrusu 5 imtahandan keçmədiyini ona bildiriblər. Baxmayaraq ki, bu məsələ özü çox şübhəlidir. Çünki nəvəmin bildirdiyinə görə, o, imtahanlarda da nəticə olmalıydı. 
Onun qiymətləndirilməsinin bu cür olması və ondan bunun qarşılığında pul tələb edilməsinə görə üz tutdum bu kollecə. Yolum uzun olsa da, ən azı keçmiş müəllim kimi burda görüşə biləcəyim insanla daha rahat dil tapa biləcəyimi düşünürdüm. Amma necə deyərlər, sən saydığını say gör kollecin direktoru, müəllimələri nə sayır.
İlk içəri girdiyimdə çox təəccübləndim, tələbələrin əlindəki vərəqləri görəndə, "bunlar nədi" deyə nəvəmdən soruşdum. Nəvəm isə "baba, bunlar pulun verib imtahan vərəqin alıb, cavabları yazmaq üçün yığışıblar". 
İkinci mərtəbədə isə əsl növbə vardı. Tələbələr, valideynlər baglı qapı arxasında ayaqüstə gözləyirdilər. Əlacsız qalaraq biz də gözləməli olduq. Nəhayət, təxminən iki saata yaxın vaxtdan sonra içəri buraxdılar. Uşaqla bağlı məsələni öyrənmək üçün girdiyim otaqda bir neçə qadın müəllimə yığılmışdı. İçəridə sözün əsl mənasında açıq bazarlıq gedirdi. Açıq-aşkar imtahan kəsrlərinə görə otaqda olanlardan pul alınır, olmayana vaxt verilir və bu pulu verənlərə imtahan vərəqləri verilirdi. Mən də nəvəmlə bağlı deyəndə, nəsə hesablayırlar kimi kalkulyatorla nəyisə vurub-çıxıb, sonda 232manat pul istədilər. Etirazıma isə "ağsaqqal, bizə belə deyiblər, narazısınızsa direktoru görün", - deyə cavab verdilər. Əlacsız direktorun yanına yollandım və gözümün önündə uzun illər işlədiyim və gördüyüm direktor siması canlansa da, görüyüm insan tamam başqa cür oldu. Gəldiyimin səbəbini deyəndə, vallah, bu adam səsini başladı ucaltmağa: "Sənin niyə nəvən oxumur, burda oturub hamının problemin həll edəsi deyilik ki?! Nə deyirlər onuda verin, qiymətin alsın". Bu pulun çox olduğunu deyəndə, "yox, ondan az olmaz" - dedi.
Açığı, gəldiyimə peşman oldum. Nəvəmin üzündə yaranan məyusluq, onun ürəyini qırmamaq üçün bu pulu əyani şöbədə oturan qadınlara verdim. Yenə əsl mənzərə: pul alan kim, vərəq axtaran kim, stolun üstünə yığılan topa-topa pulu dəstələyən kim. Həmin vaxt içəridə oldugumuz on beş dəqiqa zaman müddətində biz bərabər bəlkə bir neçə nəfərdən təxminən3000-4000 manat pul yığdılar. Hətta bir nəfər tələbədən 500 manat pul aldılar. 
Burdan çıxıb, rayona qayıdıb gəldim və İsmayıllı dövlət humanitar və texnologiya kollecində olan müəllim dostuma zəng edib, başıma gələnləri danışdım və inanılmaz məlumatlar aldım.

Hörmətli redaksiya!
Sən demə birinci kurslara imtahan deyilən bir şey olmur, bu, özfəaliyyətdir və böyük qanun pozuntusudur. Birinci kurslarda böyük summativ qiymətləndərmə olur və fənn müəllimi tərəfindən aparılır. Buna heç kim müdaxilə etmir. İkincisi, bu qərar sırf rüşvət yığmağa və bu təhsil ocağında bir neçə nəfərin varlanmağına xidmət edir. Bu zaman bir həqiqəti də dərk etdim ki, nəyə görə tələbələrə saxta tərtib etdiyi imtahanlar haqqında yalan məlumat verilir. Bu kəsri çox göstərmək çox rüşvət yığmaq üçün fikirləşilib. 
Bura yığılan valideyn və tələbələrin ah-naləsi yerə göyə sığmırdı. Hər kəs burda insafsızlıqdan, tüğyan edən rüşvətdən "əl aparıb, qan gətirirdi". 
Sonda  bu məsələləri diqqətdə saxlamağınızı, təhsilə ləkə vuran bu şəxsləri ifşa etməyinizi və təhsil naziri cənab Ceyhun Bayramova burda olanları çatdırmağınızı istəyirəm. Cənab nazirdən həyatının 38 ilini təhsilə həsr edən bir qocaman müəllim kimi təhsil ocaqlarını bu cür insanlardan təmizləməyi xahiş edirəm. Rüşvət yığan bu direktoru (adı İrşad oldu, səhv etmirəmsə) onun şöbədə pul yığan qadın müəllimələrin cəzalandırılmasın rica edirəm. Biz hər zaman öz şagirdlərimizə qayğı göstərməyi, təhsil verməyi düşünmüşük. 
Sonda sizə burda çəkilən bir neçə faktı (pulunu verən tələbələrin aldığı vərəqlərin şəkillərin nəvəmə çəkdirdim)göndərirəm".




Muxalifet.az
Redaksiyadan. Mövzu ilə bağlı araşdırma aparacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.